Modern.az

Novruz Məmmədovun “tükənən sülh”ü müharibəyə mesajdırmı? - POLİTOLOQ ŞƏRHİ

Novruz Məmmədovun “tükənən sülh”ü müharibəyə mesajdırmı? - POLİTOLOQ ŞƏRHİ

5 İyul 2013, 13:25


Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “proseslərin bu şəkildə davamı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan ümidləri tükədir” sözləri siyasi gündəmin müzakirə olunan məsələsinə çevrilib.
20 ildən çoxdur davam edən və bu gün də öz həllini tapmayan Qarabağ münaqişəsinin çözümü istqamətindəki sülh danışıqları heç bir nəticə vermir. Konfliktin nizamlanması üçün  1992- ci ilin mart ayında ATƏT-in Minsk Qrupu yaradılsa da, hələlik həmin təşkilatın münaqişə regionlarına turist səfərlərini xatırladan “sülh missiyası” heç bir nəticə vermir. Üç böyük dünya gücü-ABŞ, Rusiya və Fransanın rəhbərlik etdiyi Minsk Qrupunun sülhyaratma prosesindəki rolu müsbət irəliləyişlə müşahidə olunmur. Danışıqların heç bir pozitiv xarakter almadığı bir dönəmdə münaqişənin həll olunması istiqamətindəki ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü öhdəlik isə fərqli məcralara yönəlib. Buna görə də Azərbaycanın əzəli, işğal altında olan torpaqlarının geri qaytarılması yönündəki müzakirələr dalana dirənib. Məsələyə Azərbaycan tərəfi isə haqlı olaraq öz mövqeyini sərgiləməklə ATƏT-in fəaliyyətini tənqid edir.  “Sülhə ümid tükənirmi? Modern.az politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynlidən məsələ ilə bağlı şərh öyrənib.  

Sülh üçün təkliflər: “ATƏT-dən BMT-yə”  

Keçmiş dövlət müşaviri Qabil Hüseynli prosesləri nisbətən fərqli prizmandan şərh edib. Onun sözlərinə görə Minsk Qrupunun fəaliyyətsizliyi heç də müharibə variantını aktuallaşdırmır.

“Əksinə Minsk Qrupunu fəaliyyətə gətirmək üçün Azərbaycan tərəfi müəyyən səylər göstərməlidir. Məsələn, Minsk Qrupunun formatı dəyişə bilər, əgər bu mümkün deyilsə, münaqişənin həllini başqa siyasi müstəviyə keçirmək olar. Tutaq ki, ATƏT-in Minsk Qrupundan BMT-nin hər hansı bir orqanının nəzarətinə vermək olar” deyən siyasi ekspert hesab edir ki, sülh variantları istiqamətində müxtəlif siyasi manevrlər həyata keçirmək mümkündür.
Analitikin fikrincə dərhal müharibə variantını gündəmə gətirmək yanlış addımdır.

“Çünki dünya hələ ki, konfliktlərin müharibə yolu ilə həllini qəbul etmir və bundan sonra da belə olacaq”. Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinin də əhəmiyyətini vurğulayıb.    

Əlahəzrət Rusiya
 

Politoloq bildirib ki, Minsk Qrupu öz işinin öhdəsindən gəlmirsə, Azərbaycan bu qrupdan imtina etməlidir.
“Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Amma bu potensialdan istifadə edilmir. Maraqlıdır, görəsən Azərbaycan bu imkandan nə vaxt istifadə edəcək? İlin sonuna qədər Azərbaycan BMT TŞ-da təmsil olunacaq. Bu müddətdə heç olmazsa, bir təşəbbüslə çıxış etmək lazımdır”-deyə o, qeyd edib.

Eks-dövlət müşaviri hərbi potensialın gücləndirilməsini də istisna etmir. “Hər zaman müharibəyə hazır olmaq lazımdır. Ancaq qarşıda Rusiya faktoru olduğundan bu gün müharibə haqqında birmənalı qaydada danışmaq çətindir. Bu nöqteyi-nəzərdən beynəlxalq ictimaiyyətdə sülh istiqamətində işləri gücləndirmək lazımdır. Real həqiqət dünyanın güc mərkəzlərini bu prosesə cəlb etməkdir”-deyə Q.Hüseynli bildirib.  

Aqşin KƏRİMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir