Modern.az

Tikinti materialları bazarı: azalan və artan qiymətlər

Tikinti materialları bazarı: azalan və artan qiymətlər

11 Sentyabr 2009, 17:16

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyi avqust ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 91 çeşiddə tikinti materiallarının qiymətini izləyib. İctimai Birlikdən Modern.az-a bildirilib ki, yay mövsümü üçün xarakterik olan passiv vəziyyətin bazarın bu seqmentinə təsiri, eyni zamanda iqtisadi böhranla əlaqədar hələ də tikinti dinamikasının azalma tendensiyası tikinti materialları bazarında əksər məhsullar üzrə qiymətlərin bir qədər də enməsinə təsir göstərib. Amma buna baxmayaraq avqust ayında orta qiymət artımı müşahidə olunub. Belə ki, «Baki Steel Company» şirkətinin istehsalı olan armaturun yenidən bazara təklif olunması orta qiymətə təsirsiz ötüşməyib. Bununla yanaşı, daşınmasına dövlət tərəfindən nəzarət olunmağa başlayan qum, otsep, çınqıl kimi materialların qiymətlərində artım qeydə alınıb. Sahibkarlar bu amili daşınmada meydana çıxan problemlə əlaqələndirirlər.
Aparılan araşdırmalar göstərir ki, 1 kamazla ötən ay 12-13 kub metr qum-çınqıl daşınırdısa, avqustda Nəqliyyat Nazirliyi tərəfindən yük maşınlarının yüklənmə həcminə tətbiq etdiyi məhdudiyyətdən sonra bu rəqəm 8-9 kub metrə qədər azalıb. Bu səbəbdən də həmin məhsullar üzrə qiymətlərdə artım qeydə alınıb.    
Ümumilikdə avqust ayında araşdırmaya məruz qalan 91 adda məhsuldan 17-i üzrə qiymət azalması, 14-ü üzrə qiymət artımı, 60-ı üzrə isə stabillik müşahidə edilib. Qiyməti artan məhsullar əsasən ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də artım qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə artım iyul ayı ilə müqayisədə 2,7% təşkil edib. Avqustda qum 1,9%, armatur 2,0%, otsep 25,0%, şveller 7,1%, izolyasiya 16,6%, zamaska3,7%, şüşə pambıq 4,0% bahalaşıb. Dikt 7,5%, DSP 1,6%, DVP 4,4%, künyə 6,5%, dəmir təbəqə 2,9%, sink təbəqə 2,4%, katinka 6,2% ucuzlaşıb. Digər tikinti materiallarının qiyməti avqust ayında stabil qalıb.
Aparılan araşdırmalar göstərir ki, avqust ayında tələb bir qədər də aşağı düşüb. Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının qiyməti 2,7% artıb. Ümumilikdə isə tikinti materiallarının qimtəində ilin əvvəli ilə müqayisədə 4,4%, ötən illə müqayisədə isə 41,8% azalma qeydə alınıb. Qiymət indeksi isə ötən aya nisbətən 2,7 bənd artaraq, 99,9 səviyyəsində qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...