Modern.az

Bu gün Olimpiadada çıxış edəcək idmançılarımız... - SİYAHI

Bu gün Olimpiadada çıxış edəcək idmançılarımız... - SİYAHI

2 Avqust 2012, 10:55

Bu gün XXX London Yay Olimpiadasında daha 4 idmançımız mübarizəyə qoşulur. Modern.az-ın məlumatına görə, üzgüçülük yarışlarında kişilər arasında yeganə təmsilçimiz olan Yevgeni Lazuka batterflay üsulu ilə 100 metr məsafədə qüvvəsini sınayacaq. Lazuka ilk çıxışında Daniel Bell (Yeni Zelandiya), Stefanos Dimitriadis (Yunanıstan), Bencamin Hokkin (Paraqvay), Pavel Snakoviç (Belarus), Yosef Şulinq (Sinqapur), Vitautas Yanusaytis (Litva) və Dominik Meçri (İsveçrə) ilə mübarizə aparacaq. Növbəti mərhələyə adlamaq üçün təmsilçimiz 43 iştirakçı arasında ilk "16"lıqda yer almalıdır.

London Olimpiadasında mübarizəsini davam etdirən boksçumuz Soltan Migitinov bu gün növbəti döyüşünə çıxacaq. İlk döyüşünü uğurla adlayan idmançımız 1/8 final mərhələsində braziliyalı Florentino Falkao ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. Təmsilçimizin növbəti mərhələdəki rəqibi də artıq bəlli olub. Migitinov Falkao səddini keçərsə Mujandjae Kasuto (Namibiya) – Zoltan Harksa (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Yay olimpiadasında uğurlu çıxışı ilə diqqət çəkən avarçəkənimiz Nataliya Mustafayeva bu gün yarımfinal mərhələsində qüvvəsini sınayacaq. Qadınlar arasında 1 nəfərlik qayıqla çıxış edəcək təmsilçimiz finala çıxmaq uğrunda 5 xanım rəqibi ilə mübarizə aparacaq. 2000 metr məsafəyə yürüşdə N.Mustafayevanın rəqibləri isə Frida Svensson (İsveç), Genevra Ston (ABŞ), Xiuyun Janq (Çin), Fie Udbi Eriçsen (Danimarka) və Emma Tuiqq (Yeni Zelandiya) olacaqlar. Yarışa Bakı vaxtı ilə saat 15:20-də start veriləcək. Yarımfinal mərhələsində ilk 3 yeri tutan avarçəkənlər finala adlayacaqlar.

Bu günü maraqlı edən digər cəhət odur ki, sonuncu cüdoçumuz tatami üzərinə çıxacaq. Elmar Qasımov 100 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq. Yarışa 1/16 finaldan start verən E.Qasımov bu mərhələdə qazaxıstanlı cüdoçu Maksim Rakovla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. E.Qasımov Rakovu məğlub edəcəyi halda Daniel Brata (Rumıniya) – Levan Jorjoliani (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Yay Olimpiadasında iştirak edən 53 idmançıdan 18-i öz çıxışını başa vurub. Onlardan yalnız ağırlıqqaldıran Valentin Xristov mötəbər turniri bürünc medalla başa vurub.

Anar Kəlbiyev
Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir