Modern.az

Yusif Nəğməkarın “Nizami demiş...” kitabı çıxdı

Yusif Nəğməkarın “Nizami demiş...” kitabı çıxdı

27 Aprel 2017, 15:19

Tanınmış şair Yusif Nəğməkarın “Nizami demiş...” poeması bu günlərdə kitab halında nəfis tərtibatla nəşr olunub. Kitabın redaktoru xalq şairi Nəriman Həsənzadədir.


“Şairdən alimə...” adlı ön sözün müəllifi, tənqidçi- ədəbiyyatşünas Vaqif Yusifli yazır:

 
«Ədəbiyyat aləmində bir-birinin uğurlarına sevinənlər az deyil. Təbii ki, burada yazıçı dünyasına, şəxsiyyətinə xas olan bir insani hissin yaşadığı məlum. Bir-birinin sevincinə, ədəbi uğurlarına qətiyyən paxıllıq etmədən, qısqanmadan böyük ürək açıqlığı ilə öz münasibətini bildirmək yazıçı qəlbinin böyüklüyündən gəlir... Xatırlayıram Mehdi Hüseyn İsmayıl Şıxlının “Dəli Kür” romanının əlyazmasını oxuyub uşaq kimi sevinməyini. Ona qədər İsmayıl Şıxlının bütün yazdıqlarına tənqidi münasibətini gizlətmirdi Mehdi Müəllim. Ustad Rəsul Rzanın Məmməd Arazın “Atamın kitabı” poeması haqqında məqaləsini xatırlayıram. Necə böyük ürək açıqlığı ilə qələmə alınmışdı. Rəsul müəllimin altmışıncı illərdə ədəbiyyata gələn gəncləri necə qoruduğu, onlara dəstək olması da dönə-dönə xatırlanır. Böyük şairimiz Bəxtiyar Vahabzadə isə bu sahədə çoxlarına örnək idi. Bəxtiyar müəllim ədəbiyyatımızın ən gözəl nümunələrini yaradan şair dostlarını birinci təbrik edirdi, hətta istedadlı cavanlara xeyir-dua verib, onları ruhlandırırdı, qanadları bərkisin deyə uçuşa hazırlayırdı. Misallar çoxdur. Şair Yusif Nəğməkarın professor, müasir Azərbaycan tənqidinin, ədəbiyyatşünaslığının və dilçiliyin avanqardlarından olan Nizami Cəfərova poema həsr eləməsi də, zənnimcə, bu ənənə ilə bağlıdır».


Kitabda Yusif Nəğməkarın “Nizami demiş...” poeması ilə yanaşı, yeri gəldikcə, professor Nizami Cəfərovun əsərlərindən seçilmiş fikrlər, mülahizələr verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü