ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana qarşı “Qrehem sanksiyaları” adlandırılan qanunda nəzərdə tutulan bir sıra tədbirlərin tətbiq edilməməsi barədə göstəriş verib. Modern.az xəbər verir ki, bununla bağlı fərman Ağ Evin rəsmi saytında dərc olunub.
Sənədə əsasən, Rusiyadan idxal olunan mallara 500 faizlik rüsumların tətbiqindən imtina edilir. Həmçinin Vaşinqtonun fikrincə, Rusiya neftinə qarşı sanksiyalardan yayınmağa ən çox kömək edən və Rusiyanın enerji daşıyıcılarını alan iri ölkələrə qarşı 100 faizə qədər əlavə rüsumların tətbiqi təxirə salınıb.
Fərmanda qeyd olunur ki, Tramp qanunun müvafiq müddəaları ilə nəzərdə tutulan sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqindən imtina edir.
ABŞ liderinin Konqresə müvafiq əsaslandırma təqdim etdiyi də bildirilir. Sənəddə vurğulanır ki, hazırda bu qərarın qəbul edilməsi ABŞ-ın milli maraqlarına uyğundur.
Qeyd edək ki, Donald Tramp Konqresin qəbul etdiyi Rusiya əleyhinə “Qrehem sanksiyaları” qanununu sentyabrın 18-də imzalayıb. Sənəd Rusiyanın ali siyasi və hərbi rəhbərliyinə, eləcə də dövlət şirkətlərinə qarşı məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tuturdu.