ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Səudiyyə Ərəbistanı arasında ölkə daxilində uranın məhdud şəkildə zənginləşdirilməsi və plutoniumun emalına imkan verən ilkin razılaşma əldə olunub.
Modern.az xəbər verir ki, bu barədə CNN mənbələrə və əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, belə bir razılaşma Ər-Riyada beynəlxalq təminatlar olmadan gələcəkdə nüvə silahı hazırlamaq imkanı yarada bilər.
ABŞ-nin Səudiyyə Ərəbistanının mülki nüvə proqramına dəstəyini nəzərdə tutan və "123-cü Saziş" kimi tanınan sənəd 2025-ci ilin oktyabr ayından etibarən Donald Trampın imzasını gözləyir.
Mütəxəssislər hesab edirlər ki, sazişə ciddi təminat mexanizmləri daxil edilməzsə, bu, Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməsinə şərait yarada bilər. Xatırladılır ki, daha əvvəl ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman İranın nüvə bombası hazırlayacağı halda, Səudiyyə Ərəbistanının da eyni addımı atacağını bildirmişdi.
Sənəd ABŞ şirkətlərinin nüvə materialları və texnologiyalarını Səudiyyə Ərəbistanının mülki nüvə proqramına təqdim etməsi üçün hüquqi baza rolunu oynayır. Bununla yanaşı, həssas nüvə texnologiyalarının və materiallarının ölkəyə verilib-verilməyəcəyi barədə yekun qərarı müəyyən etmir.
Nüvə silahının hazırlanmasının əsas iki yolu uranın zənginləşdirilməsi və plutoniumun emalı hesab olunur. Nüvə reaktorları üçün urana ehtiyac duyan ölkələrin əksəriyyəti bu materialı ABŞ və ya Rusiyadan ciddi beynəlxalq nəzarət altında, möhürlənmiş partiyalar şəklində əldə edir.
CNN-in tanış olduğu sənədlərə əsasən, saziş layihəsi Səudiyyə Ərəbistanını Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə təhlükəsizliyi üzrə gücləndirilmiş təminatlar haqqında standart saziş imzalamağa məcbur etmir.