Modern.az

Müsavat qurultay üçün yer TAPA BİLMİR

Müsavat qurultay üçün yer TAPA BİLMİR

8 Oktyabr 2019, 16:41

“Müsavat Partiyasının qurultayının keçirilməsi üçün hər şey hazırdır. Yeganə olaraq, məkan məsələsi hələ də öz həllini tapmayıb”.

Bu sözləri Modern.az-a açıqlamasında Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı söyləyib. O bildirib ki, “Büllur” adlı məkanın sahibləri ilə əvvəlcədən danışıqlar aparılsa da, həmin şəxslər sonradan fikri dəyişiblər:

“Onlar bildirdilər ki, Bakı Meriyasının icazəsi olarsa, qurultayın orada keçirilməsi problem deyil. Amma biz icazəni  alandan sonra “Büllur”un rəhbərliyi qəti şəkildə imtina etdi. Bu da onu göstərir ki, onlar müstəqil qərar vermirlər. Yenə də məkanla bağlı axtarışları davam etdiririk. Müəyyən yerlərlə danışıqlar aparılır. İcra hakimiyyəti ilə yenidən əlaqə saxlamaq fikrimiz var. BŞİH bildirsəydi ki, bütün şadlıq saraylarında qurultay keçirilməsinə etiraz edilmir, bu, daha məqsədəuyğun olardı”.


G.Aslanlı söyləyib ki, Müsavatın qurultay gününü dəyişmək fikri yoxdur:

“Az zamanımız qalsa da, qurultayın dediyimiz vaxtda keçirilməsinə çalışacağıq”.


İcra Aparatının rəhbəri başqanlığa namizədlər arasında kimin dəstəyinin daha çox olduğu barədə konkret məlumat vermək istəməyib:

“Mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri olduğum üçün bunu açıqlaya bilmərəm. Amma görünən kənddə bələdçiyə ehtiyac yoxdur. Yəqin ki, əksəriyyət demək istədiyimi anlayar”.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabr ayının 12-nə planlaşdırılıb. Qurultayda partiyanın yeni başqanı seçiləcək. Başqanlığa namizədlər  Yadigar Sadıqlı, Tofiq Yaqublu və hazırkı başqan Arif Hacılıdır. Oktyabr ayının 9-da isə namizədlərin debatı baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı