Modern.az

İstanbulda 7 ölkə bir araya gəlir - Türkiyənin planı nədir?

İstanbulda 7 ölkə bir araya gəlir - Türkiyənin planı nədir?

Analitika

Bu gün, 16:44

İstanbulda keçiriləcək yeddi ölkənin xarici işlər nazirlərinin görüşü Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik və regional diplomatik proseslər baxımından diqqət mərkəzindədir. Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Almaniyanın iştirak edəcəyi toplantıda Ukrayna müharibəsi ilə yanaşı, Fələstin, Yəmən və dəniz ticarət yollarının təhlükəsizliyi məsələləri də müzakirə olunacaq. Rusiya və Ukraynanın görüşdə iştirak etməməsi isə toplantının birbaşa sülh danışıqlarından daha çox, gələcək diplomatik təmaslar üçün zəmin yaratmaq baxımından əhəmiyyətini önə çıxarır.

Modern.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, İstanbulda keçiriləcək görüş Avropanın təhlükəsizliyi, Qara dənizdəki hərbi qüvvələr balansı və Türkiyənin beynəlxalq diplomatiyadakı mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspertin sözlərinə görə, toplantının birbaşa hərtərəfli sülh sazişi ilə nəticələnməsi üçün Moskva ilə Kiyev arasında ərazilərin statusu, atəşkəsə nəzarət, təhlükəsizlik təminatları və sanksiyalar kimi məsələlərdə razılıq əldə olunmalıdır. Bununla belə, İstanbul görüşündə atəşkəs diplomatiyası, əsirlərin mübadiləsi və Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində irəliləyiş əldə etmək mümkündür.

İmbat Muğlu qeyd edib ki, Türkiyənin vasitəçilik imkanları bir neçə amilə əsaslanır. Onun fikrincə, Ankaranın həm Rusiya, həm də Ukrayna ilə əlaqələrini davam etdirməsi, əvvəlki diplomatik təşəbbüsləri və Qara dənizdəki strateji mövqeyi tərəflər arasında dialoqun qorunmasına imkan yaradır.

Ekspert vurğulayıb ki, Türkiyənin vasitəçilik imkanlarına baxmayaraq, müharibənin başa çatması tərəflərin siyasi iradəsindən asılıdır. Moskva ilə Kiyevin təhlükəsizlik və ərazi məsələlərində mövqelərinin fərqli olması, eləcə də ABŞ-nin mövqeyi və Avropa ölkələrinin Ukraynaya dəstəyi danışıqlar prosesini mürəkkəbləşdirir.

Onun sözlərinə görə, Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunması, limanların və mülki infrastrukturun qorunması, mina təhlükəsinə qarşı koordinasiyanın gücləndirilməsi müharibənin təsirlərini məhdudlaşdırmaq baxımından əhəmiyyətlidir. Bu istiqamətdə əldə ediləcək razılaşmalar daha geniş sülh danışıqları üçün etimadın artırılmasına töhfə verə bilər.

İmbat Muğlu hesab edir ki, İstanbul görüşünün nəticələrini yalnız sülh sazişinin imzalanıb-imzalanmaması ilə qiymətləndirmək düzgün olmaz. Əsas məsələ yeddi ölkənin Ukrayna ilə bağlı ortaq diplomatik yanaşma formalaşdırması, Rusiya və Ukrayna ilə yeni təmasların mümkünlüyü və Qara dənizdə təhlükəsizliyin təmin olunmasına yönəlmiş konkret qərarların qəbul edilməsidir.

Ekspertin qənaətinə görə, İstanbul müharibəni təkbaşına sona çatdıran məkan olmasa da, gərginliyin azaldılmasına, diplomatik kanalların açıq saxlanmasına və gələcək sülh nizamının formalaşmasına töhfə verən mərkəzlərdən birinə çevrilə bilər.

Sizə yeni x var
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?