Modern.az

Ermənilərin təhdid etdiyi senator: “Türkiyə Azərbaycana mənəvi dəstək verib”

Ermənilərin təhdid etdiyi senator: “Türkiyə Azərbaycana mənəvi dəstək verib”

Aktual

23 Dekabr 2020, 20:05

İtaliya Senatının üzvü, dekabrın 5-7-də İtaliya parlament nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmiş senator Maria Rizzotti ölkəsinə döndükdən sonra “Strumenti Politici” saytına müsahibə verərək səfər haqqında fikirlərini bölüşüb. Senator, həmçinin səfərdən sonra İtaliya parlamentarilərinə qarşı ermənilər tərəfdən edilən təzyiq və təhdidlərdən danışaraq deyib:

 

“Nümayəndə heyətinin üzvlərinə hər gün ünvanlanan təhdidlər məni həqiqətən də narahat edir və bununla polis məşğul olacaq. Öz təəssüratlarımızı ifadə etdiyimizə, parlament üzvü kimi o ərazilərə səfər etdiyimizə görə bizi ölümlə hədələyənlər mənə o qədər də sülhə meyilli və sülh istəyən təəssüratı bağışlamır. Təkrar edirəm, bununla polis məşğul olacaq, təhqirin sosial şəbəkələrə xas olduğunu bilirik, fiziki təhdidlər isə başqa məsələdir və tam fərqlı kontekstə aiddir”.

 

Modern.az xəbər verir ki, səfərin məqsədləri barədə suala cavab verən senator nümayəndə heyətinin missiyasının məhz araşdırma və sülh məqsədi daşıdığını deyib.

 

“Bilirəm ki, Ermənistan vətəndaşları hökumətlərinin sülh seçiminə etiraz edirlər və bu, təbii ki, yaxşı əlamət deyil. Azərbaycan hökumətinin üzvləri, Prezident İlham Əliyevlə keçirdiyimiz görüş zamanı dövlət başçısı bir daha qeyd etdi ki, Ermənistanın işğalından azad olunan bütün ərazilərdə azərbaycanlılar ermənilərlə sülh və dinc şəraitdə yaşaya bilərlər. İllər ərzində Avropa Şurası, NATO və BMT Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması barədə və uzunmüddətli sülhü bərqərar etmə yollarının müəyyən olunması üçün qətnamələr qəbul edib. Söhbət beynəlxalq səviyyədə atılmış addımlardan gedir. Yerevanın bu münasibəti təəccüb doğurur. Çünki məsələn, təkcə Bakıda 20 mindən çox erməni mükəmməl əmin-amanlıq içərisində yaşayır. Azərbaycan 1918-ci ildə - ABŞ-dan da əvvəl qadınların səsvermə hüququnu tanıyan birinci dünyəvi müsəlman ölkəsi olub. Ona görə də müxtəlif dinlərin sülh şəraitində birgəyaşayışı həmişə Azərbaycan xas xüsusiyyət olub. Təsadüfi deyil ki, dini bayramlar zamanı bir icmanın rəhbəri fərqli etnik və dini mənsubiyyəti olan digər həmkarını da dəvət edir. Bir çox yerdə, təkcə Bakıda deyil, Avropadan kənar başqa ölkələrdə də ermənilərin azərbaycanlılarla sülh şəraitində birgə yaşaması artıq reallıqdır. Ona görə də Ermənistan tərəfindən belə sərt münasibət məni təəccübləndirir”, - deyə italyan senator bildirib.

 

Maria Rizzotti qeyd edib ki, əgər Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsəydi, münaqişə baş verməzdi. Senator işğal vaxtı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərdən danışaraq Xocalı qətliamını xatırladıb və bir gecə içində 600-dan çox mülki azərbaycanlının qətlə yetirildiyini, ümumilikdə isə 1 milyondan artıq azərbaycanlının öz torpaqlarını tərk etməyə məcbur edildiyini deyib.

 

Münaqişədə digər ölkələrin rolu ilə bağlı sualı cavablandıran senator bildirib: “Türkiyə Azərbaycana mənəvi dəstək verərək Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin tam yerinə yetirilməsinə çağırıb. Rusiya isə Ermənistana yaxın ölkə olmasına baxmayaraq, hər zaman deyib ki, “biz Ermənistanı müdafiə məqsədilə yalnız onun ərazilərinə hücum olunduğu təqdirdə müdaxilə edə bilərik”. Azərbaycan isə Ermənistan ərazisinə hücum etməyib. Hərbi əməliyyatlar yalnız Ermənistan tərəfindən işğal olunan ərazilərdə həyata keçirilib. Təəssüf ki, kasetli bombalar vasitəsilə Azərbaycan şəhərlərinə edilən hücumların şahidi olduq”.

 

Senator vurğulayıb ki, ədalət bərqərar olmadan sülh mümkün deyil və beynəlxalq təşkilatların buna nail olmaq üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 rayonun azad edilməsi ilə bağlı qətnamələr qəbul etməsi təsadüfi deyil.

 

Jurnalist erməni tərəfinin həmin qətnamələrin müharibə müddətində qəbul olunduğu və atəşkəsə nail olmaq məqsədi daşıdığı və onların yerinə yetirilməsi üçün Ermənistandan Dağlıq Qarabağdakı ermənilər üzərində olan nüfuzundan istifadə etməyi istədiyi, bu qətnamələrin Ermənistanın Azərbaycanın 7 rayonunun işğalına görə məsuliyyət daşıdığını nəzərdə tutmadığını iddia etməsi ilə bağlı senatorun fikirlərini soruşub. Sualı cavablandıran parlamentari deyib: “Əvvəla, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri atəşkəsdən əlavə, bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi ki, bu da 27 il ərzində həyata keçirilmədi. Bundan əlavə, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı digər qətnamələr qəbul olunub və buna 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyinə görə məsuliyyət daşıdığı bildirilən və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnaməni misal göstərmək olar. Həm də deyə bilərəm ki, işğal həmin ərazilərdə yaşayış, dini, sənaye və kənd təsərrüfatı əhəmiyyətli bütün reallıqların tam məhvinə gətirib çıxarıb”.

 

Senator münaqişənin səbəblərinin də təhrif olunduğunu və bunun dini müharibə olmadığını, Azərbaycanın müsəlman çoxluqlu dünyəvi və din azadlığının tam təmin edildiyi ölkə olduğunu, eyni zamanda, qadınların cəmiyyətdə müstəsna rol oynadıqlarını və dövlət idarələrində mühüm vəzifələr tutduqlarını bildirib.

 

Jurnalistin münaqişənin ən gərgin mərhələsində Türkiyə tərəfindən Suriya muzdlularının Dağlıq Qarabağa göndərilməsi barədə suala senator belə cavab verib: “Bunu siz və sizin mənbələriniz deyir. Mən bilirəm ki, bu fakt inkar olunub və bu barədə sübutlar yoxdur. Mən dəlillərə güvənirəm. Heç bir beynəlxalq təşkilat, nə də orada olan ruslar muzdluların mövcudluğunu təsdiq etmədi. Amma bilirəm ki, Livandan və başqa ölkələrdən erməni dəstələri vuruşmağa gediblər. Ermənistanın hakim dairələri də başqa ölkələrdən gələn erməni əsilli muzdluların ordu sıralarında mövcudluğunu etiraf ediblər”.

 

Azərbaycan mülki əhalisinə qarşı istifadə olunan kasetli bombaların nəticələrini öz gözləri ilə gördüklərini deyən Maria Rizzotti bildirib: “İşğaldan azad olunmuş bütün ərazilər minalarla doludur və bu əraziləri yararlı vəziyyətə gətirmək üçün illər lazım olacaq. Əgər bir və ya digər tərəfin bir-birinə qarşı nələr etdiyini düşünməyə davam etsək, sülhə qarşı olan hissləri qidalandırmış olacağıq. Özü də bir halda ki, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilərin xoş qarşılanacağı rəsmi olaraq açıqlanıb”.

 

İtalyan senator Ermənistanda hökumət binasının qarşısında keçirilən etirazların, italyan parlament nümayəndə heyətinin üzvlərinin ölümlə hədələnməsi kimi halların erməni tərəfinin sülhə olan münasibətinin göstəriciləri olduğunu deyib. Uzunmüddətli və davamlı sülh üçün bir yolun tapılacağına ümid etdiyini bildirən senator Azərbaycana missiyanın məqsədinin dialoqu gücləndirmək olduğunu diqqətə çatdırıb: “Çətin bir dövr arxada qoyulmalı, məlumatlandırma işi davam etdirilməlidir. Keçmişlə yaşayıb, keçmişə baxmaqla sülhə nail olmaq mümkün deyil. Müharibə ölkələrə rifah gətirmir. Bu səhifəni bağlamaq və inkişafa nail olmaq üçün ədaləti təmin etmək əsas şərtdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!