Modern.az

Sahib Məmmədov beynəlxalq konfransda çıxış etdi - FOTO

Sahib Məmmədov beynəlxalq konfransda çıxış etdi - FOTO

Aktual

Bu gün, 13:02

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası davam edir.

Modern.az xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov bildirib ki, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və layiqli əmək şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, bu siyasətin tərkib hissəsi kimi, ölkədə əmək hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə sistemli və məqsədyönlü tədbirlər görülür, normativ-hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilir, beynəlxalq əmək standartlarının tətbiqi genişləndirilir.

Konfederasiya sədri qeyd edib ki, sözügedən prioritetlər həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri ilə tam uzlaşır. O, AHİK-in əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial tərəfdaşlığın inkişafı sahəsində həyata keçirdiyi fəaliyyət barədə iştirakçılara ətraflı məlumat verib.

Bildirilib ki, yeni imzalanmış 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında sosial-iqtisadi və əmək münasibətləri sahəsində qarşılıqlı öhdəlikləri, razılaşdırılmış mövqeləri və birgə fəaliyyət istiqamətlərini müəyyən edən mühüm sənəddir.

Sahib Məmmədov vurğulayıb ki, AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən həm həmkarlar ittifaqları üzvlərinə, həm də üzv olmayan şəxslərə əmək hüquqları ilə bağlı ödənişsiz hüquqi məsləhət xidmətləri göstərilir. Eyni zamanda Konfederasiya Azərbaycan ilə BƏT arasında imzalanmış “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasında fəal iştirak edir və əmək hüquqlarının müdafiəsi, sosial dialoqun inkişafı və layiqli əməyin təşviqi istiqamətində həyata keçirilən tədbirlərə töhfə verir.

Gender bərabərliyi sahəsində görülən işlərdən bəhs edən Konfederasiya sədri qadınların idarəetmə və qərarqəbuletmə proseslərində iştirakının artırılması, iş yerlərində bərabər imkanların yaradılması və inklüziv əmək mühitinin təşviqi istiqamətində ardıcıl fəaliyyət həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, AHİK-də bu istiqamət üzrə müvafiq struktur bölmənin yaradılması gender məsələlərinə institusional yanaşmanın gücləndirilməsinə və “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın icrasına mühüm dəstək verir.

Çıxış zamanı sosial dialoqun inkişafı, Sosial-İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi, BƏT-in 187 saylı Konvensiyasının ratifikasiyası, eləcə də əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib. Sahib Məmmədov bu tədbirlərin əmək münasibətlərinin daha səmərəli tənzimlənməsinə, işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsinə və sosial tərəfdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

AHİK sədri Sahib Məmmədov Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edib - FOTOLAR

AHİK sədri Sahib Məmmədov Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edib - FOTOLAR

Sizə yeni x var
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!