Modern.az

Mən bu şəhəri heç görmədim, haqqında çox eşitdim

Mən bu şəhəri heç görmədim, haqqında çox eşitdim

Aktual

5 May 2012, 11:08

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Mən bu şəhəri heç görmədim, amma haqqında çox eşitdim. Hamı onun gözəlliyindən danışdı. Dedilər ki, bu şəhər Azərbaycanın cövhəridir, onun suyundan kim içsə, havasını kim udsa fitri istedad olur. Mən də düşünürdüm nə gözəl bizim sehirli şəhərimiz var. Amma öyrənəndə ki, artıq o şəhər bizdə deyil, çox məyus oldum. Şuşa idi bu sehirli şəhər. Ermənilər tez tərpəndi və torpaqlarımızın 20%-ni aldı. 8 may 1992-ci ildə Şuşa da işğal olunan şəhərlərin sırasına daxil edildi. Doğurdanmı biz bu qədər zəif idik? Doğurdanmı biz bu qədər aciz idik? Tarixi bəlli olmayan bir xalqamı yenildik? Yox əslində bu yenilmək deyildi, bu satqınlığın, xəyanətin və yaltaqlığın ən bariz nümunəsi idi. Sapı özümüzdən olan baltaların və erməni yaltaqlarının Rusiyaya olan böyük inamının nəticəsi bizə 20% torpağın itirilməsi ilə başa gəldi.

XVII əsrdə salınan bu şəhəri asanlıqla acgözlərə verdik. Axı Şuşa Pənahəli xanın fəxrlə öz qonaqlarına təqdim etdiyi “Şüşə kimi parlaq” bir yer idi. O yer ki, Cıdır düzündəki atların ayaq səsi hələ də o torpaqlardadır. O yer ki, Xanın, Bülbülün avazı hələ də qulağımızda səslənir. Orda Natəvan yetişib. Bilirsiz mən ən çox “Xan qızı”nı sevdim. Mən onda türk qadınının əxlaqını, türk ərinin qeyrətini gördüm. Mən ondakı mərdliyi sevdim. İndi rəvamıdır ki, erməni “Xan qızı”nın məzarını dağıtsın? Onlar Şuşanı var edənlərdir. Şuşa da Qarabağı var edirdi. İndi Şuşa yoxdur. Şuşa yoxdursa Qarabağda yoxdu.

Hər gün boş xəyllarla oyanmaqdan bezdik. Guya ATƏT-in Minsk qrupu nəsə edir? Onlar yeməyə yaxşı yer tapıb, gözəl dil pəhlavanlığı edirlər. Axı onlar bizim nə çəkdiyimizi hardan bilsin? Onlar bizi necə anlasın? Bizə kimsə lazımdır ki, bu torpaqları almağa? Onlar bizim haqqımızdır. O torpaqlar bizimdir. Heç kimin mövqeyini gözləmədən, özümüzü sülhməramlı göstərməzdən əvvəl qarşımızdakının sülhdən nə qədər anladığına baxmalıyıq. Biz haqqımız olanı istəməliyik. Şuşa da, Qarabağ da bizimdir. Bunu dildə yox əməldə də etməliyik. Bir insan öz dırnağını belə kəsib-ata bilmədiyi kimi, bir ölkədə öz torpaqlarından imtina edə bilməz. Şuşa yoxdursa, Qarabağ yoxdursa bütöv Azərbaycan da yoxdur.

Məni hər zaman bir şey çox üzür Azərbaycanın alınmaz qalası olan bu şəhəri niyə verdik, niyə, niyə? Bu dərd bizimdi. Bu dərdi bizlər 20 ildir ki çəkirik. Artıq bəsdir! Bütöv Azərbaycan üçün bir əməldə birləşək!

Rüfanə Günəş,
BDU Jurnalistika II kurs

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı