Arxiv
13 İyul 2020, 18:00 | ƏDƏBİYYAT
İTBAŞI (8-ci bölüm)

Mahir Qabiloğlunun romanı

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

Ertəsi gün. Şah taxtında oturub.

– Eşikağası!

– Bəli, şahım.

– Adam göndərin şeyx Mərdanla axund Bərxudarı çağırsınlar bura.

– Başüstə, şahım.

Eşikağası gedir. Şah dünən eşitdiklərinin havasındadır: nə edim? Yenə baş kəsim? Yoxsa müharibələrə başlayım? Qonşu şahlıqları özümə tabe elətdirib şahənşah olum? Yox. İndi-indi məmləkət özünə gəlməyə başlayıb. Nahaq şeyxlə axundu çağırdım. Gərək heç onlara demədən kilsə, senaqoq tikdirməyə qərar verəydim. Yox. Sonra başlayacaqdılar aləmi qatmağa. Qoy etiraz etsinlər digər din nümayəndələrinin Allaha ibadət etmək üçün məscidə girməsinə. Bundan sonra qərar çıxarmaq daha rahat olar.

Qapı döyülür. Eşikağası içəri girir:

– Şeyxlə axund gəlib, qibleyi-aləm.

– Gəlsinlər! – deyə şah özünü taxtda dikəldir.

Şeyxlə axund içəri girib şahın hüzurunda dayanırlar. Yüngülcə təzim edirlər.

– Xoş gəlmisiz, şeyx həzrətləri, axund ağa. Hökmən gərək mən sizi çağıram? Heç vecinizə də deyil ki, qibleyi-aləminiz necədir. Bəlkə xəstədir? Nəsə köməyə ehtiyacı var?

– Allah eləməsin, şahım, – deyə şeyx Mərdan dilləndi.

– Dilin belə deyir. Ürəyində Allah bilir nələr düşünürsən.

– Əsla, şahım. Ürəyim də belə deyir, dilim də...

– Yaxşı! İnandım! Sizi bir xüsus üçün çağırmışam. Bir məsləhətinizə ehtiyacım var. Məmləkətdə və paytaxtda digər din mənsubları da var. Onlar da birgə ibadət etmək istəyirlər. Amma yerləri yoxdur. Məndən xahiş edirlər ki, onlar üçün senaqoq, kilsə tikdirim.

– Əsla! Olmaz, şahım! Bu məmləkətdə bir dini qanun işləyir – o da İslamdır.

– Mən də bu cür cavab verdim, şeyx Mərdan. Onda belə bir söz dedilər. Mən isə cavab verməkdə aciz qaldım. Ona görə sizi çağırdım ki, bir tədbir tökəsiniz. Şeyx həzrətləri, üç səmavi din var. Onların Allahları eynidir, yoxsa ayrı?

– Allah təkdir, şahım.

– Mən də elə bilirəm. Onlara da bu cür cavab verdim. Bunlar isə mənə nə desələr yaxşıdır? Dedilər ki, müsəlmanlar cümə namazında hamılıqla gedirlər məscidə, biz də dirilmə günündə gedəcəyik ora və Allaha ibadət edəcəyik, mərasimlərimizi keçirəcəyik. Şənbə günü də o biri qismimiz. Allah özü necə təkdirsə, elə evi də tək olmalıdır.

– Şahım, olmaz. Bizi günaha batırma. Biz donuz əti yeyən, şərab içən kafirləri məscidə buraxıb Allah evini murdarlaya bilmərik.

– Mən də bu xüsusları onlara çatdırdım. Onda mənə dedilər ki, izn verin özümüz üçün senaqoq, kilsə tikdirək. Mən də sizi çağırdım ki, məsləhət edim.

Şeyxlə axund susub, bir-birilərinin üzünə baxdılar. İkisindən biri cavab verməliydi. Amma bilmirdilər ki, nə desinlər. Göyverən Şahın cümə namazlarında çıxardığı hoqqalar hələ yadlarından çıxmamışdı. Bura isə saray idi. Zindan, cəllad bir addımlıqda – divarın o biri tərəfindəydi. Şeyx xeyli fikirləşəndən sonra dilləndi:

– Qibleyi-aləm necə məsləhət bilsə, qəbulumuzdur.

– Bəs axund niyə dillənmir? Ağzına su alıb durub.

– Mən də eyni fikirdəyəm, şahım.

– Xub. Elə bu cavabı da gözləyirdim sizdən. Gedə bilərsiniz.

Şeyxlə axund gedirlər. Şah Təbərxanı çağırır. O içəri girib təzim edir.

– Təbərxan, mən belə görürəm ki, sən yaman kilsə tikmək həvəsindəsən.

– Bəli, şahım.

– Niyə?

– Şahım, nəqqaş özünü kilsədə daha çox göstərə bilir, sənət əsərləri yaradır. Orda həm heykəllər var, həm divarüstü rəsmlər. Şahımızın da borcundan layiqincə çıxa biləcəyəm.

– Necə?

– Heykəllərdən bir neçəsini sizə həsr edəcəyəm – bütün səmavi dinlərə hörmət etdiyinizə görə.

– Gözəl, gözəl. Başla tikməyə. Sənə imkan yaradıram özünü göstərməyə.

– Şəhərin hansı hissəsində, şahım?

– Qala divarlarından kənarda – çöllü-biyabanda bir yer tap.

– Adını nə qoyaq kilsənin, şahım?

– Bilmirəm… ora ad qoyulmalıdır ki?

– Bəli. Əsasən tikintiyə icazə verənin adı verilir.

– Məsəlçün, Göyverən kilsəsi, Göyverən senaqoqu.

– Onu sonra fikirləşərəm. Əsas odur ki, tikintiyə başla.

– Allah ömrünüzü uzun eləsin, şahım. Siz mənə ikinci dəfə həyat verdiniz.

– Get əraziyə bax. Elə et ki, uzaqdan baxanda Həqqi məscidi, kilsə, senaqoq və qala divarları bir-birini tamamlasın. Məscid o birilərindən daha möhtəşəm olsun. Hətəmə də de, nə qədər lazımdırsa qızıl buraxsın.

– Əmr edərsiniz, şahım. Ən gözəl memarları, heykəltəraşları cəlb edəcəyəm bu işə.

– Başla, Təbərxan, başla. Nə lazımdırsa, elə. Amma öncə get o yeyib-içən şairi bura çağır. Onun istədiyindən hazırla. Bildin də nəyi deyirəm. Sonra isə get öz işinə.

– Şair Meyxoşu deyirsiniz?

– O qədər içmişdi ki… Adını soruşmaq yadımdan çıxdı.

Təbərxan gedir. Şah yenə otağında təkdir. Darıxır. Karine yadına düşür. Bu dəm eşikağası qapını döyüb iznlə içəri girir. Vəkil Qaplanın gəldiyini söyləyir.

– Gəlsin! – Qaplan içəri girir, – Qaplan, sağaldın? Mən dedim daha qayıtmazsan. Rəngi-ruyun sapsarıdır hələ.

– Həmişə şux və sağlam olasınız, şahım. Yaman pis xəstələnmişdim. İndi babatam.

– Görünür, görünür. Xeyir ola, nəsə deyiləsi bir sözünmü var?

– Bəli, şahım. Məmləkətdə xoşagəlməz xəbərlər dolaşır. Məncə qabağı alınsa yaxşı olar.

– “Qabağı alınsa”? Al da qabağını! Daha niyə yanıma qaçmısan? O boyda mənsəb sahibisən. Səni ona görə saraya gətirmişəm ki, hər dəfə balaca uşaq kimi yanıma qaçasan?

– Şahım, bu mənim səlahiyyətimdə deyil. Mən kiməm ki? Baş vəzir də yoxdur.

– Yaxşı, de! Nə məsələdir?

– Şahım, xüsusları siz bilirsiniz əlbəttə ki… Üç valiliyin bərpasını ikinci vəzir Fərmana tapşırmısınız, Göyverən valiliyini əyan Dürəngə, Həqqi məscidini baş hakim Abdullaya.

– Hə, nə olsun?

– Məmləkətdə xəbər yayılıb ki, əgər bu işlər əyanların cibinin hesabına görülürsə, onda bizim ödədiyimiz vergi hara gedir?

– Onların nə borcuna? Hara lazımdırsa ora da gedir. Budur pis xəbər?

– Xeyr, şahım. Pis o deyil. Məsəlçün, Həqqi məscidini kim inşa elətdirir?

– Mən.

– Amma hamı deyir ki, bəs baş hakim Abdulla inşa elətdirir. O üç valiliyi kim bərpa elətdirir?

– Mən.

– Amma hamı deyir ki, “vəkil Fərman sağ olsun”, “yaşasın hakim Abdulla, əyan Dürəng!”. Bu Abdulla, Fərman, Dürəng kimdirlər axı? Siz onlara əmr verməsəydiniz, bunu edərdilərmi? Niyə sizin tapşırıqlarınızı gedib orda-burda öz adlarına çıxırlar? Özlərini xalqın gözündə böyütməkçünmü?

– İndi nə deyirsən? Vurdurum hamısının boynunu?

– Əsla, şahım.

– Yəqin qorxursan ki, bu işi sənə tapşıraram. Ona görə belə deyirsən.

– Əsla, şahım. Sizin yolunuzda xalqın yarısının başını kəsərəm, uf demərəm.

– Bəs nə cəza verim?

– Şahım, Ağzıcırıqlar məhəlləsindən əlli nəfərə məvacib kəsmənizi istəyirəm. Ki, ürəklə mən tapşıracağım işləri görsünlər.

– Nə iş tapşıracaqsan ki, onlara?

– Şahım, sizin sözünüzü valiliklərə yayacaqlar.

– Hansı sözümü?

– Məsələn: Qibleyi-aləm Göyverən Şah müharibə vaxtı yerlə yeksan olmuş üç valiliyin bərpasına üç min qızıl ayırıb. Bu işlərə başçılığı ikinci vəziri Fərmana tapşırıb.

– İndi deyirsən ki, xəzinədən bu qədər pul ayırım ora?

– Əsla, şahım. Bütün işləri Fərman görəcək. Öz cibindən xərcləyəcək, ya hardansa tapacaq. Amma ad sizin olacaq. Qızıllar da qalacaq xəzinədə. Camaatın da ağzı yığışacaq.

– Razıyam. Başqa?

– Şahım, belə bir qayda var ki, şahlar öz şahlıqları vaxtı nə tikərlərsə, yaradarlarsa, ona öz adlarını verərlər. Məmləkətin ən böyük məscidini tikirsiniz, adını isə Həqqi məscidi qoymusunuz. Həqqi Şahın da dövründə məscidlər tikilib, bulaqlar çəkilib, daha nələr-nələr olub. Birinə atası Alqan Şahın adını qoyubmu? Xeyr.

Göyverən Şah fikrə getdi.

– Düz deyirsən, Qaplan. Belə et. Fərmanımı hər yana çatdır. Qalanın içində məmləkətdə ən böyük Göyverən məscidi tikilir. Bu işlərə xəzinədən min qızıl ayrılıb. Qalanın bayırında isə Göyverən kilsəsi və Göyverən senaqoqu tikilir. Bu işlərə də xəzinədən iki min qızıl ayrılıb.

– Gözəl, şahım. Siz təkcə bu fərmanlarınızla adınızı əbədi olaraq tarixə yazdırdınız.

– Yaxşı, get adamlarını topla başına və bu xəbərləri yay. Hər cüməyə bir xəbər. Qoy xalqım bilsin ki, şahları daim onları düşünür. Başqa sözün yoxdursa, gedə bilərsən.

– Ömrün uzun olsun, şahım.

Qaplan gedir. Təbərxan şair Meyxoşla gəlir.

– Hə, şair, xoş gəlmisən. Maşallah, bu gün çox gümrahsan. Addımların da mətindir. Heç səndələyib eləmirsən.

– Evdəydim, şahım. Yatmışdım. Neçə gündür şəhərə çıxmıram.

– Niyə?

– Şahım, qara quruşum yoxdur. Şair dostlarım da hamısı mənim günümdə. Boş-boşuna küçələri veyllənməyə nə lüzum? Kimə lazımam ki?

– Mənə. Gördün ki, yenə yada salıb çağırdım səni. Bundan artıq nə istəyirsən?

– İstəyirəm ki, yada salmayasınız.

– Niyə? – deyə şah təəccübləndi.

– Çünki adamı yaddan çıxaranda yada salarlar. Mən isə istəyirəm ki, həmişə şahımın yadında olum.

– Danışdıq. Bu gündən sən oldun mənim şair dostum. Razısan? Amma yadında saxla – sarayda rəqqasə-zad yoxdu ha...

– Olmasın. Razıyam. Əsas məsələ şahın sevdiyi adam olmaqdır. Düzdür belə adamlara Allahın sevimli bəndəsi deyirlər. Amma yalandır. Şah səni sevdisə, deməli hamı sevəcək – üstəlik Allah da…

– Təbərxan, dediklərimi hazırlamısan?

– Bəli, şahım.

– Amma əvvəlcə Hətəmi çağır.

– Başüstə, şahım.

Hətəm gəlir.

– Hətəm, xəzinədən hər ay üç qızıl ayırırsan məmləkətin seçilən yeddi şairi üçün. Adlarını şair Meyxoş sonra sənə deyəcək.

– Başüstə, şahım, – deyib Hətəm gedir.

– Şahım, sizdən bir dənədir. Yenidən qaytardınız məni həyata.

– Amma keçən dəfə belə demirdin.

– Necə deyirdim ki?

– Deyirdin ki, sənə beş dənə Xəmsə həsr etsəm də azdır. Nə tez yadından çıxdı?

– Beş nədir, şahım. Yüzünə layiqsiniz. Amma deyəsən keçən dəfə bu sözü hərəmxana məsələsindən sonra demişdim axı, – deyə şair qımışır.

– Düz deyirsən, şair. Mən elə bildim ki, sərxoşların yaddaşı olmur.

– Sərxoş yox, məst idim, şahım.

Süfrə açılır. Təbərxan şərab dolu kuzəni gətirib şairin yanına qoyur və şahın əlinin işarəsiylə otaqdan çıxır. Meyxoş saxsı badəyə şərab süzür. Amma içmir. Nəzərlərini şaha dikir.

– Sən nuş elə, şair. Mənə fikir vermə.

– Şahım, tək olmaz içmək.

– Niyə?

– Tək şərabı əyyaşlar içər.

– O nə deməkdir ki?

– Şəraba aludə olanlara, onsuz yaşaya bilməyənlərə əyyaş deyərlər.

– Bəs sən şərabın nəyisən?

– Mən əyyaş deyiləm. Yeyib-içənəm, şərabdan ləzzət alanam, məsti-xumar olanam. Bunlar ayrı-ayrı şeylərdir. Bunları bir-birinə qarışdıranlar böyük rübai ustadı Ömər Xəyyamı da əyyaş, sərxoş adlandırırlar. Bu haqda mən bir rübaimdə belə yazmışam:

 

Aqibəti xeyir Ömər Xəyyamın,

Tilsiminə düşüb mey dolu camın.

Fikrin-düşüncənin ayıq sərrafı,

Sərxoşdur gözündə naşının, xamın.

 

Şairlər meydən, şərabdan yazsalar da, hətta içsələr də, həmişə fikrin-düşüncənin ayıq sərrafı sayılıblar.

– Bunu anladım. Bəs, şair, keçən dəfə tək içdin axı.

– Onda hamamın bumbuz suyu məni elə bir günə qoymuşdu ki, başqa əlacım yox idi. Şahım, bəlkə bir az… mənimlə, – deyə şair çırtmanı boğazına vurdu.

– Əgər şair xahiş edirsə, olar. Amma azca.

Şair sevincək şahın badəsini götürüb ora şərab süzdü. Göyverən Şah badəni əlinə alıb dodağına aparanda şair qışqırdı.

– Şahım, belə olmaz!

– Niyə?

– Sağlıq deyilməsə olmaz.

– Sağlıq nədir?

– Məsəlçün, məni siz bura çağırmısınız. Mən sizin qonağınızam. Ona görə də birinci sağlıq ev yiyəsi tərəfindən “xoş gəldin” olmalıdır. Sonra badələri toqquşdurmalıyıq bir-birinə – “sənin sağlığına, sənin şərəfinə” deyərək. Bundan sonra içmək olar.

– Ay şair, xoş gəlmisən. Düz dedim?

– Əla. Əgər gəlməyim həqiqətən də sizə xoşdursa əlavə edin ki, “həmişə sən gələsən”.

– Ay şair, xoş gəlmisən. Həmişə sən gələsən.

– Sağ ol, şahım. Həmişə xoş gününə gəlim sənin, – deyərək şair öz badəsini zərblə şahın badəsinə toqquşdurdu. Ləbaləb dolu badələrdəki şərab çalxalanaraq bir-birinin içinə, azca da süfrəyə töküldü.

– Nə edirsən, şair? Yavaş vur… Yeməklər də meyə bulaşdı.

– Şahım, qayda belədir.

– Nə qayda?

– Şahım, bu o deməkdir ki, nə siz şəraba zəhər qatmısınız, nə də mən. Yoxsa o qədər adamı belə zəhərləyiblər? Bu cür toqquşduranda, şərab badədən badəyə qarışanda isə qarşılıqlı inam yaranır.

– Bunu bilmirdim, – deyə şah güldü, – Nuş olsun, şair.

Şahla şair badələrini başlarına çəkirlər.

– Bu nə şirindir? Üzüm suyudur da… bunun nəyini haram buyurublar? – deyə Göyverən Şah ağzını marçıldatdı.

– Şahım, tələsmə. Səsi sonra çıxacaq. Qədim şəraba oxşayır. Mən heç vaxt beləsini içməmişdim.

Göyverənin rəngi qızardı. Əlini süfrəyə uzatdı. İştahla yeməyə başladı. Şair də bir az yeyib yenidən kuzəni əlinə götürdü. Şərabdan badələrə süzdü:

– Şahım, icazənizlə bu sağlığı mən deyim.

– Buyur, şair.

– Sağlıq şahımın sağlığıdır. Allah sizi məmləkətimizin üstündən əskik eləməsin. Allah sizin şahlığınızı uzun ömürlü etsin. O gün olsun ki, sizə dövrümüzün ən qüdrətli şahənşahı deyim.

Şair bayaqkından fərqli olaraq badəni şahın badəsinə yavaşca toqquşdurdu. İçdilər. Şahın gözləri gülməyə başladı. Xumarlandı.

– Şair, əyyaş nə deməkdir? İzah etsənə.

– Şahım, gəlin sizə bir əhvalat danışım. Özünüz agah olun ki, sərxoş, əyyaş nə deməkdir. Və qarşımızdakı meyin kimləri nə günlərə saldığını təsəvvür edin.

– Danış.

– Şahım, günlərin bir günü böyük bir məmləkətin şahı xəstələnir. Saray loğmanları əlac tapa bilmirlər şahın halına. Qonşu məmləkətlərə xəbər göndərirlər. Ordan da təbiblər gəlir. Amma sağalda bilmirlər ki, bilmirlər. Şah isə gündən-günə geriləyir. Yemir. Yataqdan başını qaldırmağa belə taqəti qalmır. Bir dəri olur, bir sümük. Günlərin birində sarayın qapısına bir səfil yaxınlaşır. Deyir ki, şahı mən sağaldaram. Tez baş vəziri tapırlar. Vəzir ondan soruşur ki, bəs dünyanın bütün adlı-sanlı loğmanları gəlib, şahı sağalda bilməyib. Sən səfil necə sağaldacaqsan? O da cavab verir ki, bəs şahın əlacı yalnız məndədir. Onda baş vəzir səfili hədələyir. “Sağaltmasan, boynunu vurduracağam” deyə. Səfil nəinki qorxur, heç tükü də tərpənmir. Xülasə, vəzirin əmriylə səfili çimizdirirlər, saç-saqqalını səliqəyə salırlar, təzə paltar geyindirirlər. Sonra səfil kağızın üstündə nəsə cızır. Cizgilərə əsasən ustalar təmiz qızıldan qəribə qurğu düzəldirlər. Ondan sonra səfil qazana su tökür. Altını odlayır. Bir çuval zoğal istəyir. Zoğalı tezcənə tapıb gətirirlər. Tumunu təmizləyirlər. Boşaldırlar qazana. Xülasə, qazan qaynayır və qurğunun bu başındakı lüləsindən başlayır yavaş-yavaş nəsə damcılamağa. Bir badə dolanda səfil boşunu onun yerinə qoyur. Süfrə açılmasını istəyir. Müxtəlif təamlar ortaya gəlir. Səfil ilk olaraq hamının gözü qabağında, nümayişkaranə badəni götürüb çəkir başına. Sonra isə süfrədəki təamlardan birini götürüb burnuna yaxınlaşdırıb iyləyir. O vaxta qədər boş badə dolur. Səfil onu əlinə götürüb şaha yaxınlaşmaq istəyəndə baş vəzir qoymur. Badəni ondan alıb dodağına aparır. Bir qurtum içib, “bu nədi? Zəhərdir ki?” deyə səfilin üstünə qışqırır. Səfil isə kefini pozmadan “baş vəzir həzrətləri, dərman acı olar da…” cavabını verir. Xülasə, şahın başını dikəldib badədəki dərmanı ona bir təhər içizdirirlər. Şah həmən gözünü açır. Əliylə yatağa vurmağa başlayır. Sanki boğulur. Baş vəzirin əmriylə mühafizlər tez səfili qamarlayırlar. O isə “ay vəzir, şah yemək istəyir. Yemək verin ona” deyir. Tezcənə yemək dolu nimçəni şaha uzadırlar. Şah cücənin budunu götürüb həmən həzmi-rabedən keçirir. Sonra əlini ikinci tikəyə uzadır. Yenidən halsız düşərək gözünü yumur. Səfil isə öz işiylə məşğul olmaqda davam edir. Baş vəzir yaxınlaşır ki, ay səfil, bəs sonra? O da cavab verir ki, neçə vaxtdır xəstə yatan şahı bir-iki qurtum dərmanla sağaltmaq istəyirsiniz? Şah bunu içməkdə davam etməlidir. Ta ki, sağalanacan – özü bəs deyənəcən. Günorta olur. Şah gözünü açır. Səfil yenə əvvəlki qaydada bir badə süzüb özü içir. Sonra isə bir badə də süzüb baş vəzirə verir. Bu dəfə işini əvvəlcədən bilən baş vəzir dərmanla yanaşı yemək nimçəsini də yaxında saxlayır. Şah “dərmanı” içib əlini yeməyə aparır. Sonra isə yatır. Xülasə, şah üç gündən sonra özünə gəlir. Səfili saray loğmanı təyin edir. Ona ənam bağışlayır. Amma səfilin sözüylə dərmanı gündə üç dəfə içməyinə davam edir. Səhər içir. Günorta “Vay! Başım ağrıdı!” deyən kimi səfil tezcənə ona “dərman”dan verir və həmən ağrıları keçir. Axşam da başağrıları başlayan kimi əli badəyə gedir. Beləcə günlər keçir, aylar ötür. Şah sağalır. Amma dərmansız da qala bilmir. Dövlət işləriylə də məşğul ola bilmir. Həmişə məsti-xumar olur. Günlərin bir günü bezərək səfildən soruşur ki, bəs ay mənim xilaskarım, mən dövlət işləriylə məşğul ola bilmirəm. Axı nə vaxtacan bu dərmandan içəcəyəm? Şahım, səfil nə cavab versə yaxşıdır?

– Nə? – deyə Göyverən şah soruşur.

– Deyir ki, bax mənim günümə düşənəcən. Mən səndən də böyük bir məmləkətın şahıydım. Ceyran südü məni əyyaş gününə saldı.

– Maraqlıydı. Amma mən anlamadım. Bunun əyyaşlığa, sərxoşluğa nə dəxli?

– Şahım, əyyaşlar hər gün içirlər. Səhər yuxudan duranda başları elə ağrıdır ki, bunu yalnız mey aradan götürə bilir. Beləcə öyrəşirlər. Elələrinə əyyaş, içki düşgünü deyilir. Bu bir başqa bəla, başqa mərəzdir. Ona görə də, şahım, ehtiyatlı ol. Öyrəşərsən, evimiz yıxılar. Axı sən şahsan. Mən isə şair adamam. Heç bir məsuliyyətim yoxdur. Birdən içmək istəsən, iç. Ancaq mənimlə, – deyə şair Meyxoş gülümsündü.

– Anladım, şair. Mənimçün bir şey də maraqlıdır. Şair içməsə yaza bilməz ki?

– Şair sərxoş halda şeir yazmır. Yalnız ayıq halında yazır. Məndə elə olub ki, içib yazmışam. Amma ertəsi günü ayılanda, oxuyub, cırıb atmışam. Şair ilahi övladıdır. Amma adı bu mey baxımdan pis çıxıb.

– Şair, üç qızıl az olmadı ki?

– Şah verən bir qara quruş da qiymətlidir. Çünki onu şah verib. Bu məmləkətdə hamı minnət qoyandır. Bircə şahdan başqa.

– Axı deyəsən mən də minnət qoydum. Sizdən Xəmsə istədim.

– Minnət qoymaq başqadır. Ummaq başqa. Dost dostdan umar.

Məclis başa çatır. Şah şair Meyxoşu qapıyacan yola salıb, mühafizlərə tapşırır ki, onu evinəcən ötürsünlər. Sonra yenidən qayıdıb xalçanın üstündə uzanır. Karineni çağırtdırır. Hərəm otağa girib Göyverən Şahı görəndə gülməyini saxlaya bilmir.

– Şahım məsti-xumardır?

– Hə, Karine. Bu gün özüm qoyduğum qaydaları özüm də pozmuşam. Gəl yanıma.

Karine xalçanın üstündə oturur. Şah başını onun dizinin üstünə qoyub belini qucaqlayır.

– Karine.

– Bəli, şahım.

– Nə istəyirsən istə məndən.

– Şahım, mənim arzum əlçatmazdır.

– Mən şaham. Şahlar hər şeyə qadirdirlər.

– Hər şeyə?

– Əlbəttə ki…

– Şahım, bilirsən nə istəyirəm?

– Bilirəm.

– Yox. Bilmirsən.

– Bilirəm. Ziynət, qızıl, ləl-cəvahirat.

– Dedim də… bilmirsən.

– Onda özün de.

– Niyə deyim ki… onsuz da yerinə yetirilməyəcək arzum.

– Sən de.

– Şahım, bu elə bir arzudur ki, gecələr yatmağa qoymur məni. Yadıma düşən kimi yuxum ərşə çəkilir.

Şərabın təsirindən onsuz da məst olan şah Karinenin bu sözündən bir az da əridi.

– İstənilən arzun həyata keçəcək, Karine. De.

– Şahım, mən sizin yolunuzda baş kəsmək istəyirəm. Öldürmək yox ha...

– Nə? – deyə Göyverən Şah yerindən dikəldi. Əvvəlki məstliyindən əsər-əlamət qalmadı. Gözlərini Karinenin qan çökmüş gözlərinə dikib soruşdu, – Karine, həqiqi sözündür?

– Bəli, şahım.

– Karine, get. Bircə sən qalmışdın baş kəsməyən. Get. Gül kimi halım vardı. Soğan doğradın əhvalıma.

Karine dinməzcə durub otaqdan çıxır.

 

***

 

Günlər keçir. Şah taxtında oturub. Baş vəzir Qüdrət, baş mühafiz Aslan və əyanlar hüzurunda dayanıblar.

– Axır ki, qayıtdız. Nə var, nə yox məmləkətdə, baş vəzir?

– Hər şey qaydasındadır, şahım. Üç valilik tam bərpa olunub. O biri valiliklər sülh dövrünü yaşamağa başlayıb. Vergilər yığılır. Xəzinəniz daha da artır. Necə demişdinizsə elə də oldu, belə də davam edəcək. Göyverən valiliyindən də yəqin Aslan xəbər verər.

– O sonra. Deməli belə, ikinci vəzir Fərmanı qaytar geri – saraya. Dürəngi təyin elə o üç valiliyə başçı. Göyverən valiliyinə Aslan kimi desə onu da göndərərsən.

– Başüstə, şahım.

– Əyanlar, qala divarlarından kənarda mənim adımı daşıyacaq kilsə və senaqoq tikdirirəm. Bu işləri nəqqaş Təbərxana tapşırmışam. Məscidin də adını dəyişib Göyverən məscidi qoydum. Yəqin ki, xəbəriniz var – vəkil Qaplanın carçıları hər yerə yayıb xəbəri. Bu məqsədlə xəzinədən xeyli qızıl ayrılıb.

– Gözəl işlərdir, şahım. Alqışa layiqdir, – deyə Qüdrət hamının əvəzindən dilləndi. Əyanlar da başlarını tərpətməklə razılıqlarını ifadə etdilər.

– Bəzəkli arabalar da sifariş edib Təbərxan. Yaxın vaxtlarda səfərə çıxacağam uzaq ellərə. Bilməli olduğunuz bunlar idi. İndi isə gedin. Aslan, sən qal!

Hamı çıxır.

– Aslan, indi sən danış. Necədir işlər?

– Şahım, siz dediyiniz kimi, hər şey qaydasında gedir. Ordumuzdan qat-qat böyük bir ordu yaranıb. Hamısı da hazırlıqlı. Bircə, müharibədə sınaqdan çıxarmaq qalır. Ordan da üzüağ çıxsalar, bizə zaval yoxdur.

– Müharibə belə vacibdir ki?

– Şahım, müharibənin artıq dövlətə ziyanı yox, xeyri var. Həlak olsalar dallarıyca gələn olmayacaq. Qanpulu-zad verilməyəcək. Əksinə, qalib gəlib qənimət hesabına özlərini dolandıracaqlar. Bir xüsus da var ki, hamısı cavandır. Tələbatları da ödənər. Utanıram açıq deməyə.

– Deyirsən ki, hazırdırlar?

– Bəli, şahım. Bu cür olacağını heç mən də gözləmirdim. Əla fikirləşmisiniz.

– Yəqin ki, bu tərif İtbaşıya düşür.

– Əsla, şahım. İtbaşı yetimləri qız-oğlan qarışıq nəzərdə tutmuşdu. Siz isə ancaq oğlan uşaqlarını dediniz. Onları çöldəki həyatdan təcrid etməklə yarıvəhşi bir məxluqa döndərmişik. Sanki zəncirlənmiş itdirlər. Zəncirlərini gəmirə-gəmirə qalıblar. Açıb-buraxsaq…

– Yaxşı. Onu fikirləşərik. Hələlik get.

 

***

 

Divan. Baş vəzir taxtında əyləşib. Nəqqaş Təbərxan hüzurundadır. Qüdrət onu acıqlı-acıqlı süzür. Birdən ayağa qalxıb Təbərxana yaxınlaşır. Möhkəmcə şillə ilişdirir. Nəqqaş zərbəyə dözməyib yerə sərələnir. Vəzir sağ ayağını onun boğazına qoyub:

– Küçüyün biri küçük, mən min bir əzabla xəzinəni doldururam ki, sən onu xımır-xımır yeyəsən? Sən haranın qoduğusan ki, şahın yanında özünə isti yuva qurmusan? Vallahi, sənin də, nəslinin də başına elə oyun açaram ki, qaynatan Misqinin müsibəti bunun yanında toy-bayram olar. Mənim sarayda olmamağımdan istifadə edib guya şahın ürəyinə yol tapmısan, hə? Bizsiz tənha qalan şaha qulaqyoldaşı olmusan? İndi də onunla karetaya minib dünyanı gəzmək, şahın gözünü açmaq istəyirsən, eləmi? Sonra da qayıdıb bizlərə sənin kimi həqarət edib bəyənməsin, hamımızı pərən-pərən salıb səninkimilərini saraya yığsın? – bunu deyib vəzir qılıncını qınından sıyırdı. Dizi üstə onun sinəsinə çökdü. Təbərxanın qulağından tutub burdu. Qılıncı kökünə dirədi. İti tiyə dəriyə azca işlədiyindən qan axmağa başladı. Təbərxan qışqırdı, – Qorxma. Elə bilirsən ki, qulağını kəsəcəyəm? Yox. Bu səninçün böyük mükafat olardı. Bu qılıncı qulağının içinə elə soxacam ki, bir də şahın nə dediyini eşidə bilməyəsən. Eləcə, qoyun kimi başını yelləyib durasan. Küçük! Buna bax, şaha kitab aparır. Kareta sifariş verir. Kilsə-senaqoq tikir. Çörəyini yediyin, casusluq etdiyin Elbrus elinin siyasətini yayırsan burda, it oğlu it?

– Mən casus deyiləm. Sənətkaram.

– Kəs səsini, küçük. Bunun zingildəməyinə bax. Tik. Nə olar ki, tik. Səni o tikdiyin kilsənin başından üzüaşağı buraxmaq mən borc olsun. O kilsənin ətrafında salınan qəbiristanlıqda ilk elə sənin qəbrin qazılacaq. Heyvan oğlu heyvan, dövlətin siyasətinə cavabdeh mənəm. İstər din olsun, istərsə də saray. Qandın?

– Bəli, baş vəzir həzrətləri.

– Özün kimi küçükləri sarayda yığmısan bir otağa. O nə məsələdir?

– Sirdir. Deyə bilmərəm. Şahımız tapşırıb ki, heç kimə demə. Yoxsa boynumu vurdurar.

– Səndən bir daha soruşuram: o nə məsələdir?

– Deyə bilmərəm. Sirdir. Şah boynumu vurdurar.

– Deməli, demirsən. Deməli, sirdir. Və bu dövlətin ikinci şəxsinin sirdən xəbəri olmamalıdır. Yaxşı. Nə deyirəm ki… Qorxmağın düzgündür. Mənə desən boynun vurulacaq. Onda gəl şahımıza əziyyət verməyək. Necə ki, atan Abdulla qudası Misqinin boynunu otağında vurdu, mən də elə burda sənin başını kəsim. Onda bilərsən ki, məmləkətin baş vəzirindən sirr gizlətmək nə deməkdir, – deyib baş vəzir qılıncını Təbərxanın boğazına dirədi.

– Öldürməyin məni, baş vəzir həzrətləri, hamısını deyəcəyəm. Şahımıza təklif etdim ki, üstündə onun əksi və adı olan dəmir pullar buraxaq. Adını da “göyverən” qoyaq.

Vəzir qılıncı Təbərxanın boğazından çəkib qınına saldı. Yenidən taxtında oturdu. Təbərxan dirçəlib diz üstdə dayandı. Əliylə qulağını ovuşdura-ovuşdura gözlərini baş vəzirə zillədi.

– Deməli, pul. Özü də ki, dəmir pul. Bəs şahımız nə dedi sənin təklifinə, hə?

– Dedi ki, “Əla! Əla! Əla-ül-əla!”

– Yox, mən yanılmışdım. Sən küçük deyilsən! Şeytansan şeytan! Səni elə-belə buraxsam, mən baş vəzir Qüdrət olmaram. Baş fərraş! – deyə Qüdrət qışqırdı. Baş fərraş içəri girib təzim etdi, – Fərraş, bas bunu qoduqluğa. Üstünə də xüsusi nəzarət qoy.

– Başüstə, baş vəzir həzrətləri, – deyib baş fərraş Qəşşaş Təbərxanı xirtdəklədi. Sürüyə-sürüyə Divandan çıxartdı. Bu dəm baş vəzirin çağırdığı Qaplan içəri girdi.

– Vəkil Qaplan, bu nə oyundur çıxarmısan? Sənə deməmişdim ki, məndən xəbərsiz heç nə etmə? Təbərxanla birləşib ayağımın altını qazıyırsınız?

– Mən qələt eləyərəm, baş vəzir həzrətləri, bütün nəsil-nəcabətimlə. Sizin tapşırığınızı yerinə yetirmişəm sadəcə. Siz deməmişdiz ki, baş hakim Abdullanın məsələsini həll edim?

– Demişdim.

– Mən də şaha dedim ki, baş hakim Abdulla məscidi öz adına çıxır. Hər yerdə yayır ki, mən tikdirirəm oranı.

– Bəs o üç valilik, Fərman və Dürəng? Onları niyə şeytanladın?

– Onları da gözünə qatdım ki, məqsədli görünməsin.

– Deməli sən mənim adamım ola-ola mənim o biri adamlarımın quyusuna daş atırsan, hə? Mən sənə kimi demişdim? Abdullanı, yoxsa Fərmanla Dürəngi?

Qaplan qızardı. Başını aşağı saldı.

– Bura bax-bura bax, səni hüzuruna şah çağırmışdı, yoxsa özün getmişdin?

Qaplan dinmədi. Canına əsməcə düşdü.

– Yaxşı. Tutaq ki, onları da qatdın Abdullanın gözünə. Sonu nə oldu?

– Heç nə. Şah heç qeyzlənmədi. Məcbur olub öz xəbəryayanlar dəstəmi yaratmaq təklifini verdim. Bu alındı.

– Deməli, sarayda öz dəstəni bərqərar edirsən. Tərəfdarlarını içəri salırsan, – deyib baş vəzir taxtından durdu. Otaqda var-gəl etməyə başladı.

– Baş vəzir həzrətləri, bir xüsus da var.

– Nə xüsus?

– Şahımızla Aslanın gəzməyə çıxanda getdiyi yola adamlarımı saldırdım. Paytaxtdan kənarda, çox da işlək sayılmayan karvan yolunun üstündə xaraba karvansaray var. İtbaşı adlı qoca səfil yaşayır orda. Doqquz dənə də iti var. Çox ehtimal ki, şahımız Aslanla ora gedir. Ondan başqa həmin səmtdə bir ins-cins yoxdur.

– Kimlər gətirdi sənə o xəbəri?

– Evyıxanlar məhləsindən iki nəfər ən yaxın adamım.

– Çağır onları bura.

– Başüstə, baş vəzir həzrətləri.

Vəkil çıxır. Baş fərraş Qəşşaş içəri girir.

– Qəşşaş, sən nə oyun çıxarmısan mən burda olmayanda? Hə?

– Baş vəzir həzrətləri, hər şey nəzarətimdə olub siz tapşırdığınız kimi. Hətta şahımız da…

– Şahımız da..? O necə ola bilər ki? Səni kim saraya buraxıb mən burda olmayanda?

– Baş vəzir həzrətləri, heç kim buraxmayıb. Sadəcə, şahımız gecənin bir vaxtı Təbərxanla dərviş seyrinə çıxmışdı. Fərraşlar da duyuq düşüb tez mənə xəbər etdilər.

– Neçə dəfə çıxıblar təxtgaha?

– Bir dəfə.

– Hara gediblər?

– Şair Abumahirin evinə. Bundan əvvəl isə Təbərxanın müşayiətiylə Abumahiri gətizdirmişdi saraya. İki dəfə də şair Meyxoşu.

– Bəh-bəh-bəh. Day denən ki, atlar ölüb, itlərin bayramıdır da... Daş düşüb məmləkətin başına. Allah bilir nə çərənləyiblər...

– Sarayda nə olub bilmirəm. Amma evdə qulaq asdıra bilmişəm.

– Qulaq asdıra bilmisən? Əla, əla. Nə danışıblar?

– Şair şahımıza Gözəl İbrahimlə Adil şahın nağılını danışıb. Şah da diqqətlə qulaq asandan sonra ona deyib ki, gəl gedək saraya, mənim vəkilim ol. O isə razılaşmayıb. Deyib ki, belə şeylər danışma. Yoxsa baş vəzirin məni öldürər. O imkan verməz ki, sarayda ikinci ağıllı adam peyda olsun. Şah da cavab verib ki, baş vəzir nə karədir mənim qərarımın əleyhinə çıxa. Şair də cavab verib ki, bəs Lərzan kimin fitvasının qurbanı oldu?

– Sonra nə deyib o qoca əbləh?

– Deyib ki, ay şah, sən yaxşısan, amma ətrafın pisdir. Sağollaşanda deyib ki, şah nə vaxt istəsə qonaq gəlsin, özü də ki, gecələr. Heç kim duyuq düşməsin. Bir də hansısa Barəngahdan, İtbaşıdan danışıblar. Mən də başa düşmədim kimi deyirlər. Qəribə adlardır – Barəngah, İtbaşı.

– Onu mən aydınlaşdıraram. Sən belə elə. O şairin evini gecə-gündüz nəzarətdə saxla. Söhbətlərinə qulaq asdır. İçəri girənə dəymə. Çıxanda hamısını izlət. Adlarını gizlincə öyrən, mənə de. İndi isə çıx. Qaplanın çağırdığı iki nəfər otağa girəndə qapıda durub işarəmi gözləyərsən. Yəni ki, “Bunları dünyanın bütün ağrı-acılarından azad et” deyəcəyəm. Başa düşdün də… Başlarını elə ək ki, heç kim duyuq düşməsin.

– Başüstə, baş vəzir həzrətləri.

Baş fərraş gedir. Vəkil Qaplan gəlir.

– Baş vəzir həzrətləri, dediyiniz iki nəfəri gətirdim.

– O iki nəfər öz yerində. Sən mənə başqa şey de. Qaplan, mən şəhərdə yoxam. Boşboğazlar, Ağzıcırıqlar, Evyıxanlar kimi üç məhəllə də sənə işləyir. Amma hamınız mənim səxavətimdən harınlamısız, fil qulağında yatmısız. Yəni sənin xəbərin yoxdur ki, şairlər saraya ayaq açıb?

– Xəbərim var. Bir dəfə Abumahiri qucaqlarında gətiriblər saraya, iki dəfə də Meyxoş gəlib. Hətta Meyxoşa və digər şairlərə şahımız ayda üç qızıl məvacib də kəsib.

– Bəs bunları bayaq niyə demədin?

– Əhəmiyyətsiz saydım, baş vəzir həzrətləri. Şairlər kimdir axı?

– Şairlər kimdir? Əhəmiyyətsiz saydın? Bəs sənin xəbərin vardırmı ki, şah şair Abumahirin evində qonaq olub?

– Xeyr.

– Bütün gecəni söhbət ediblər. Şair şahımızın beynini müxtəlif nağıllarla, məsləhətlərlə doldurub. Sonda da şahımız sənin əhəmiyyətsiz və heçə saydığın şairə vəkillik mənsəbi təklif edib. O da razılaşıb. Bu da səninçün əhəmiyyətsizdir?

Vəkil Qaplan başını aşağı salıb susdu. Bilmədi nə cavab versin.

– Nə məsləhət edirsiniz, baş vəzir həzrətləri?

– Nə yaxşı yadına düşdü mənim məsləhət verməyim? Quyruğun qapı arasında qaldı? Şahın hüzurunda ağzını Allah yoluna qoyanda heç yada salmırdın məni? Yerini isti eləmək istəyirdin şahın yanında? İndi özün bilərsən. Lərzanın dörd uşağını öldürüb özünü şahın gözündə göylərə qaldırmışdın. İndi də özün öz dərdinə əlac qıl. Şair Abumahir yəqin ki, sabah səhər vəkil qoyulacaq. Hələ vaxtın var.

– Gedim şaha yalvarım ki, mənə dəyməsin?

– Yalvar. O an da boynunu vurdursun. Desin ki, “ay küçük, məni güddürürsən?” Soruşsa ki, söhbəti hardan bilirsən, nə cavab verəcəksən? Yaxşı ki, səndən fərqli olaraq məmləkətdə qazdan ayıq insanlar var. Və onların hamısı mənə sədaqətlidir. Sən isə… sənə güvəndiyim dağlar... Amma mən sən deyiləm. Özümə yaxın bilib əvvəlcədən xəbərdar etdim ki, işini ehtiyatlı tutasan. Belə getsə mənsəbini itirəcəksən. Özü də sabah tezdən. Bundan artıq kömək edə bilməyəcəyəm sənə. O iki nəfəri çağır bura. Özün isə get başına çarə qıl.

Vəkil gedir. Qaplanın dediyi iki nəfər içəri girib təzim edir.

– Nə öyrənmisiniz? Danışın!

– Baş vəzir həzrətləri, – deyə iki nəfərdən yaşlısı sözə başladı, – işlək sayılmayan karvan yolunun üstündəki xaraba karvansarayda İtbaşı adlı biri yaşayır. Doqquz iti var. Az qalmışdılar ki, bizi parçalasınlar. Yaxşı ki, atın belindəydik. O səmtdə başqa bir ins-cins yoxdur.

– Bunu Qaplandan başqa kimsəyə demisinizmi?

– Xeyr, baş vəzir həzrətləri.

– Yaxşı. Baş fərraş, – deyə baş vəzir qışqırdı. Baş fərraş həmən peyda oldu, – Baş fərraş bunları dünyanın bütün ağrı-acılarından azad et.

– Başüstə, baş vəzir həzrətləri, – deyib baş fərraş Qaplanın adamlarıyla Divandan çıxdı.

Baş vəzir fikrə getdi: deməli İtbaşı. Şahımıza ağıl verən İtbaşı adlı səfilin biriymiş. Nə qəribə adı var. Yox. Səfil şaha ağıl verə bilməz. Bu nəsə başqa adamdır. Yəqin səfil adıyla yaşayır. Bəs Barəngah kimdir? Nəsə tanış gəlir mənə bu ad. Hər şeyi birigün səhər gedib yerində aydınlaşdıraram. Hələ qoy sarayda həyatı əvvəlki məcrasına qaytarım.

Hətəmin içəri girməyi baş vəziri xəyalından ayırır.

– Hətəm, nə var, nə yox? Nə baş verib mən sarayda olmayanda?

– Ay Qüdrət, yaxşı ki, qayıtdın. Mən lap başımı itirmişəm. Bu karetalar, kilsəylə senaqoq xəzinəni boşaldacaq. Hələlik iki min qızıl deyib şahımız. Amma inanmıram belə ucuz başa gələ. Bu Təbərxan yaman yuxarıdan gedir. Şahın ürəyinə necə yol tapıbsa, əmr verilib ki, ağzından hansı məbləğ çıxsa ödəyim. Göyverən Şah bunun dediklərinin hamısına “hə” deyir. Yeddi şairçün aya üç qızıl məvacib təyin edib. Onlar da əyyaşın biri. Ağızlarına gələni danışacaqlar şahın yanında. Bircə təlxəyimiz çatışmırdı. Bu təhlükəni aradan qaldırmaq lazımdır.

– Nə təhlükə, Hətəm?

– Belə getsə Təbərxan səni itələyib oturacaq yerində. Belə başa düşürəm. Şah onu yemək süfrəsində yanında otuzdurur. Bunu sakitin biri sayırdım. Demə çoxbilmişin böyüyüymüş. Bəlkə də Misqinin qisasını almaq istəyir səndən. Çox xatalı adamdır.

– Narahat olma, Hətəm. Onun dərsini verərəm. Xəzinə boşalmamalıdır. Mən ona görə çalışmıram ki, yığıb gətirdiklərimi hansısa it oğlu it yeyib dağıtsın. Əslində, Təbərxan məndən qisas almır – məmləkəti quru yurdda qoymaq istəyir. Elədikləriylə dilə-dişə salacaq bizi. Güclüləri üstümüzə qaldıracaq. Sən bilmirsən. Bu köpəyoğlu Elbrus elinin casusudur. Onların çörəyini yeyib.

– Qüdrət, bir söz də deyim sənə. Şah Karine adlı hərəmə yaman göz qoyub. Kaminat şahlığındandır. Xaçpərəstdir. Şah tez-tez çağırır onu.

– Sağ ol, Hətəm. Sənin kimi, baş fərraş Qəşşaş kimi sədaqətli adamlar olmasaydı mən nə edərdim?

– Borcumuzdur, Qüdrət. Köhnələrdən kim qalıb ki? Bir sənsən, bir də mən.

– Hətəm, ödəmələri müxtəlif bəhanələrlə gecikdir. Pul buraxma Təbərxana. Fitvasını hazırlamışam. Görək nə olur…

– Necə deyirsənsə elə də olacaq, Qüdrət. Mən dolu xəzinənin xəzinədarı olmaq istəyirəm.

– Elə də olacaq. Amma yalnız məni eşit. Məni tanıyırsan da… Qurbanın yetirməsiyəm. Çox şey öyrənmişəm ondan. Hətəm, Barəngah adı sənə tanış gəlmir ki?

– Gəlir. O vaxt rəhmətlik atam danışardı ki, bəs Həqqinin Barəngah adlı qardaşı olub. Sonra isə saraydan yoxa çıxıb.

– Yaxşı. İndisə, get. Bu gün çox şeylərdən xali oldum. Bəzi məsələlərə əncam çəkməyim lazımdır.

– Allah əmanətində ol, Qüdrət.

Hətəm gedir. Baş vəzir hərəmxanadan xacə Dümbələyi yanına çağırtdırır. Az keçməmiş o gəlir.

– Dümbələk, nə baş verir hərəmxanada?

– Hər şey qaydasındadır, baş vəzir həzrətləri?

– Hər şey qaydasında o vaxt idi ki, şah qəhbəbaşı Şahgülüyə meylini salırdı. Amma indi qulağıma başqa xəbərlər çatır. Özü də səndən yox, başqalarından.

– Baş vəzir həzrətləri, şah qız seçir. Mən də onu hazırlayıb yatağına yola salıram. Başqa nə edə bilərəm ki?

– Heç nə eləmə. Sadəcə, mən baş vəzir bütün bunlardan xəbərdar olmalıyam. Qandın? Kimdir bu Karine?

– Hərəmlərdən biri. Kaminat şahlığındandır. Şah artıq onu öz otağına çağırır. Yataq otağına yox, taxt olan otağa. Səhərəcən bir yerdə olurlar. Amma o gün nədənsə tez qayıtdı. Otağa girməyiylə çıxmağı bir oldu. Pəjmürdə idi. Nəsə baş vermişdi aralarında.

– “Nəsə baş vermişdi” mənə maraqlı deyil, Dümbələk. Mən səni ora ona görə qoymamışam ki, sən mənə qeyri-müəyyən sözlər deyəsən. Özün də mənim ən ayıq-sayıq fərraşlarımdan sayılırsan. Öyrən gör nə olub aralarında? Bu Karine kimdir? Bəlkə elə casusdur? Bəlkə Kaminat şahın yox, elə xəyanətkar Qaflanın adamıdır? Kaminatın başını yedi, indi də keçdi Göyverən Şaha.

– Baş vəzir həzrətləri, daha dözə bilmirəm hərəmxanada. Məni Dümbələk çağırmaqları bir yana, hərəmlər məni kişi saymayıb yanımdan döşü-başı açıq saymazyana o yana-bu yana keçəndə lap yanıb-tökülürəm. Qurban olum, baş vəzir həzrətləri, dəyişdirin məni başqasıyla.

– Nə! Dəyişdirmək? Mənə ağıl öyrədirsən? İndi səni həqiqətən axtalatdıraram, onda ağlın həmən gələr başına. Elə əsl xacə Dümbələk olarsan. Fərraş Canpolad adını isə həmişəlik unudarsan. İstəyirsənmi belə?

– Üzr istəyirəm, baş vəzir həzrətləri, – deyə xacə Dümbələk qızardı.

– Onda başını sal aşağı, dediyimi elə! Qandın?

– Bəli.

– Get Karinenin ürəyinə yol tap. Özünü əsl xacə kimi apar. Öyrən ürəyindəkiləri. Sən də onların böyük bacısı.

– Başüstə, baş vəzir həzrətləri. Biri də var. Adı Yunnadır. Şahımız onu da seçmişdi. Amma bir dəfə.

– Hər şeyi öyrən və mənə çatdır! Gedə bilərsən!

Xacə gedir. Baş vəzir Divanda tək qalır. Fikrə gedir: on-on beş gün paytaxtda olmayan kimi aləm dəyib bir-birinə. Amma xeyirliyədir. Nehrə çalxalanmasa, yağ olmağa iddia edən ayranları tanımaq mümkün olmaz. Amma şükür ki, Allah məni “ayran”larla, şairlərlə sınağa çəkib. Qaplan da boş şeydir. Artıq heç kimdir. Təbərxanın hökmü isə artıq oxunub. Amma Karine? Onun qabağını tez almalıyam. Çünki şaha məndən bir köynək yaxın ola bilər. “Ola bilər” niyə ki? Elə yaxındır. “Bir köynək yaxın” nə deməkdir? Yatağa girəndə əyinlərində heç köynək olur ki? Sadəcə, şahla arasındakı narazılığı bilsəm yetər. Səhəri gözləyək. Əgər mən həqiqətən də ağıllı vəzirəmsə, sabah səhər hər şey öz yoluna düşməyə başlayacaq.

 

***

 

Səhərdir. Şah taxtında əyləşib. Baş vəzir hüzurunda dayanıb. Baş mühafiz Aslan da burdadır.

– Qüdrət, kim öldürüb şair Abumahiri?

– Vəkil Qaplan, şahım.

– Vəkil Qaplan? Niyə?

– Bilmirəm.

– Bəs siz necə bildiz?

– Şahım, gecənin bir aləmi gedib şairgilə. Pəncərədən girib evə. Yatdığı yerdə başını kəsib. Şairin arvadı duyuq düşüb qışqırıb. Səsə yaxınlıqda keşik çəkən fərraşlar gəliblər. Qaplan da pəncərədən çıxıb qaçmağa başlayıb. Fərraşlar təqib edib onu yaxalamaq istəyəndə xəncərini çıxararaq müqavimət göstərib. Fərraşlar da nə bilsinlər ki, qarşılarındakı vəkil Qaplandır. Soxublar qılıncı qarnına.

– Qaplanın onunla nə düşmənçiliyi?

– Şahım, dünən yaman fikirliydi. Yanıma gəldi ki, qurban olum, mənə kömək et. Şahın qəzəbinə tuş gəlmişəm. İstəyir məni vəkillikdən çıxarıb, yerimə şair Abumahiri qoysun. Dedim ki, inanmaram. Sən şahımıza sədaqətini Lərzanın dörd oğlunu qətlə yetirməklə sübut eləmisən. Şahımız niyə səni bimənsəb etməlidir ki?

– Bu hardan çıxdı ki, mən Abumahiri vəkil qoymaq istəyirəm. Əlsiz-ayaqsız şildən nə vəkil? Nəsə qaranlıq qaldı mənə bu məsələ.

– Üç məhəllə ona işləyirdi axı… Şəhərdə belə şayiələr gəzir ki, bəs şahımız təğyiri-libas olub şair Abumahirin evinə gedib. Onunla səhərəcən söhbət edib. Sonda da ona vəkillik mənsəbi təklif edib. Boş-boş şeylərdir də. Xalq həmişə şahını dərviş libasında simasını yaratmağa çalışıb. Şahımızın işi-gücü qurtarıb ki, gecənin bir yarısı kiminsə evinə getsin? Bir də… Barəngah adı yaman dolaşır camaatın dilində. Mən də anlamıram bu nə addır, yaxud İtbaşı kimdir?

Göyverən şah üzünü çevirib Aslana baxdı.

– Boş-boş danışırlar. Vəkili və şairi layiqincə dəfn edin. Mənim adımdan ailələrinə başsağlığı verin. Sarayın adı hallanmasın deyə xəbər yayın ki, canilər hələ yaxalanmayıb, axtarılır. Bildin, Qüdrət?

– Bəli, şahım. Şahım, bir xüsus da var. Xəfiyyələr mənə çatdırıb ki, sarayda Elbrus elinin casusu peyda olub. Sirlərimiz, xəzinədə qızılımızın çox olmasıyla bağlı xəbərlər göndərirmiş oralara. Belə bir namə aparanı xəfiyyələr yaxalayıblar. Budur, – deyib Qüdrət tumarı şaha təqdim edir, – İcazə versəydiniz araşdırardım. Xaçpərəstlər çox qorxulu olurlar. Buna əncam çəkilməlidir.

– Kimdən şübhələnirsən?

– Təbərxan özünü çox şübhəli aparır. Danışdırdım onu. Aradan çıxmaq istəyirdi. Hər ehtimala qarşı salmışam baş fərraşın qoduqluğuna. Gerisini şahımız nə məsləhət bilsə…

– Aslan! – deyə şah Qüdrətin sözünü kəsdi, – Tut Təbərxanın qulağından sürü bura!

Qüdrət və baş mühafiz otaqdan çıxırlar. Bir az keçir Aslan Təbərxanla qayıdır. Şah taxtından durub ona yaxınlaşır. Qəfil boğazından yapışaraq boğmağa başlayır. Aslan onlara yaxınlaşıb hazır vəziyyətdə durur.

– Küçük, mən sənə ürək qızdırıb özümlə gecə seyrinə apardım. Demə sən xəbərçi imişsən ki? Hamıya faş etmisən şairlə aramızda olan söhbəti. Sənin ucbatından Qaplan bu gecə Abumahirin başını kəsib.

– Şahım, mən heç vaxt sizə xəyanət etmərəm. Heç kimə deməmişəm bu barədə.

– Kəs səsini. Hələ casusluğunu demirəm. Elbrus elinə yazdığın namə ələ keçib. Bütün sirlərimiz yazılıb orda. Yaxşı ki, xəfiyyələr ələ keçiriblər bunu, – deyib şah əlindəki kağızı onun gözü önünə gətirdi.

– Əsla, şahım. Mənim xəttim deyil. Bunu mən yazmamışam. Mən karetaların sifarişiylə bağlı namə göndərmişəm. Orda qeyd etmişəm ki, imperatorlara layiq bir iş ortaya qoysunlar. Nə qədər qızıl lazımdırsa, ödəyəcəyik.

– Aslan!

– Bəli, şahım.

– Bu xəyanətkarı heç kimə tapşırma. Açarı da al gətir mənə.

– Anladım, şahım, – deyib Aslan Təbərxanı otaqdan çıxartdı. Bir az keçmiş geri qayıtdı. Açarı şaha verib, – Şahım, əmriniz yerinə yetirildi, – dedi.

– Aslan, baş vəziri çağır bura.

Baş vəzir gəlir.

– Qüdrət, götür bu açarı. Saraydakı gizli otağın açarıdır. Pulu – göyverənləri orda kəsirlər. Bundan sonra ora cavabdeh sənsən. Təbərxanın şagirdlərindən birini başçı qoy, işləsinlər. Sonrasını deyəcəyəm. Bir də… Təbərxanı da şair Abumahir və Qaplan kimi layiqincə dəfn edin. Deyərsiniz ki, zəhərlənib ölüb.

– Başüstə, şahım, – deyib baş vəzir otaqdan çıxır.

 Şah taxtına əyləşdi. Hirsi soyumamışdı. Barəngahı üzdən tanıyan yeganə adamı itirmişdi.

 

***

 

Divan. Baş vəzir əyləşib. Hətəm və Qəşşaş hüzurunda dayanıblar.

– Təbərxanla Qaplanın məsələsini həll etdim. Qaldı… Baş fərraş, adamlarına de ki, gözdə-qulaqda olsunlar. Ta ki, vəziyyət əvvəlki məcrasına qayıdanacan.

– Başüstə, baş vəzir həzrətləri.

– Hətəm, Təbərxan artıq yoxdur. Yəqin, kilsə-senaqoq məsələsi də aradan qalxar. Karetalar da çətin gələ.

– Qüdrət, vallah dəhşətsən. Səndən qorxmağa başlamışam.

– Qorxma, Hətəm. Sənsən, baş fərraşdır – sizlər mənim dayağım, arxamsınız. Siz olmasaydınız mən olanlardan necə xəbər tutacaqdım? Qaldı bircə müəmmalı Karine. Onun da məsələsini həll etsəydim olardı əla. Tayqulaq Fərman qayıdandan sonra hər şey yağ kimi gedəcək.

– Allah ömrünü uzun eləsin, Qüdrət. Bəs bu şairlərin işini necə edim? Şair Meyxoş altı nəfərin adını yazıb gətirib.

– Ver getsinlər. Onsuz da qoca, əyyaş şeydirlər. Bugün-sabah öləcəklər. Qaplanın carçılar məsələsini də şahımla danışaram.

– Qüdrət, sən Allah, özün də ehtiyatlı ol. Yoxsa hamımız yanarıq.

– Narahat olma, Hətəm. Şahın baş mühafizi, bizim isə baş fərraşımız var. Bütün məmləkət nəzarətimizdədir.

– Ömrünüz uzun olsun, baş vəzir həzrətləri, – deyə Qəşşaş təzim eləyir.

 

***

 

Şahın otağı. Baş hakim Abdulla, baş mühafiz Aslan şahın hüzurundadırlar. Abdullanın beli bükülüb. Sanki yumağa dönüb.

– Şah sağ olsun. Sizdən bir ricam var. İcazə verin gedim qocalığımı yaşayım.

– Niyə? Oğlundan sənə nə? Günahı vardı, cəzasını aldı.

– Şahım, düzünü siz bilirsiniz. Amma keçən dəfə olduğu kimi bu dəfə də baş vəzirin fitvasına getdik. Oğlum sizə xəyanət etməyib.

– Bəs Abumahirlə onun öz evində üçlükdə etdiyimiz söhbətdən Qaplan necə xəbər tutub? Bütün paytaxta xəbər necə yayılıb?

– Şahım, divarın da qulağı var.

– Ay hakim, sən təsəvvür belə etməzsən ki, Abumahir mənə necə lazım idi. İtirdim onu.

– Mən isə balamı itirdim. Yeganə oğlum idi. Qoymadım qalıb yaşasın Elbrus elində. Məcburən qaytardım geri ki, evimin çırağını yandıran olsun mən öləndən sonra. Özüm sağ qala-qala çırağım söndü artıq. Şahım, burax məni gedim.

– Yaxşı. Sən deyən olsun. Get. Allah Təbərxana rəhmət eləsin.

– Həmişə xoş sədalarınızı eşidim, şahım.

Abdulla gedir. Şah üzünü Aslana tutaraq:

– Aslan, qanunları yaxşı bilirsən. Saraydan heç kim elə-belə sağ çıxıb gedə bilməz. Baş hakimin də ayağı sürüşüb, başı daşa dəyib. Çoxlu qan itirdiyindən xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!

– Anladım, şahım.

Aslan otaqdan çıxır. Şah baş vəzir Qüdrəti və xəzinədar Hətəmi çağırır.

– Hətəm, kilsəylə senaqoqun tikintisini dayandırıram. Karetalara pul buraxma. Qüdrət, məscidin adını dəyişdirib Göyverən ibadətgahı qoyuram. Carçılar da sənlikdir. Lazım bilərsənsə, saxla. Məmləkətdə nə baş versə səndən soracağam. Təbərxan kimi casuslar sarayda yenə də ola bilər. Bunu diqqətdə saxla. Baş hakim Abdulla oğlunun ölümünə tab gətirə bilmədi. Onun yerinə ikinci vəzir Fərmanı təyin edirəm.

– Ömrün uzun olsun, şahım. Həmişə olduğu kimi çox düzgün qərar çıxartdınız.

– İndi isə gedin.

 

***

 

Baş vəzir Qüdrət Divandadır. Ötən gecə baş verənlər hələ də yadından çıxmır: “Gecənin bir aləmi evinin qapısı döyülür. Gələn baş fərraşla vəkil Qaplandır.

– Nə olub? Nə hadisə baş verib?

– Baş vəzir həzrətləri, fərraşlar vəkil Qaplanı həbs edib gətiriblər yanıma. Mən də bilmirəm nə edim.

– Nə cinayət törədib ki?

– Qoy özü desin, baş vəzir həzrətləri.

– Danış, Qaplan.

– Baş vəzir həzrətləri, gecənin bir aləmi pəncərədən girdim şair Abumahirin evinə. Elə yatağındaca başını kəsdim. Arvadı duyuq düşüb qışqırdı. Mən pəncərədən çıxıb qaçanda fərraşlar hardansa peyda olub yaxaladılar məni. Dedim ki, vəkil Qaplanam. Onlar da gətirdilər baş fərraşın yanına. O da buraxmadı məni. Gətirdi sizin hüzurunuza.

– Düz edib. Baş fərraş sən deyilsən ha özbaşına qərar qəbul edib, sonra başını cəncələ salsın. Sağ ol de ki, fərraşlar səni elə yerindəcə öldürməyiblər.

– İndi nə edim, baş vəzir həzrətləri? – deyə baş fərraş dilləndi.

– Nə edəcəksən ki? Bilmirsən vəkil Qaplan mənim ən yaxın adamımdır? Onun dərdinə şərik olmalıyıq. Ağrı-acısını unutdurmalıyıq. Təmiz adının ləkələnməsinə yol verməməliyik.

– Ömrünüz uzun olsun, baş vəzir həzrətləri. Bilirdim ki, ağır ayaqda mənə dayaq olacaqsınız, – deyə Qaplan diz çöküb, baş vəzirin əbasının ətəyindən öpür.

– Get, Qaplan. Baş fərraş nə lazımdırsa edəcək. Get rahat yat”.

Xacə Dümbələyin otağa girməsi baş vəziri xəyalından ayırır.

– Nə oldu, xacə Dümbələk, bir şey öyrənə bildin?

– Baş vəzir həzrətləri, çox girdim qılığına. Amma heç nə çəkə bilmədim. Sonda sizi soruşdu. Dedi ki, mən baş vəzirlə görüşmək istəyirəm. Ona vacib sözüm var. Dedim mənə de çatdırım. Demədi.

– Əla. Lap əla. Çağır onu bura.

– Baş vəzir həzrətləri, bura?

– Bura gətir onu! Qulağın kardır? – deyə Qüdrət səsini qaldırdı.

Xacə Dümbələk otaqdan çıxır. Az sonra Karineylə birlikdə qayıdır.

– Xacə Dümbələk, sən eşikdə gözlə.

Dümbələk otaqdan çıxır.

– Xacə dedi ki, mənə vacib sözün var.

– Bəli, baş vəzir həzrətləri.

– Niyə məhz mənə demək istəyirsən, şahımıza yox?

– Şahımıza demək istədim. Amma arxasını dinləmədən, niyəsini soruşmadan qovdu məni otağından. İndi ümidim sizədir.

– Niyə məhz mənə?

– Çünki siz ağıllı adamsınız.

– Sən məni tanımırsan. Üzümü də ilk dəfədir görürsən. Hardan bildin ağıllıyam?

– Şahımız dedi ki, şahbanu mənsəbini siz ləğv etmisiniz. Ona görə.

– Yaxşı! Sözünü de! Uzatma! – deyə baş vəzir daha ciddi görkəm aldı.

– Mən Qaflan Şahı qətlə yetirmək istəyirəm.

– Qaflan Şahı? – baş vəzir təəccüblə soruşdu.

– Bəli. Təkcə öldürmək yox – başını qibləyə tutub, qurbanlıq qoyun kimi kəsmək.

– Baş kəsmək? Hərəm, insan öldürmək bu qədər asandırmı yəni? – Qüdrəti soyuq tər basdı.

– Mən insan öldürmək istəmirəm. Qatil deyiləm. Mən ailəmin qisasını alacağam. Bunlar ayrı-ayrı şeylərdir.

– Qaflan şahdır. Sən onu necə tutacaqsan ki, hələ bir ədəb-ərkanla başını da kəsəsən. Onu heç oxla da vurmaq mümkün deyil. Güclü mühafizə olunur.

– Ona görə sizə pənah gətirmişəm. Siz çox müdrik adamsınız. İstəsəniz onu tələyə sala bilərsiniz.

– Bunu niyə istəməliyəm ki? Qaflan vaxtlı-vaxtında bac-xəracını ödəyir. Cınqırını da çıxarmır. Buna bir səbəb yoxdur axı, hələ bir onu həbs edim, sonra da sənin ixtiyarına verim ki, gəl başını kəs. Bir də… sən axı açıqlamadın. Niyə onu öldürmək istəyirsən?

– O mənim ailəmi qılıncdan keçirib. Canımı güclə qurtarmışdım ki, quldarların əlinə keçdim. Onlar da məni – Göyverən Şaha hərəm hədiyyə etmək tapşırığını alan –valiyə satdılar. Beləcə, gəlib düşdüm bura.

– Deməli, saraya soxulmaqda məqsədin var?

– Saraya soxulmamışam. Taleyim belə gətirib.

– Birdən kömək etməsəm sənə?

– Əvvəl-axır qisasımı alacağam.

– Necə?

– Şahdan oğul dünyaya gətirəcəyəm. Vəliəhd taxt-taca çıxanda validə olacağam. Sonra şah oğlumu müharibəyə məcbur edib qisasımı alacağam. Amma bu, çox uzun çəkə bilər. Ya da Qaflan dünyasını tez dəyişər. Və bunların heç biri baş tutmaya bilər. Mən tez bir zamanda arzumu həyata keçirməliyəm. Artıq dözə bilmirəm. Saraydan qaçıb gedə bilmərəm. Bu xəyanət sayılar. Bir xəyanətkarı öldürmək üçün xəyanətkar olmağa dəyməz.

– Düz deyirsən. Şahidi olmuşam. Qaflan Kaminat Şaha xəyanət etdi. Karine, heç vaxt şahına xəyanət etmə.

– Düz buyurursunuz, baş vəzir həzrətləri. Bir xüsus da var: mən Qaflanı siz bayaq dediyiniz kimi – əsir yox, şah kimi öldürmək istəyirəm. Siz bu xoşbəxtliyi mənə qismət edin, borclu qalmaram.

– Bir şərtim var.

– Əmr edin.

– Qulum olmalısan!

– Mən onsuz da qulam. Amma şahın qulu. İkinci şəxsin qulu olmaq şaha xəyanət sayılar. Siz dediniz ki, heç vaxt şaha xəyanət etmə. Amma əmin olun, sizə borclu qalmayacağam. On qat artıq verəcəyəm yaxşılığınızın əvəzini.

– Bəs şahımız nə dedi bu sözünə?

– Şahımızın kefi kök idi. Dedi ki, nə arzun varsa yerinə yetirəcəyəm. Mən də ürəklənib “şahım, mən sizin yolunuzda baş kəsmək istəyirəm…” demişdim ki, qəzəbləndi. Qovdu məni otaqdan. Heç soruşmadı da kimin başını kəsmək istəyirəm, niyə istəyirəm.

– Hərəmxanada səndən başqa Kaminat şahlığından olan varmı?

– Var.

– Kimdir?

– Afra.

– Yaxşı. Bir şey fikirləşərəm. Gedə bilərsən. Soruşan olsa, səni özüm çağırtdırmışam. Sarayda casus peyda olub. Sən də hərəmxanada ayıq-sayıq ol. Bir şey duysan xacə Dümbələyə de, mənə çatdırsın. Şahımıza xəyanət edəni yerindəcə məhv etməliyik.

– Başüstə, baş vəzir həzrətləri.

– Xacə Dümbələk, – qapı açılır, – hərəmi qaytar hərəmxanaya. Afranı gətir bura! – deyə baş vəzir xacəyə əmr edir.

– Başüstə.

Xacəylə Karine gedirlər. Baş hakim Fərman içəri girir.

– Xoş gəlmisən, Fərman, – deyib Qüdrət ayağa qalxır. Fərmanı qucaqlayır, – Axır ki, qayıtdın paytaxta. İstəyirdim səni muştuluqlayam. Amma deyəsən xəbərin var.

– Düz bilmisən, Qüdrət. Şahımızın yanındaydım. Xeyir-duamı verdi.

– Əla. Lap əla. Baş hakim də oldu bizimki. Əl-ələ verib çox işlər görə bilərik.

– Amma köhnə işlərim öz qaydasında getsin ha, Qüdrət.

– Kim sənə nə deyir… bu sənin halalca haqqındır. Sənin hoqqaların olmasa mənim bir karvansarayım, çayxanam, adi qəlyanaltım belə bir gün işləyə bilməz.

– Ay Qüdrət, qarşılıqlıdır. Sənin şahgülülərin, xangülülərin olmasa mənim malım xırd olmaz. Karvansaray dedin, Qüdrət, yadıma bir şey düşdü. Paytaxtın mərkəzində əzəmətli bir karvansaray gördüm. Təzə tikilib. Kimindir o?

– Aslanın. Şahın baş hərəmi vardı – şahgülü Qəndab. Əvvəllər onun mülküydü. Özü də içində yandı, yandırdılar, bilmirəm. O da yetimin biriydi. Şahın xeyir-duasıyla keçdi Aslanın əlinə. Aslan isə oranı və ətrafını sökdürüb böyük bir karvansaray tikdirdi. Adını da qoyub Aslan karvansarayı. Xəbəri yoxdur ki, biz ora öz adamlarımızı buraxmasaq, heç cücə karvansarayı da olmayacaq.

– Niyə ki? Danışaq, buraxaq da…

– Tələsmə. Özünü tox tut. Onsuz da ziyandadır. Bu gün-sabah özü gəlib yalvaracaq. Qoy hörmətli olsun. Biz də sabah ondan bir şey xahiş edəndə “yox” deməsin. Necə olsa şaha bizdən bir köynək yaxındır axı. Bax, ay Fərman, Hətəmlə baş fərraşa demişəm, sənə də təkrarən deyirəm, məndən xəbərsiz bir addım da atma. Yanarsan. Təbərxanla Qaplanın yandığı kimi. Bildin?

– Başüstə, ay Qüdrət. Başım çəkib. Başımla yanaşı qulağım da, – deyə hər ikisi gülüşür.

– Uğurlu olsun yeni mənsəbin. Get işinin başına.

– Hələlik, Qüdrət.

Baş vəzir otaqda təkdir. Fikrə gedir: deməli, Karine saraya qisas almaq üçün gəlib. Yox, nəyisə gizlədir. Görəsən əvəzini on qat artıq necə çıxacaq? Amma adam başı kəsməyi bacarırsa, bizə lazım adamdır. Özü də ki, saraydadır – düz şahın yatağının içində. Bunu özünə ram edə bilsən, sənə zaval yoxdur, ay Qüdrət. Baş işlət. Bəs İtbaşı? O, əsas sayılmırmı? Hər dəfə şahla Aslan o səmtə gedib qayıdandan sonra aləm bir-birinə dəymirmi? Deməli qarşımda iki hədəf var. İkisinə də çatmalıyam. Bacarsam mənə zaval yoxdur.

 

***

 

Sübh tezdən qala qapılarından qaraniqablı bir atlı çaparaq karvan yoluna çıxır. Çapıb-çapıb xaraba karvansarayın yanına çatır. Doqquz it onu hürə-hürə qarşılayıb komayacan müşayiət edirlər. İtbaşı səsə çıxır. Qaraniqablı atdan düşüb onun qənşərinə gəlir.

– Nə lazımdır, a bala?

– İtbaşı.

– Mənəm İtbaşı. Bəs sən kimsən?

Qaraniqablı diz çökür. Başını qaldırıb qocanın gözlərinə baxır:

– Sənin onuncu itin.

– Adın nədir?

– Adım…

Qoca bir müddət dinmir. Qaraniqablını diqqətlə süzür. Sonra onu ayağa qaldırıb alnından öpür.

– Xoş gəlmisən, – deyib komaya dəvət edir.

 

***

 

Səhərdir. Şahın otağı. Göyverən Şah fikirlidir. Baş mühafiz Aslan qarşısında dayanıb.

– Şahım, bəlkə bir seyrə çıxaq. Nəsə pəjmürdə görürəm sizi.

– Hara?

– İtbaşının yanına.

– Niyə? Nə soruşacağam ki, ondan? Bütə çevirib məni ruhsuz qoydu. Heç nəyə həvəsim yoxdur. Bircə hərəmxana qalıb. Hərəmxana dedim yadıma düşdü. Karvansarayda nə var, nə yox?

– Ömrünüz uzun olsun, şahım. Tikib başa çatdırmışam. Amma işlədə bilmirəm.

– Niyə?

– Şahım, tapşırmışam ki, mənim karvansarayımda təxtgahın qanunları pozulmamalıdır. Yəni, şahgülülər, hoqqa-moqqa yaxına buraxılmasın. Bu səbəbdən ora yalnız ailəli gəlmələr düşür. Belə getsə bağlamalı olacağam. Xərci borcunu ödəmir.

– Onda Qüdrətlə şərikə gir. Bilirsən necə işlədər oranı? Özün isə pulunu götür.

– Şahım, öz adımı vermişəm ora.

– Adını dəyişərlər.

– Mahiyyət dəyişməyəcək, şahım. Hamı bilir ora mənimdir. Mən başqa bir şey fikirləşmişəm. Əgər şahımız məsləhət bilsə…

– De.

– Şahım, məmləkətdə loğmanlar çatışmır. Bəlkə orda…

– Əhsən! – deyə şah qoymadı ki, Aslan sözünü axıra çatdırsın, – Sarayda da loğman yoxdur. Bir mədrəsə yarat. Loğman alimləri yığ ora. Bizimkilərə dərs keçsinlər, xəstələri də sağaltsınlar. Nə kömək lazım olsa çəkinmə, de.

– Ömrün uzun olsun, şahım.

– Hə, kefimi açdın bu xəbərinlə. İnsan gərək nəsə yeni bir söz eşitsin. Bu Qüdrət karvansaray, tacir-tüccardan başqa heç nə bilmir. Hələ hoqqa-moqqanı demirəm. Aslan, düz deyirsən, gedək İtbaşını ziyarət edək.

Sübh tezdən iki atlı qala qapılarından çıxıb karvan yoluna düzəlirlər.

– Aslan.

– Bəli, şahım.

– Mən İtbaşıyla söhbət edəndə sən orda olursan. Keçən dəfə İtbaşı dedi ki, “şahım” arvada deyərlər. İzahını sən də eşitdin. Amma yenə mənə bu cür müraciət edirsən. Niyə?

– Şahım, mən elə düşünmürəm – ona görə. İtbaşı düz demir.

– Düz demir?

– O sizi qadın təsirindən, qadın hiyləsindən qurtarmaq üçün belə deyir.

– Anlamadım. İzah elə.

– Şahım, mən sizə həmişə deyirəm ki, siz mənim Allahımsınız. Elədirmi?

– Elədir.

– Bəs Allahın cinsi nədir – kişi, yoxsa qadın? Kimsə onu görübmü? Kimsə onun əksini çəkib bizə göstəribmi?

– Yox.

– Şah da Allahın yerdəki kölgəsidir, sizin təbirinizcə desək – əksidir. İnsanlar əllərini açıb göyə qaldıraraq “ay Allah”, ya da “Allahım” deyə müraciət edirlər. Bizlər də sizə “ey şah”, yaxud da “şahım”.

– Yaxşı. Tutaq ki, İtbaşının sözünü yalana çıxartdın. Bəs qara camaatı itlə eyniləşdirməyi necə, düzgündürmü?

– Şahım, idarəetmə baxımından, hə. Amma mən başqa misal çəkərdim.

– Maraqlıdır.

– Şahım, “günlərin bir günü bir qartal hündür şiş qayalıqda oturub, ətrafı seyr edir. Aşağıdan dövşan keçir. Qartalı görüb soruşur:

– Qartal, sən orda neyləyirsən?

– Heç nə eləmirəm, oturmuşam özümçün.

– Olarmı mən də oturum və heç nə eləməyim?

– Niyə olmur ki? Otur.

Dovşan sakitcə oturur. Bu zaman qabağından tülkü keçir. Görür dovşan oturub və onu heç vecinə də almır. Fürsətdən yararlanan tülkü dovşanı parçalayıb yeyir. Bütün bunları yuxarıdan seyr edən qartal düşünür: hayıf, unutdum dovşanı xəbərdar edəm ki, özündən əmin olmaq üçün lap yuxarıda oturmaq lazımdır". İndi, şahım, qara camaat nədir, işləməmək, çalışmamaq nə. Dovşan kimi doyub, harınlayıb, heç nə eləmək istəməyəndə, o an başını əzirlər ki, o birilərə dərs olsun. Yoxsa, yuxarıda oturub işləməyənlər nə yeyər?

– Yaxşı misaldır. Bəs bunları İtbaşının yanında niyə demirdin?

– Şahım, bizə belə tərbiyə veriblər: böyüklər səndən söz soruşanda cavab ver. Ona görə. Soruşdunuz, dedim. Siz şahsınız. Hamıya qulaq asa bilərsiniz. Sonda hökm vermək, son söz sizinkidir.

– Aslan, sən müslimsən?

– Bəli, şahım.

– Anadangəlmə?

– Bütün nəsillikcə.

– Bax, sənsən, Qüdrətdir, Qurban idi, Fərmandır – hamınız müslimsiz. Hərəmxanam isə digər din mənsublarıdır. Elə Qəndabın özü də… Amma Təbərxandan sonra çəkinməyə başlamışam onlardan. Bəlkə hamısını müslüm edək? Təbərxanı götürək… Elbrus elində bir müddət yaşamaqla tamam dəyişmişdi. Sonda isə xəyanət...

– Şahım, mənim fikrimi soruşursunuzsa, bunun heç bir mənası yoxdur. Lap müslim olsalar da, heç nə dəyişməyəcək.

– Niyə?

– Ad dəyişəcək, mahiyyət, kök, maya, cövhər həmən-həmən qalacaq. Lazım olanda sandıqlarında gizlətdiklərini çıxarıb salacaqlar boyunlarına. Yəqin şahım bir əhvalatı eşidib.

– Hansını deyirsən?

– Şahım, deməli bir xristian müsəlman olmaq istəyir. Gəlir məscidə. Mollaya yaxınlaşır. Molla bütün ayinləri ona başa salır. Xristian da ədəb-ərkanla bütün bunlara əməl edir. Mollanın bütün tapşırıqlarını yerinə yetirir. Dəllək gətizdirib bəh-bəhlə özünü sünnət elətdirir. Vaxt çatır sonuncu ayinə. Molla məscidin həyətində qəbir qazdırır. Tabutu da yanında. Əvvəlcə kəfənəbənzər ağ libası geyindirir xristiana. Uzandırır tabuta. Sonra dörd nəfər tabutu üç dəfə qəbirə salıb çıxarırlar. Hər dəfə də salıb çıxaranda molla deyir: “Xristian getdi, müsəlman gəldi. Xristian getdi, müsəlman gəldi. Xristian getdi, müsəlman gəldi”. Sonra da müsəlmançılığı qəbul edəni tabutdan çıxarırlar. Molla deyir: “Sən bu gündən artıq müsəlmansan. Get dinimiz nə tələb edir, ona da əməl et, yaşa”. Müsəlmançılığı qəbul edən xristian müsəlman həyatı yaşamağa başlayır. Günlərin bir günü könlünə kabab düşür. Xristianlar da kababı bilirsiniz də... donuz ətindən çəkirlər. Daha doğrusu donuz balasını ocağın üstündə bütöv o yan-bu yan qızardırlar. Bizim din də donuz ətini haram buyurub. Bu müsəlman olmuş xristian da üzü qibləyə bir toğlu kəsir. Kabab çəkir yeyir. Amma ləzzət eləmir. On gündən sonra bir də kabab çəkir. Amma donuz ətinin ləzzətini ala bilmir. Nəfsi güc gəlməyə başlayır. Qırıla-qırıla qalır ki, nə etsin. Axırda “tapdım” deyib başlayır həyətdə çala qazmağa. Donuzu bir taxta yeşiyə qoyur və üç dəfə qəbirə salıb çıxarır. Hər dəfə də təkrar edir: “Donuz getdi, qoyun gəldi. Donuz getdi, qoyun gəldi. Donuz getdi, qoyun gəldi.” Sonra donuzu şişlə öldürür. Kabab çəkib yeyir.

– Yox, bunu ilk dəfəydi eşidirdim. İbrətamiz əhvalatdır. İndi nə deyirsən? Hərəmxananı dağıdım, ya müslimləri yığım ora?

– Müslimləri yığsanız, gərək qaydalara görə kəbin kəsdirəsiniz. Onda da hərəm yox, arvad sayılacaq.

– Həyatın çox qəribə qanunları var, Aslan. Biri o birisini inkar edəndə, digərini təsdiq edir.

– Düz buyurursunuz, şahım. Bir qadın – ana bizə həyat verir, sonra isə o biri qadın – arvad bizi rahat yaşamağa qoymur. Babam həmişə belə deyirdi. Onu da əlavə edirdi ki, arvadlar kişilərdən çox yaşayır.

– Elə niyə?

– Ona görə ki, kişinin ömrünü qısaldan arvadıdır. Arvadın isə arvadı olmur.

– Yəqin ata-baba şahlarımız nəsə biliblər ki, bu cür qanunlar yazıblar da... Gəl, heç nəyi dəyişməyək. Sadəcə, ayıq ol.

– Başüstə, şahım.

Uzaqdan karvansaray xərabəlikləri görsənməyə başlayır.

– Aslan, itlər gözə dəymir nəsə. Həmişə burda pişvazımıza çıxardılar.

– Mən də məəttələm, şahım. Salamatçılıq olar inşaallah.

Şahla Aslan komaya yaxınlaşırlar. İtbaşı çomağına söykənib oturub. İtlər də kölgəlikdə uzanıblar. Başlarını qaldırıb saymazyana şahla Aslana baxırlar.

– Salam, İtbaşı.

– Salam, ey şah. Xoş gəlmisən.

– Xoş gününə gəlim, ay İtbaşı.

– Day denən gəlmək istəmirsən də. Xoş günüm olacaq ki, hələ bir gələsən də...

– Yenə başladın, ay İtbaşı?

Aslan gətirdiyi pay-puşu komaya daşıyır.

– Bunlara nə olub?

– Heç. Bir az halsızdırlar.

– Niyə?

– Yeməkləri kəsilib.

– Yeməkləri? – deyib şah başını sür-sümük qalaqlanmış topaya çevirdi.

– Sən ora baxma, ey şah. Sadəcə sümükdür.

– Bilirəm ki, sümükdür. Sümüyün üstündə azca ət olur, içində də ilik. Topadan belə görünür ki, yeməkləri çox olub.

– Ey şah, əvvəllər saribanlar bizə atıq-urtuq gətirirdilər. Hansılara ki, diş dəyməmişdi, onları mən yeyirdim. Qabaqdan qalan artıqları isə itlərə atırdım. Son vaxtlar vəziyyət pisləşib. Əvvəlki diri tikələr yoxdur. Ona görə qabaqdan qalan artıqları özüm yeyirəm, sümükləri itlərə atıram. Sümüklərin də hamısı ortadan qırılıb, iliyi çıxarılıb.

– Anlamadım, İtbaşı.

– Nəyi anlamadın? Məmləkətdə vəziyyət o qədər ağırlaşıb ki, insanlar bir vaxtlar itə atdıqları sümüyün iliyinə indi özləri möhtacdırlar.

– Aslan gələndə tədarük görüb. Dur ver itlərə, bir az özlərinə gəlsinlər.

– Xeyri yoxdur, ey şah. Taqətdən elə düşməyiblər ki, yenidən dirçəlsinlər. Küçüklər də tələf oldu.

– Yəni karvanlar belə azalıb?

– Azalıb, ya çoxalıb – bunun nə dəxli? Gətirməyinə gətirirlər. Amma içindəkindən bir təpər yoxdur.

– İndi nə edəcəksən, ay İtbaşı?

– Heç nə. Görək sona kim qalacaq. Kim qalsa o da qalib adlanacaq.

– Nəyin qalibi?

– Bax məsələ də bundadır. Məmləkətdəki bütün qızılları xəzinənə yığacaqsan. Hər şey səninki olacaq. Bəs sonda kimin qabağında qürrələnəcəksən ki, mən sizin şahınızam? Mən də sənin kimi. İtlər öləndən sonra adımın İtbaşı çağrılmasının nə mənası?

– Necə demişdinsə, yerinə yetirmişəm. İndi isə narazılıq edirsən.

– Mən demişdim xalqı sümüksüz qoy? Sümükdən də vergi yığ? Mən demişdim ki, tənzimlə.

– Vergi yığılır axı...

– Gəlmələrdən yığılır. Onlar kefə gəlirlər. Tacirlərdən yığılır. Onlar da alverlərini edib gedirlər. Əksinə, xalqın canından çıxarıb öz ölkələrinə aparırlar. Bundan varlanan yerlilər əti gətirib sənə verirlər, bir azını qırtırlar özləriyçün, sür-sümüyü də paylayırlar camaata.

– Yaxşı, Qüdrət, – deyə şah işarət barmağını yellədi, – səni pazlamaq mənə borc olsun.

– Qüdrətdə nə təqsir, ey şah? Demisən ki, xəzinəni doldur, o da doldurur. Bəlkə düz demirəm?

– Düz deyirsən, İtbaşı. Qüdrətdə günah yoxdur.

– Qara camaatda bir şey saxla ki, onu itirməkdən qorxsun... niyə ayağa qaldırmaq istəyirsən onları? Niyə qorxu hissini yox edirsən? Yazığın gəlmir qara camaata? Axı qalxsalar hamısını qılıncdan keçirəcəksən. Sən özünü şah kimi yox, lap dilənçi kimi aparırsan. Yəqin şahla dilənçinin hekayətini bilirsən.

– Bəlkə də... danış.

– Böyük, varlı bir şahlıq olur. Şahzadələri hər valiliyin başında durur. Günlərin bir günü vəzir şaha yaxınlaşır ki, bəs təxtgahda bir dilənçi peyda olub. Hamıya car çəkir ki, bəs şah onu hüzuruna çağıracaq, başındakı tacı götürüb onun başına qoyacaq, üstəlik qarşısında diz də çökəcək. Şah vəzirin dediklərindən qeyzlənir. Əmr edir ki, səfili saraya çağırın. Tez dilənçini tapırlar. Gətirirlər saraya. Şah soruşur ki, həqiqətənmi o belə söz deyib? Dilənçi kefini pozmadan vəzir deyənləri olduğu kimi təkrar edir. Bunu eşidən şah taxtından qalxır. Əbasını çıxarıb dilənçinin çiyninə salır, tacını götürüb onun başına qoyur və aparıb otuzdurur taxtında. Sonra isə qarşısında diz çöküb deyir: “Şahım, əmr elə!” Dilənçi də nə desə yaxşıdır?

– Nə? – deyə Göyverən Şah maraqla xəbər alır.

– Taxtından durub şaha yaxınlaşır və əlini açıb ona uzadaraq deyir: “Şahım, beş quruş ver də...” Şah tacı səfilin başından götürür, əbasını da soyundurub deyir: “Dilənçidən şah olmaz. Rədd edin bunu gözümün qabağından”.

– Maraqlı hekayətdir. Amma bunun mənə nə dəxli?

– İndi, ay şah, sən də dilənçi kimi camaatın sonuncu beş quruşuna göz dikib əlindən alırsan. Buna vergi yığmaq yox, dilənmək deyirlər. Dilənçidən isə şah olmaz. Allah həyat bəxş edibsə, şah da rəiyyətinə dolanmaq üçün az da olsa imkan yaratmalıdır.

– İmkan yaratmasam nə edəcəklər?

– Heç nə. Yolaverənlər xalqı hər şeyə dözəndir. Desən ki, sabah hamınızı dar ağacından asacağam, bilirsən nə cavab verəcəklər?

– Nə?

– Deyəcəklər ki, ey şahımız, kəndir olacaq, yoxsa özümüzlə gətirək? – bunu deyib İtbaşı qəhqəhə çəkdi. Handan-hana özünə gəlib şahın matı-qutu quruyan sifətinə baxıb bir də şaqqanaq çəkdi.

– Elə gülməyi bilirsən, İtbaşı. Sən de neyləyim, nə çarə qılım camaata?

– Yolu var. Amma Qüdrətlik deyil. Sənlikdir, ey şah.

– Hansı yoldur?

– Ey şah, sənə demişdim şahənşah ol. Vaxtdır. İndi cavan yaşında başla ki, qocalana başa çatdıra biləsən. Uşaqlarına şahlıq yox, şahənşahlıq miras qoyasan.

– Müharibədən təzə qurtarmışıq. Başlayım yenə qırğına?

– Kim deyir ki, müharibə et. Əvvəlcə hücum etmək istədiyin ölkənin şahını çağır yanına. Denən müharibəsiz təslim olsun və səni şahənşah çağırsın. Çağırışına gəlməsə, yaxud da gəlib şərtlərinlə razılaşmasa... onda nə istəyirsən et. Ordun da var, gücün də... Bu yolla tacirlərin öz ölkələrinə apardıqlarını da geri qaytar. Xalqına da bir gün ağla.

– Xalqa nə dəxli şahənşahlığın?

– Necə yəni “nə dəxli”? Əzən dövlətin əhalisi kimi, onlar da özlərinə “ağa” deyib, başqa xalqları əzib əlindəkilərini alacaqlar. Yaxşı yaşamağa başlayacaqlar. Səndən asılı olmayacaqlar. Hamısı da canla-başla vergi verəcək. Sənin də canına dua oxuyacaqlar.

İtbaşı sözünü bitirib komaya girdi. Əlində çuval geri dönüb içindəkiləri təknəyə boşaltdı. İtlər könülsüz-könülsüz durub bir az yedilər, halsız-halsız şahın üzünə baxıb yenidən kölgədə uzandılar.

– İtdə ağıla bax e... bunlar da başa düşürlər ki, hər şeyə təqsirkar sənsən. İndi də istəyirsən bir tikə ətlə könüllərini alasan.

– Yaxşı da, ay İtbaşı. Ağ eləmə. İtdə ağıl olsaydı adına it deməzdilər. Yaxşı, dediklərini anladım. Amma məmləkətdə baş verənlərdən danışmadın heç.

– Nə danışım, ey şah? Lərzanın ürəyi yaralı arvadını Qəhqəhə qalasına saldırmısan. Vəkilin Qaplanı, şair Abumahiri, baş nəqqaş Təbərxanı, baş hakim Abdullanı edam etdirmisən. Xırda-mırda söhbətlərdir. Dövlət üçün vacib adam sayılmırlar. Əcəb eləmisən.

– Başa düşmədim, İtbaşı. Axı mən Təbərxanla Abdullanı edam etdirmişəm.

– Ey şah, sən gecə yarısı Təbərxanla gizlin-gizlin Abumahirin evinə getməsəydin, orda onunla söhbət edib özünə vəkil etmək istəməsəydin, nəqqaşın bunu aləmə yaymasaydı, Qaplan eşidib qısqanmasaydı... Qılıncın kimin əlində olmasının dəxli yoxdur. Səbəbkar sənsən. Sonra deyirsən ki, təqsir məndə deyil. Bəs kimdədir, ey şah? Həqqi şahın yolunu getmək istəyirsənsə, get. Amma alınmayacaq. Hamı deyəcək ki, atasını yamsılayır. Bir də ki, qəddarlığın haqqında artıq dastanlar gəzir. Geriyə yolun yoxdur. Sən yeni bir şeylə yadda qal. Babaların şahənşah ola bilməyiblər. Sən isə çalış ol. Bu cür fərqlən. Yoxsa ki, dərviş seyrinə çıxırsan. Camaatı da bədbəxt edib qoyursan. Tanımırdım onları. Allah rəhmət eləsin.

– Abumahiri də tanımırdın? – deyə şah gözlərini İtbaşıya zillədi.

– Tanımırdım, ey şah, tanımırdım. Deyirlər yaxşı şair olub.

Şah başqa heç nə demədi. İçində partlayırdı. Abumahir sağ olaydı...

– Ay İtbaşı, indi deyirsən bu itlər daha dirilməyəcəklər?

– Ey şah, diriləcəklər. Onlar məndən inciyiblər. Əvvəl yediklərimiz arasında cüzi fərq olurdu. İndi isə... Ona görə də heç kimə hürmürlər day.

– Lap yaxşı... heç hürməsinlər.

– Elə demə, ey şah, burdan keçən karvanların bəzisi düşməndir. Məqam axtarırlar məni öldürməyə.

– Yox, axı əvvəllər hər şey yaxşı olub. Hürərlər. İtirməzlər çörəyi.

– İtirmək nəyə deyirsən ki? Sadəcə, mənim üstümə gələn olsa, üzlərini o yana çevirib baxmayacaqlar. Uzağı bu qədər. Xalq da inciyəndə elə bilirsən ki, şahın əleyhinə qalxır? Sadəcə, heç nə etmir. Susaraq üzünü divara çevirir, qulaqlarını barmaqlarıyla qapadırlar ki, şahın imdad yalvarışlarını eşitməsinlər. Nə vaxtsa doyunca yedikləri quru çörəyə görə.

– Yaxşı olar. Hər şey düzələr. Aslan əncam çəkər bu işə.

– Ey şah, indi də mənə keçdin? İstəyirsən məni də Abumahirin gününə salsınlar? İstəmirəm. Eləmə yaxşılıq.

– Yaxşı. Eləmərəm. Bir sual da verim, İtbaşı. Sonra icazə ver biz gedək.

– Buyur.

– Mədə belə əsas yerdirsə, bəs onda tacı niyə başa qoyurlar?

– Qısa cavabını verim. Çünki mədəyə nə gedəcəyinə baş qərar verir. Ətraflı isə... gələn dəfə, ey şah. Gələn dəfə xırdalayaram səninçün.

– Amma yenə inanmağım gəlmir ki, xalqım acınacaqlı vəziyyətdədir.

– Bunu yoxlamağın yolunu demişdim sənə.

– Məmləkətdə həyat səviyyəsini fahişələr müəyyən edir. Onu deyirsən?

– Hə.

– Axı mən şaham. Fahişəxanaya necə gedim?

– Bəs Şahgülünü necə tapmışdın? İndi də elə. Gedirsən girirsən fahişəxanaya. Ən gözəlini, yaraşıqlısını seçirsən. Əgər naz edirsə, sənin çəlimsiz bədəninə, kifir üzünə baxıb ələ salırsa, nə qədər pul vəd edəndən sonra yalnız bir dəfə, iyrənə-iyrənə yatağa girməyə razı olursa, deməli məmləkətdə hər şey qaydasındadır. Əgər fahişəxanaya girəndə həmin gözəl üstünə qaçırsa, sənə bəh-bəhlə “igidim, pəhləvanım” deyirsə, lap az pulun qarşılığında səhərəcən yataqda mazaqlaşmağa razı olursa, deməli vəziyyət pisdir. Əgər fahişəxanaya girəndə pul kisəndəki qızılları görüb və tez razılaşıb səni yatağa salırsa bu o deməkdir ki, artıq xəbər göndərib. Fərraşlar harda olsalar özlərini çatdıracaqlar və fahişəni bakirə kimi zorladığına görə üzünə durğuzub cibindəkiləri əlindən alacaqlar. Bu o deməkdir ki, məmləkətdə vəziyyət acınacaqlıdır. Eyş-işrətə pul xərcləyənlər azalıb. Camaat yeməyə bir şey tapır ki, hələ bir kefə də xərcləsin? Əgər fahişəxanaya girdin və gördünsə orda alababat qız yoxdur... deməli artıq özləri axtarmağa çıxıblar. Onda get özünə vəliəhd axtar. Sonundur. İndi isə get, ey şah, get. Get yenə öz bildiyini elə. Sən çətin ki, mənim sözümə baxasan.

– Ay İtbaşı, sən Barəngahsan?

– Xeyr, ey şah. Mən İtbaşıyam.

– Onda mən sənə niyə qulaq asmalıyam? Həqqi Şah mənə demişdi ki, Barəngahı tap, ona qulaq as. Sən də deyirsən Barəngah deyiləm.

– Qulaq asıb ziyan görmüsənsə, qulaq asma. Onu da yadından çıxartma ki, mən yox, sən bu boyda yolu durub mənim yanıma gəlirsən. Bir misal da çəkim sənə. Bir nəfər sallaqxanaya gəlib, təzə mal ciyəri axtarır. Deyirlər gözlə, indi kəsəcəyik, ciyərini sənə verərik. Orda işləyən yaşlı bir qəssab isə deyir ki, gözləmə, bu malın ciyəri partlayıb. Xülasə, malı kəsirlər və görürlər qoca dediyi kimidir. Ondan soruşurlar ki, bəs sən hardan bildin bunu? Cavab verir ki, bundan əvvəlki heyvan bunun balasıydı. Gözünün qabağında kəsdilər, soydular, şaqqaladılar. Ona görə ciyəri yandı, partladı. İndi sən, ey şah, Lərzanın arvadını Qəhqəhə qalasından burax. Onsuz da çox yaşamayacaq. Gözünün qabağında dörd uşağının başını kəsəndə ciyəri partlayıb.

– Salamat qal, İtbaşı, – deyib şah ayağa durdu. Atlarına minib Aslanla oradan uzaqlaşdılar. Bir az gedəndən sonra, – Aslan, İtbaşı bu dəfə çox qeyzləndirdi məni. Dediklərini artıq həzm edə bilmirəm.

– Şahım, lazımdırsa...

– Yox, Aslan. Lazım ola bilər. Qoy yaşasın hələ. Səncə hansı ölkədən başlayaq?

– Şahım, mən əmr quluyam. Şahzadə Göyverənlər ordusu tam hazırdır. Hansı tərəfə başınızı çevirsəniz, bilin ki, o ölkə artıq sizinkidir. Amma bir xüsus var.

– Nə xüsus?

– Şahım, yəqin siz də hiss elədiniz. Elə-belədə xalqı itlə bir edən İtbaşı, bu dəfə onların qaydına qaldı.

– Mən də hiss etdim. Aslan, doğrudanmı vəziyyət belə acınacaqlıdır?

– Şahım, deməzdim. Hamı öz işində-gücündə. Ciddi bir şey olsaydı, həmən çatdırardım sizə. Amma şahənşahlıq gözəl arzudur, idarə olunması isə qəliz. Əminəm ki, şahım bunun öhdəsindən gələcək.

– Sən Göyverənlər ordusunu hələlik saxla. Camaatı səfərbər edək ki, İtbaşı dediyi kimi gedib ağalıqlarını eləsinlər. Aslan, məscidin tikintisi də lap tilsimə düşüb. Bilmirəm nə edim. İşləri sən başa çatdır.

– Başüstə, şahım.

– Aslan, bir məsələ var. İstəyirəm mənim adıma olacaq dini məbəddə bütün səmavi dinlərin nümayəndələri ibadət etsinlər. Ona görə tikintidə bunu nəzərə al. Üstünə də Göyverən ibadətgahı yaz. Məscidlərimiz onsuz da çoxdur, bu isə olsun ibadət evi. Elə tik ki, bütün səmavi dinlərin rəmzləri uzaqdan aydın görünsün. Kim istəyir girsin, öz ibadətini etsin. Allah təkdirsə, ibadət yeri də tək olmalıdır mənim məmləkətimdə. Bir din xadimi də yaxın gəlməsin ora. İstəsə gələ bilər – yalnız ibadət etmək üçün.

– Ürəyimdən xəbər verdiniz, şahım. Çox düzgün qərardır. Allah təkdirsə, onun evi niyə tək olmasın ki?

– Aslan, bilməmiş olmazsan. Fani dünyada insana ən ağır cəza kəsəndə, niyə boynunu vururlar?

– Şahım, o dünyada sorğu-sual edilməməyi üçün.

– Xırdala.

– Bax, Lərzanın başını kəsdik. O dünyada İnkir-Minkir onu necə sorğu-suala tuta bilər ki, hələ sizdən şikayət də etsin, ayağınıza günah da yazdırsın. Şahın kəsdiyi başa Haqq dünyasında da sorğu-sual yoxdur. O cümlədən vəzir-vəkilin, əyanların, hətta valilərin də kəsdiyi başa.

– Nə gözəl, nə gözəl. Əla izah verdin.

– Ömrünüz uzun olsun, şahım.

 

(ARDI VAR)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada bir gündə koronavirusdan 700-ə yaxın ölüm 29 Noyabr 2020, 01:04 Ağdamdakı dağıntılar nüvə silahından da pisdir - Prezidentin köməkçisi 29 Noyabr 2020, 00:55 “7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı 29 Noyabr 2020, 00:42 Üç azərbaycanlıya Avropa Voleybol Konfederasiyasında vəzifə verildi - FOTO 29 Noyabr 2020, 00:27 “Qarabağ” öz doğma şəhərinə qayıtdı 29 Noyabr 2020, 00:13 Xırdalanda PARTLAYIŞFOTO 29 Noyabr 2020, 00:00 Türkiyədə koronavirusla bağlı vəziyyət 28 Noyabr 2020, 23:51 Dəm qazı Şirvanda can aldı 28 Noyabr 2020, 23:37 Fransada onlarla polis yaralandı 28 Noyabr 2020, 23:25 “Mançester Siti”dən darmadağın 28 Noyabr 2020, 23:13 “İranın daha bir aliminə qarşı terror aktı törədiblər” - Zərifdən açıqlama 28 Noyabr 2020, 22:57 “Ağdamda ilk dəfə valideynlərimlə birlikdə toyda olmuşam” - Hikmət Hacıyev 28 Noyabr 2020, 22:42 Mətbuat Şurasının sədri Füzulidə həlak olan jurnalistdən yazdı 28 Noyabr 2020, 22:28 Həsən Həsənovun qardaşı vəfat etdi 28 Noyabr 2020, 22:12 “Associated Press”dən Gəncə reportajı - VİDEO 28 Noyabr 2020, 22:05 Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə qəbul edildi 28 Noyabr 2020, 21:54 Anar Bağırov koronavirusdan ölən vəkildən danışdı: “Son arzusu...” 28 Noyabr 2020, 21:40 Adını doğruldan qəhrəman şəhid 28 Noyabr 2020, 21:29 BDU-dan qovulan tələbə üzr istədi - VİDEO 28 Noyabr 2020, 21:17 Füzulidə “Toyota” 2 ədəd tank əleyhinə minaya düşüb - RƏSMİ - FOTO 28 Noyabr 2020, 21:03 Millimiz Avropa çempionatında bürünc medal qazandı 28 Noyabr 2020, 21:00 Şirvanda piyadanı maşın vurdu 28 Noyabr 2020, 20:51 “Atatürkün Naxçıvana verdiyi əhəmiyyət illər sonra səmərəsini verdi” - Spiker 28 Noyabr 2020, 20:39 “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - “France-24” Ağdam haqqında 28 Noyabr 2020, 20:26 “Liverpul” səfərdə xal itirdi 28 Noyabr 2020, 20:15 Xaçmazda ev yandı 28 Noyabr 2020, 20:02 Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 28 Noyabr 2020, 19:55 Biləsuvarda maşın su kanalına düşdü 28 Noyabr 2020, 19:53 Füzulidə minaya düşərək həlak olanlardan biri baş redaktordur 28 Noyabr 2020, 19:48 Minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayıblar 28 Noyabr 2020, 19:41 Hamını qorudu, amma özünü qoruya bilmədi 28 Noyabr 2020, 19:25 Kəlbəcərin Vəng kəndindən yeni görüntülər - Video 28 Noyabr 2020, 19:19 Tanınmış vəkil vəfat etdi 28 Noyabr 2020, 19:03 Şəhidimizin xanımından qələbə kompozisiyası: "Yenilməzsən, Azərbaycan!" -VİDEO 28 Noyabr 2020, 18:46 Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı 28 Noyabr 2020, 18:36
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?