“SpaceX” şirkətinin yaradıcısı, milyarder İlon Mask bildirib ki, “Starlink” peyk rabitə sistemləri hücum xarakterli hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb.
Modern.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Starlink”dən istifadə mülki və ya müdafiə xarakterli fəaliyyətlərlə məhdudlaşır və hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilə bilməz. Çünki belə istifadə kommersiya şirkəti üçün uyğun deyil”, – deyə o bildirib.
Mask bu açıqlamanı Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorovun Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) “Starlink” şəbəkəsinə bağlantısının tədricən bərpa olunduğu barədə bəyanatına cavab olaraq verib. Daha əvvəl Ukrayna tərəfi “SpaceX”in Ukrayna Silahlı Qüvvələrinin dronları üçün bağlantını məhdudlaşdırdığını açıqlamışdı.
Ukraynanın sabiq müdafiə nazirinin müşaviri Sergey Sternenkonun sözlərinə görə, PUA-ların sürəti saatda 60–70 kilometrə çatdıqda “Starlink” interneti işləmirdi. Halbuki əvvəllər bu hədd saatda 160 kilometr olub. Onun iddiasına görə, bu məhdudiyyət bir sıra əməliyyatların pozulmasına səbəb olub.
Sternenko bildirib ki, oktyabrın 14-nə keçən gecəyədək bağlantı ilə bağlı heç bir məhdudiyyət yox idi. Ukraynalılar “Starlink”dən yalnız ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində istifadə edə bilirdilər.
Ukrayna Prezidentinin müşaviri Sergey Beskrestnov isə məhdudiyyətin “Starshield” sisteminin hərbi seqmentinə aid olduğunu dəqiqləşdirib.
Maskın sözlərinə görə, “Starshield” ABŞ hökumətinə məxsusdur və son nəticədə ABŞ prezidentinin nəzarəti altındadır.
“İstifadə sürətinə və ya imkanlarına qoyulan istənilən məhdudiyyət ABŞ hərbçiləri tərəfindən müəyyən edilir”, – deyə Mask vurğulayıb.
Fedorov isə Maskı Ukrayna Silahlı Qüvvələrinin “Starlink” internetinə çıxışını tam bərpa etməyə çağırıb.
“Starshield şəbəkəsində sürət məhdudiyyətinin tamamilə aradan qaldırılması hazırda Ukraynanın müdafiəsi üçün həlledici əhəmiyyət daşıyır”, – deyə o yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, Rusiya PUA-larına, o cümlədən reaktiv dronlara qarşı mübarizə aparan Ukrayna ələkeçirici dronlarının uğurlu fəaliyyəti böyük ölçüdə “Starlink” şəbəkəsindən asılıdır.
Zelenskinin sözlərinə görə, Rusiya ordusu hazırda Ukrayna Silahlı Qüvvələrinin rabitə sahəsində üzləşdiyi problemlərdən yararlanmağa çalışır.