“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü təsadüfən təsis edilməyib. Bu günün məqsədi dünya ictimaiyyətinə, dövlətlərə və beynəlxalq təşkilatlara uşaqların hüquqlarının qorunmasının vacibliyini daim xatırlatmaqdır.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim-mənim hüquqlarım” mövzusunda konfransda media nümayəndələrinə açıqlamasında bildirib.
Komitə sədri qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir və onların sağlam, təhlükəsiz, firavan mühitdə böyüməsi gələcəyin təminatı deməkdir:
“Azərbaycan da uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq öhdəliklərə sadiqdir. Ölkəmizdə uşaqların hüquqlarının qorunması, inkişafı, sağlamlığı, bərabərliyi və cəmiyyət həyatında iştirakının təmin olunması istiqamətində geniş qanunvericilik bazası və effektiv mexanizmlər formalaşdırılıb. Eyni zamanda, dəyişən dövrün tələblərinə uyğun olaraq bu sahədə təkmilləşdirmə işləri davam etdirilir”.
B.Muradova onu da əlavə edib ki, Azərbaycan dövləti uşaqların təhlükəsiz və firavan gələcəyinin təmin olunmasını prioritet istiqamətlərdən biri hesab edir:
“İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, insanların öz doğma yurdlarına qayıdışı da bu siyasətin mühüm tərkib hissəsidir. İnsanların öz evində yaşaması, doğulduğu torpağa qayıtması onların ən fundamental hüquqlarındandır”.
O həmçinin vurğulayıb ki, hazırda həssas qrupların, müharibədən zərər çəkmiş ailələrin problemlərinin həlli istiqamətində işlər davam etdirilir, qanunvericilik bazası daha da möhkəmləndirilir:
“İnanırıq ki, yaxın gələcəkdə mövcud çətinliklər də aradan qalxacaq. Fürsətdən istifadə edərək bütün valideynləri övladlarının təhsilinə, inkişafına və tərbiyəsinə daha çox diqqət ayırmağa çağırıram. Arzumuz budur ki, heç bir uşaq zorakılıqla üzləşməsin, zərər görməsin və öz potensialını reallaşdırmaq üçün maneələrlə qarşılaşmasın”, - deyə B.Muradova qeyd edib.