Modern.az

Köçəryan Qarabağı unuda bilmir: "...saxlamaq mümkün idi"

Köçəryan Qarabağı unuda bilmir: "...saxlamaq mümkün idi"

Aktual

Bu gün, 14:48

“2022-ci il oktyabrın 6-da imzalanmış Praqa bəyannaməsindən əvvəl Qarabağı o dövrdə mövcud olan quruluşu qoruyaraq saxlamaq mümkün idi”.

Modern.az xəbər verir ki, bunu Rusiyanın RBK kanalına müsahibəsində “Ermənistan” blokunun baş nazirliyə namizədi, ölkənin keçmiş prezidenti Robert Koçaryan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Qarabağda baş verənləri izah etmək üçün çox sadə bir sxemi var: “Rusiya sülhməramlıları orada idi, niyə erməniləri qorumadılar?”

Köçəryan əlavə edib ki, Qarabağ ona görə itirildi ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Rusiya ilə məsləhətləşmədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanatı imzaladı.

“Rusiya sülhməramlıları Qarabağda həyat fəaliyyətini təmin edirdi. Bu, çox kövrək bir quruluş idi, çünki o, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsbit olunmamışdı, sülhə məcburetmə mexanizmləri yox idi. Model belə idi ki, Rusiyanın himayəsi altında Azərbaycan prezidenti və Ermənistanın baş naziri sülhməramlıların mövcudluğu barədə razılığa gəlmişdilər. Lakin tərəflərdən biri bu quruluşdan çıxan kimi, o dağıldı”, – deyə Koçaryan qeyd edib.

Onun qiymətləndirməsinə görə, Ermənistan Praqada bu quruluşdan çıxdı və sonra belə dedi: “Siz Azərbaycanla özünüz razılaşın, Qarabağ artıq mənim mövzum deyil.”

Keçmiş prezidentin fikrincə, Ermənistan həmin dövrdə düşünülməmiş addım atıb. O xatırladıb ki, bu, Rusiyanın Ukrayna cəbhəsində müəyyən uğursuzluqlar yaşadığı dövr idi.
“Düşünürəm ki, Ermənistan hakimiyyətini ya inandırıblar, ya da onlara elə gəlib ki, hər şey dağılır, Rusiya həllolunmaz problemlərə qərq olur və bu razılaşmalardan çıxmaq üçün ən münasib vaxtdır”, – deyə Koçaryan izah edib.

Onun fikrincə, Ermənistan hakimiyyətinin əsas motivasiyası məhz bu olub və onlar səhvə yol veriblər. 

Köçəryan vurğulayıb ki, Ermənistan prezidentləri arasında sərhəddə hətta orta miqyaslı insidentin belə baş vermədiyi yeganə dövr onun prezidentliyi vaxtı olub. Keçmiş prezident qeyd edib ki, həmin dövrdə Ermənistan hakimiyyəti Azərbaycanla fəal danışıqlar aparır və danışıqlar prosesində irəliləyiş əldə olunurdu.

“Hakimiyyətə gələcəyim təqdirdə müharibə olacağını deyən şəxs (Paşinyanı nəzərdə tutur) öz siyasəti ilə üç müharibəyə səbəb olub, Ermənistanın suveren ərazisinin 200 kvadrat kilometrdən çox hissəsinin itirilməsi ilə nəticələnib və Qarabağda müharibəni təhrik edib”, – deyə Robert Köçəryan fikrini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV