Modern.az

Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji gücünü təsdiqləyir

Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji gücünü təsdiqləyir

Aktual

Bu gün, 18:05

Bakı Enerji Həftəsinin beynəlxalq enerji platformasına çevrilməsi Azərbaycanın etibarlı tərəfdaş və qlobal enerji təhlükəsizliyində mühüm aktor kimi mövqeyini daha da gücləndirib.

Deputat Azay Quliyev Modern.az-a açıqlamasında bildirib ki, Xəzər Neft və Qaz Sərgisinin 30 il ərzində inkişaf edərək Bakı Enerji Həftəsinə çevrilməsi Azərbaycanın enerji strategiyasının uğurlu transformasiyasının və beynəlxalq enerji diplomatiyasının mühüm göstəricilərindən biridir.

“1994-cü ildə ilk dəfə keçirilən “Caspian Oil & Gas” sərgisi ilkin mərhələdə əsasən neft-qaz sektoruna yönəlsə də, bu gün Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi, yaşıl enerji, enerji keçidi, rəqəmsallaşma və regional əməkdaşlıq kimi qlobal gündəliyin əsas mövzularını əhatə edən nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu transformasiya Azərbaycanın artıq yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də müxtəlif dövlətlər, şirkətlər və beynəlxalq təşkilatlar arasında dialoqu təşviq edən mühüm enerji mərkəzi statusu qazandığını göstərir.

Bu gün Bakı Enerji Həftəsində onlarla ölkədən yüzlərlə şirkətin, dövlət rəsmilərinin, investorların və beynəlxalq ekspertlərin iştirakı tədbirin qlobal enerji gündəliyindəki mühüm yerini təsdiqləyir.

ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer kimi liderlərin tədbir iştirakçılarına rəsmi məktublar ünvanlaması onu göstərir ki, Bakı Enerji Həftəsi artıq təkcə sərgi və forum deyil, həm də geosiyasi və strateji əhəmiyyət daşıyan beynəlxalq platforma kimi qəbul olunur.

Xüsusilə Donald Tramp müraciətində Azərbaycanın regional enerji sabitliyindəki rolunu və ABŞ-Azərbaycan enerji tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan isə Bakı–Tbilisi–Ceyhan, TANAP və digər strateji layihələrin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri qeyd edərək Azərbaycan-Türkiyə əməkdaşlığını regional enerji təhlükəsizliyinin əsas sütunlarından biri kimi qiymətləndirib.

Bu mesajların siyasi mahiyyəti ondan ibarətdir ki, aparıcı dünya gücləri və müttəfiq dövlətlər Azərbaycanı etibarlı enerji tərəfdaşı, enerji marşrutlarının şaxələndirilməsində mühüm iştirakçı və Avrasiya məkanında sabitləşdirici aktor kimi dəyərləndirirlər. Xüsusilə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı dövrdə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təminatına verdiyi töhfə ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır.

Bakı Enerji Həftəsinə göstərilən yüksək maraq bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın enerji diplomatiyasını uğur hekayəsinə, geniş coğrafiyada sabitlik və inkişaf faktoruna, dövlətimizin iqtisadi gücünün və geosiyasi maraqlarının mühüm təminatçısına çevirib.

Dünya liderlərinin tədbirə müraciətləri isə Azərbaycanın beynəlxalq nüfuzunun, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş statusunun və qlobal enerji siyasətində artan rolunun beynəlxalq səviyyədə qəbul olunduğunu nümayiş etdirir”, – deputat vurğulayıb.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV