Nvidia şirkətinin baş icraçı direktoru Censen Huanqın məşhur qara dəri gödəkçəsi Sotheby's hərrac evində 960 min ABŞ dollarına satılıb.
Modern.az xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.
Hərrac 60 min dollar başlanğıc qiyməti ilə təşkil olunub. Satış zamanı 45 kolleksiyaçı arasında gərgin rəqabət yaşanıb və nəticədə gödəkçə ilkin qiymətdən 16 dəfə baha alıcı tapıb.
Hərracdan əldə olunan vəsait inkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar üçün ingilis dili kursları və digər təhsil proqramları təşkil edən Edge Institute qeyri-kommersiya institutunun fəaliyyətinə yönəldiləcək.
Qeyd olunur ki, Censen Huanqın qara dəri gödəkçəsi illərdir onun əsas imic elementinə çevrilib. Bu geyim Apple şirkətinin həmtəsisçisi Stiv Cobsun qara boğazlı sviteri və Meta şirkətinin rəhbəri Mark Zukerberqin boz köynəkləri kimi tanınır.
Maraqlıdır ki, təxminən 10 il əvvəl Stiv Cobsa məxsus qara sviter hərracda cəmi 2 880 ABŞ dollarına satılmışdı.