Modern.az

Ödənişsiz avtobuslar hamını “Sabah”ın oyununa daşıya bilməyəcək

Ödənişsiz avtobuslar hamını “Sabah”ın oyununa daşıya bilməyəcək

İdman

Bu gün, 12:15

“Sabah” futbol klubunun bu gün Bakı Olimpiya Stadionunda Almaniyanın “Borussiya Dortmund” komandası ilə keçirəcəyi oyunla əlaqədar azarkeşlər üçün ödənişsiz avtobuslar təşkil olunacaq. Avtobuslar saat 17:00-dan “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzindən və “Qara Qarayev” metrostansiyasından stadiona hərəkət edəcək. Bəs ödənişsiz avtobusların ayrılması azarkeş axınını idarə etmək üçün kifayət edəcəkmi?

Nəqliyyat eksperti Adil Nəbiyev Modern.az-a bildirib ki, Bakıda keçirilən beynəlxalq səviyyəli futbol qarşılaşmaları yalnız idman hadisəsi deyil, eyni zamanda şəhərin nəqliyyat infrastrukturunun, ictimai nəqliyyat sisteminin və kütləvi sərnişindaşıma imkanlarının real şəraitdə sınaqdan keçirilməsidir.

"Bakı Olimpiya Stadionunda keçirilən belə qarşılaşmalar zamanı minlərlə azarkeşin eyni vaxtda stadiona gəlməsi və oyun başa çatdıqdan sonra qısa müddət ərzində ərazini tərk etməsi nəqliyyatın idarə olunması baxımından ciddi təşkilatçılıq tələb edir. Azarkeşlərin daşınması üçün ödənişsiz avtobusların ayrılması müsbət addımdır. Lakin burada əsas məsələ təkcə avtobusların təşkili deyil, onların sayı, sərnişindaşıma tutumu, hərəkət intervalı və marşrutların düzgün müəyyənləşdirilməsidir. Əgər stadionda on minlərlə tamaşaçının iştirakı gözlənilirsə, iki istiqamətdən avtobusların təşkil olunması bütün sərnişin axınının problemsiz daşınacağına zəmanət vermir”.

Onun sözlərinə görə, Bakı Olimpiya Stadionunun Heydər Əliyev prospektinə yaxın yerləşməsi ərazidə yaranan sıxlığın yalnız azarkeşlərə deyil, həmin istiqamətdən istifadə edən sürücülərə və sərnişinlərə də təsir göstərməsinə səbəb ola bilər.
"Əsas çətinliklərdən biri oyundan sonra minlərlə tamaşaçının eyni vaxtda ərazini tərk etməsidir. Bu baxımdan avtobuslar üçün ayrıca gözləmə zonalarının yaradılması, sərnişinlərin nizamlı şəkildə daşınması, taksilər üçün xüsusi minib-düşmə məntəqələrinin müəyyənləşdirilməsi və şəxsi avtomobillərin parklanmasının əvvəlcədən planlaşdırılması vacibdir".

Adil Nəbiyev bildirib ki, ödənişsiz avtobusların səmərəliliyi onların tıxaclarda qalmamasından da asılıdır. Onun fikrincə, yol polisi və nəqliyyatın təşkili üzrə məsul qurumlar avtobusların hərəkətini koordinasiya etməli, zərurət yarandıqda xüsusi hərəkət dəhlizləri təşkil olunmalıdır. Eyni zamanda, şəxsi avtomobillərin və taksilərin stadionun giriş-çıxışlarında nizamsız dayanmasının qarşısı alınmalı, piyadaların təhlükəsiz hərəkəti təmin edilməlidir.

Nəqliyyat eksperti qeyd edib ki, bu cür tədbirlər zamanı metro imkanlarından da maksimum istifadə olunmalıdır. Xüsusilə “Koroğlu” metrostansiyasında sərnişin sıxlığının idarə edilməsi, qatarların hərəkət intervalının tələbat əsasında tənzimlənməsi və zərurət yarandıqda əlavə nəqliyyat imkanlarının nəzərdən keçirilməsi əhəmiyyətlidir. Bundan başqa, avtobus marşrutları azarkeşlərin real hərəkət istiqamətlərinə uyğun müəyyənləşdirilməli, nəqliyyat vasitələrinin hərəkəti real vaxt rejimində izlənilməli və məsul qurumlar arasında koordinasiya gücləndirilməlidir.

“Bakı beynəlxalq idman yarışlarının və kütləvi tədbirlərin təşkili sahəsində müəyyən təcrübəyə malikdir. Lakin belə tədbirlərin uğurlu keçirilməsi şəhərin gündəlik nəqliyyat problemlərinin tam həll olunduğu anlamına gəlmir. Əsas məqsəd yalnız azarkeşləri stadiona çatdırmaq deyil, onların oyun başa çatdıqdan sonra təhlükəsiz, rahat və mümkün qədər qısa müddətdə evlərinə qayıtmalarını təmin etməkdir. Ödənişsiz avtobusların ayrılması müsbət addımdır, amma avtobus, metro, taksi, şəxsi avtomobil və piyada hərəkəti vahid nəqliyyat planı əsasında əlaqələndirilməlidir. Beynəlxalq qarşılaşmalar zamanı şəhər sakinlərinin gündəlik hərəkət imkanları da qorunmalıdır”, - deyə Adil Nəbiyev bildirib.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı