Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun 42 yaşlı qızı Tipen Ozyer özündən 20 yaş kiçik tələbə Antuan Lekontla yaxın münasibət qurub. Bu cütlük arasındakı yaş fərqi Tipen Ozyerin öz anasının hekayəsinə çox bənzəyir. Hazırda Fransada hamı bu cütlüyün sevgi hekayəsindən danışır.
Modern.az xəbər verir ki, bu barədə Fransanın “Gala” jurnalı məlumat yayıb.
Tipen Ozyer sosial şəbəkədə 22 yaşlı Antuan Lekontla birlikdə Amsterdam səfərindən görüntülər paylaşıb. Görüntülərdə cütlüyün xoşbəxt olduğu diqqət çəkib.
Məlumata görə, cütlük bu ilin yayında Fransanın şimal-qərb sahilində yerləşən məşhur kurort şəhəri Le-Tukedə tanış olub. Həmin vaxt Lekont burada kaytsörfinq təlimatçısı kimi çalışıb.
Məhz Lekont Tipenə elektrik sörf taxtasının bir növü olan elektrofayl sürməyi öyrədib.

Prezidentin ögey qızının yaxın dostu “Gala” jurnalına bildirib ki, cütlük arasında ilk görüşdən etibarən qarşılıqlı simpatiya yaranıb.
“Aralarındakı münasibət ilk andan aydın idi. Onların çoxlu ortaq maraqları var: səyahətə və sahibkarlığa olan sevgiləri, həyəcan axtarışı və s.” – mənbə bildirib.
Tipenin yeni münasibətinin fransalı qalmaqallı televiziya aparıcısı Kirill Hanuna ilə ayrıldıqdan sonra başladığı qeyd olunur. Onların münasibəti 2026-cı ilin mayında başa çatıb.
Məlumata görə, Tipen artıq Lekontu özünün 12 yaşlı Eliza və 10 yaşlı Orel adlı övladları ilə də tanış edib.
Hüquqşünas və siyasətçi olan Tipenin yeni sevgilisi ondan 20 yaş kiçikdir. Məhz bu yaş fərqi onun anası Bricit Makronla Fransa Prezidenti Emmanuel Makron arasındakı münasibətləri yenidən gündəmə gətirib.
Hazırda Bricit Makronun 73, Emmanuel Makronun isə 48 yaşı var.
Bricit və Emmanuel Makronun sevgi hekayəsi Emmanuelin hələ məktəbli olduğu dövrdə başlayıb. Makron 15 yaşında olarkən Amiendəki “La Providence” özəl məktəbində müəllim işləyən Bricitlə tanış olub.

Həmin vaxt 39 yaşında olan Bricit Andre-Lui Ozyer ilə evli idi və üç övladı var idi. Onun yeniyetmə Emmanuel ilə münasibəti barədə xəbər yayıldıqdan sonra Makronun valideynləri oğullarını başqa məktəbə köçürüblər.
Emmanuel Makronun anası Fransuaza Noge-Makron sonradan prezidentin bioqrafı Ann Fuldeyə danışarkən ailənin bu münasibətdən şoka düşdüyünü bildirib.
“Biz sadəcə buna inana bilmirdik”, – o xatırlayıb.
Prezidentin anasının sözlərinə görə, ailəni ən çox narahat edən məsələ oğlunun Bricitə münasibətindən çox, onun başına hər hansı hadisənin gələ bilməsi olub.
Makronun atası Jan-Mişel Makron isə o vaxt bu xəbəri eşidəndə “az qala stuldan yıxıldığını” deyib.
Anasının Emmanuel Makronla münasibəti başlayanda Tipenin cəmi 9 yaşı var idi.

“Onlar bir-birlərinə çox bağlı idilər, bu, tamamilə aydın idi və mənim üçün bu, çox çətin idi”, – Tipen illər sonra deyib.
Bununla belə, münasibətlərin qeyri-adi şəraitdə başlamasına baxmayaraq, Tipen sonradan anası ilə Emmanuel Makronun sevgi hekayəsinin onda həqiqi məhəbbət anlayışı formalaşdırdığını bildirib.
“Əgər məndən sevgiyə nümunə göstərməyimi istəsələr, Emmanuel və anamı deyərdim. Onlar birlikdə olanda elə görünür ki, sanki ətrafdakı dünya ümumiyyətlə mövcud deyil”, – Tipen bildirib.
A.Qorxmaz