Modern.az

Xəzərdə hərbi balans dəyişir - Azərbaycan mövqeyini gücləndirir

Xəzərdə hərbi balans dəyişir - Azərbaycan mövqeyini gücləndirir

Analitika

Bu gün, 09:45

Azərbaycanın Xəzərdə hərbi-dəniz imkanlarının inkişafında yeni mərhələ başlayır. “Salvo” silahlı və “Qaira” kommunikasiya təyinatlı insansız dəniz vasitələrinin təqdim edilməsi ölkənin dəniz təhlükəsizliyi və müdafiə konsepsiyasında pilotsuz texnologiyaların rolunu əhəmiyyətli dərəcədə artırmaqdadır.

Hazırda Xəzəryanı ölkələrin hərbi-dəniz imkanlarına görə Rusiya açıq şəkildə liderdir, İran da regionun əsas dəniz güclərindən biri hesab olunur. Azərbaycan isə xüsusilə sürətli patrul-zərbə platformaları, müasir sensor və raket sistemləri, eləcə də Sahil Mühafizəsinin imkanları hesabına Xəzərdə mühüm hərbi-dəniz potensialına malik ölkələr sırasında yer alır. Lakin yeni nəsil pilotsuz vasitələrin istifadəyə verilməsi bu balansda Azərbaycanın mövqeyini daha da gücləndirə bilər.

Bəs “Salvo” və “Qaira” Azərbaycanın Xəzərdəki hərbi-dəniz potensialına nə vəd edir? Azərbaycan xəzəryanı ölkələrlə müqayisədə hansı mövqedədir və pilotsuz dəniz texnologiyalarının inkişafı gələcəkdə bu sıralamanı dəyişə bilərmi?

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hesab edir ki, yeni sistemlərin əhəmiyyəti yalnız donanmaya əlavə vasitələrin qazandırılması ilə məhdudlaşmır. Onun sözlərinə görə, bu texnologiyalar Azərbaycanın dəniz müharibəsi konsepsiyasında ciddi dəyişikliklərə yol aça bilər:

"Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrinə səfəri, burada “Salvo” silahlı və “Qaira” kommunikasiya təyinatlı insansız dəniz vasitələrinin təqdimatı və praktiki sınaqlarını izləməsi bu sahəyə xüsusi diqqətin göstəricisidir. Söhbət yalnız Hərbi Dəniz Qüvvələrinin arsenalına yeni vasitələrin əlavə olunmasından getmir - burada əsas məsələ Azərbaycanın öz dəniz pilotsuz sistemləri ekosistemini formalaşdırmağa başlamasıdır. Söhbət böyük, baha və iri platformaların sayının artırılmasından deyil, kiçik, sürətli və yüksək döyüş qabiliyyətinə malik vasitələrdən gedir. Bu baxımdan pilotsuz dəniz vasitələri ənənəvi platformalarla müqayisədə daha az risklə daha böyük döyüş dəyəri yarada bilər”.

Komitə sədrinin fikrincə, Azərbaycan və Türkiyənin birgə istehsal imkanları çərçivəsində bu istiqamətdə fəaliyyət göstərməsi də mühüm əhəmiyyət daşıyır:

"Azərbaycanın hazırkı dəniz döyüş qabiliyyətinin əsas üstünlüklərindən biri nisbətən kiçik platformalarda müasir sensor, rabitə və dəqiq zərbə imkanlarının birləşdirilməsidir. Azərbaycanın dəniz komponentlərində İsrail mənşəli “Şaldag” və “Sa’ar 62” tipli yüksək sürətli patrul-zərbə gəmiləri mühüm yer tutur. Bununla yanaşı, Azərbaycanın Xəzərdəki real dəniz təhlükəsizliyi və silahlı patrul potensialını qiymətləndirərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin imkanlarını da ayrıca nəzərə almaq lazımdır. Bu iki strukturun imkanları Xəzərdə Azərbaycanın ümumi dəniz təhlükəsizliyi potensialının mühüm hissəsini təşkil edir”.

Arzu Nağıyev Xəzəryanı ölkələrin hərbi-dəniz imkanlarının müqayisəsinə də toxunub:

“Xəzərdə hərbi güc baxımından döyüş qabiliyyəti, gəmi tonnajı, raket silahları, sensorlar və digər göstəricilər nəzərə alınmalıdır. Rusiyanın burada açıq üstünlüyü var. İran da kifayət qədər güclü və ciddi imkanlara malikdir. Azərbaycan və Türkmənistan isə müxtəlif istiqamətlərdə üstünlükləri olan ölkələr kimi qiymətləndirilə bilər. Türkmənistan da son illər bu sahəyə ciddi diqqət yetirir. “Salvo” və “Qaira” kimi sistemlərin tətbiqi bu mənzərəni dəyişə bilər. Bu vasitələrin əhəmiyyəti onların sadəcə yeni qayıqlar olması deyil. Əsas məsələ dəniz müharibəsi konsepsiyasının tədricən insanlı platformalardan daha inkişaf etmiş, pilotsuz və riski az olan modellərə keçməsidir. Burada rabitə və idarəetmə sistemlərinin etibarlılığı, peyk kəşfiyyatı, hədəf təyini və pilotsuz vasitələrin digər sistemlərlə inteqrasiyası həlledici əhəmiyyət daşıyır”.

Arzu Nağıyev şəxsi heyətin hazırlığının da Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətinin əsas komponentlərindən biri olduğunu vurğulayıb:

"Açıq mənbələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və hazırlıq səviyyəsi ilə bağlı məhdud məlumatlar mövcuddur. Bununla belə, son illərdə Azərbaycan hərbçilərinin Rusiya, Türkiyə və digər tərəfdaşlarla müxtəlif təlimlərdə iştirakı, müxtəlif platformaların birgə istifadəsi və pilotsuz sistemlərin tətbiqinə keçid bu sahədə peşəkar kadr potensialının inkişaf etdiyini göstərir. Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin gələcək inkişaf perspektivlərini müsbət qiymətləndirirəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatların mühüm istiqamətlərindən biri də müasir texnologiyaların Silahlı Qüvvələrə inteqrasiyasıdır. Bu proses Hərbi Dəniz Qüvvələrində də özünü göstərir. Əsas məqsəd dəyişməz olaraq qalır - Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması. Bu vəzifə quruda və havada olduğu kimi, dəniz istiqamətində də təhlükəsizliyin və müdafiə imkanlarının daim gücləndirilməsini tələb edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM