Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Cənubi Koreya (Cənubi) Respublikasına səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.
Modern.az xəbər verir ki, görüşdə səfir Ramin Həsənov BMU nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edib. O, həmçinin dünyanın qabaqcıl ölkələrindən biri olan Koreya ilə təhsil sahəsində əməkdaşlığın önəminə diqqət çəkib. Səfir BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində hazırda bu ölkədə sonuncu kursda təhsil alan tələbələrlə mütəmadi görüşlərin keçirildiyini, onların gündəlik qayğıları ilə daim maraqlandıqlarını söyləyib.
Rektor Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ötən il icra müddəti 2030-cu ilədək uzadılan proqram ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ texnologiyalardan yararlanaraq yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir. Rektor İNHA Universitetində təhsillərinin sonuncu kursunu davam etdirən 114 tələbəyə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Görüşdə elmi-akademik əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Cənubi Koreyaya səfərin əsas məqsədi BMU-İNHA İDP üzrə Rəhbər Komitənin iclasında iştirak və layihənin 2-ci mərhələsi üzrə əməkdaşlığın davam etdirilməsi barədə müqavilənin imzalanması, habelə təhsillərini hazırda İNHA Universitetində davam etdirən sonuncu kurs tələbələri ilə görüşün keçirilməsidir.