Modern.az

Azərbaycanın “böyük qardaşı” kim olsun: Qərb, yoxsa Rusiya? - Deputatlarla SORĞU

Azərbaycanın “böyük qardaşı” kim olsun: Qərb, yoxsa Rusiya? - Deputatlarla SORĞU

31 Mart 2014, 18:12


Azərbaycanın cəmiyyətinin Qərbə, yoxsa Rusiyaya yaxın olması həmişə mübahisə mövzusu olub. Müxtəlif dövrlərdə tarixi şəraitindən asılı olaraq bu yaxınlığın ünvanı dəyişib. Bəs bu gün Azərbaycan cəmiyyəti daha çox hara yaxındır?

Modern.az-ın sorğusunu deputatlar cavablandırır.

Nizami Cəfərov: “Azərbaycan cəmiyyətində bu gün Şərq xüsusiyyətləri yəni, Şərqlə münasibətlər var. Amma o, şərqli xarakterlikdən daha çox Qərbə meyllidir. Hər halda Rusiyanın özü də bu gün Qərbə can atır. Ona görə də bizdə istər-istəməz Rusiyaya hər hansı meyl belə deyim ki, ziddiyyətlidir. Yəni bir tərəfdən Rusiya işğalı bizim yaddaşımızdadır. Digər tərəfdən, Rusiyanın Azərbaycana müəyyən qədər məsələn, Cənubi Azərbaycanla müqayisə eləsək, mədəniləşdirici təsiri olub. Hətta Marks da deyib ki, “bütün slavyan çirkabına baxmayaraq, Rusiya Şərqə münasibətdə mədəniləşdirici rol oynayır”.
Bunu da biz yadımızdan çıxarda bilmirik. Amma Azərbaycan cəmiyyətində Qərbə meyl daha perspektivli və daha elitar hesab olunur. Ən adi bir müqayisə gətirim. Bu gün Azərbaycanda ingilis dilini öyrənməyə daha çox meyl var. Bunun özü göstəricidir. Yəni Rusiyaya meylimiz məhduddur. Biz daha çox Qərbə meylli olmalıyıq”.

Vahid Əhmədov: “Cəmiyyətin mövqeyini mən deyə bilmərəm. Amma belə hesab edirəm ki, Azərbaycan Qərbə inteqrasiya edən bir dövlətdir. Amma 70 ildə SSRİ-də bir yerdə olmuşuq. Rusiyayla mədəni, iqtisadi əlaqələrimiz var. Amma dövlətin maraqlarını nəzərə alaraq, Azərbaycanın müstəqilliyinin əbədi olmasını nəzərə alaraq Azərbaycan daha çox Qərbə meyllidir”.

Fazil Mustafa: “Azərbaycan cəmiyyəti əslində konkret hara meylli olmasından daha çox real təhlükəni hardan görürsə, ordan ehtiyatlanmaq xəttinə üstünlük verir. Yəni bu gün real təhlükə Rusiyadandır. Ürəyində Qərbə meylli olsan belə, Rusiya təhlükəsinin önlənməsi üçün müəyyən düşüncələr artıq cəmiyyətdə yer almağa başlayır. Bu baxımdan da Azərbaycan cəmiyyəti tam mənada Qərbə meyllənib. Bu ancaq bərabər səviyyədədir. Yəni müəyyən bir hissə də Rusiya sistemi ilə yaxın olmağımıza üstünlük verir. Amma Qərbə də meyl edən qüvvələrimiz çoxdur. Mən Azərbaycana meylli olmağın tərəfdarıyam”.
Asim Mollazadə: “Azərbaycan xalqının böyük əksəriyyəti öz ölkəsini inteqrasiyalı dünyada müasir, demokratik bir dövlət kimi görmək istəyir. Ölkəmizi müstəqil dövlət kimi həm siyasi, həm iqtisadi cəhətdən qurmaq Azərbaycan xalqı üçün ən önəmli amildir. Biz ilk növbədə inkişafa yaxın olmalıyıq. Müasir inteqrasiyalı dünyayla demokratik bir dövlət kimi inkişaf eləməliyik. Hansısa bir imperiyanın əyaləti olmamalıyıq. Azərbaycan həm Qərblə, həm Şərqlə də əməkdaşlıqdadır. Azərbaycanın tarixi əməkdaşlıq ənənələri var. Təbii olaraq, bu ənənələrlə Azərbaycan dünyaya da öz töhfələrini gətirə bilər. Bizim marağımız müstəqil dövlət kimi inkişaf edərək yenidən hansısa böyük qardaşın tabeçiliyində olmamaqdır. Azərbaycan hərtərəfli bir inkişaf üçün, öz xalqımızın inkişafı üçün çalışmalıdır ki, Azərbaycan xalqı müasir, gözəl, savadlı, yüksək mədəniyyətə malik olan bir xalq kimi inkişaf eləsin və bununla yanaşı Azərbaycan üçün ən mühüm amillərdən biri də bu müstəqil dövlət amilidir”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü