Modern.az

Putin hərbi müşavirə keçirdi: Zərbələrə davam edin!

Putin hərbi müşavirə keçirdi: Zərbələrə davam edin!

Dünya

Bu gün, 10:05

Rusiya Prezidenti Vladimir Putin Baş Qərargah rəhbərliyi və hərbi komandanlıqla müşavirə keçirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın RBC nəşri məlumat yayıb.

Müşavirədə hərbi əməliyyatlar zonasındakı vəziyyət müzakirə olunub. Putin birləşmiş qoşun qruplaşmasının ehtiyat idarəetmə məntəqəsinə baş çəkib.

Rusiya Prezidenti bildirib ki, Rusiya-Ukrayna sərhədində təhlükəsizlik zonasının yaradılması məsələsi mümkün sülh danışıqlarının mövzusu olmayacaq.

Onun sözlərinə görə, bu istiqamətdə qarşıya qoyulan vəzifə uğurla icra edilir və məqsəd Rusiyanın sərhədyanı ərazilərinin tam təhlükəsizliyini təmin etməkdir.

Putin Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zonasında bütün cəbhə xətti boyunca hücumlarını davam etdirdiyini, irəliləyiş tempinin əhəmiyyətli dərəcədə artdığını iddia edib.

O bildirib ki, 2026-cı ilin əvvəlindən Rusiya qoşunları təxminən 6,5 min kvadratkilometr əraziyə və 310 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Putinin sözlərinə görə, Ukrayna hakimiyyətinin nəzarətində “Donetsk Xalq Respublikası”nın ərazisinin 10 faizindən bir qədər çoxu, Zaporojye vilayətinin isə 16,5 faizi qalır. O, “Luqansk Xalq Respublikası”nın tamamilə Rusiyanın nəzarətində olduğunu da iddia edib.

Rusiya Prezidenti Kursk vilayəti ilə həmsərhəd ərazidə təhlükəsizlik zonasının yaradılması istiqamətində də hərbi qüvvələrin uğurla fəaliyyət göstərdiyini söyləyib.

Putin komandirlərə “xüsusi hərbi əməliyyatın planına ciddi uyğun olaraq” qarşıya qoyulan vəzifələri yerinə yetirməyi davam etdirməyi tapşırıb. O, Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və logistika mərkəzlərinə kütləvi və qrup zərbələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rusiya lideri, həmçinin mülki və hərbi obyektlərin müdafiəsinin effektivliyinin artırılmasının zəruri olduğunu bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri peşəkar fəaliyyət göstərsə də, müdafiənin gücləndirilməsi istiqamətində görüləsi işlər var.

Gerasimov: Rusiya qoşunları Zaporojye şəhərinin 5 kilometrliyindədir

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da müşavirədə məruzə ilə çıxış edib.

O, Donetsk Xalq Respublikasındakı Dobropolye şəhərinin Rusiya qoşunlarının nəzarətinə keçdiyini iddia edib. Gerasimovun sözlərinə görə, Alekseyevo-Drujkovka qəsəbəsi, həmçinin Sergeyevka və Pervomayskoye kəndləri də Rusiya qüvvələri tərəfindən ələ keçirilib.

Baş Qərargah rəisi sentyabr və oktyabr ayının ilk yarısında Rusiya ordusunun Donetsk Xalq Respublikasında təxminən 500 kvadratkilometr əraziyə və 23 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini bildirib.

Gerasimovun sözlərinə görə, Rusiya qoşunlarının ön qrupları Zaporojye şəhərinin cənub kənarından 5 kilometr məsafədə yerləşir. O, şəhər daxilində Ukrayna qüvvələrinin mövqelərinə zərbələr endirildiyini iddia edib.

Baş Qərargah rəisi Rusiya hərbçilərinin Ukraynanın enerji infrastrukturu obyektlərinə zərbələr endirməyə başladığını da açıqlayıb. Onun sözlərinə görə, Baş Qərargahın planına əsasən, strateji əhəmiyyətli körpülər, dəmir yolu nəqliyyatı obyektləri və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının təmin edilməsində istifadə olunan məlumat emalı mərkəzləri hədəfə alınır.

Gerasimov Ukraynanın doqquz metallurgiya müəssisəsinin vurulduğunu iddia edib. O, hazırda Ukraynada polad istehsalının dayandırıldığını söyləyib.

Müşavirə zamanı “Şimal” qoşun qruplaşmasının komandanı, general-polkovnik Yevgeni Nikiforov da məruzə ilə çıxış edib. O, Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 2 min nəfərlik qruplaşmasının məhv edildiyini iddia edib.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı