İqlim dəyişiklikləri ilə bağlı məsələləri də forum çərçivəsində müzakirələrin bir hissəsinə çevirməyə çalışırıq.
Modern.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hazırda Yeni Şəhər Gündəliyinin icrasının ötən 10 ilini qiymətləndiririk və qarşıdakı 10 ilə də baxmalıyıq. Hesab edirəm ki, artıq növbəti onillik üçün yeni urban iqlim gündəliyindən danışmağa başlaya bilərik.
“Əslində, forumun ilk iki günü bizə tamamilə fərqli hava şəraitini göstərdi və bu da iqlim dəyişikliklərinin nəticəsidir. Açığını desəm, Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm. Bu, təbii deyil, amma reallıq budur. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. İqlim dəyişikliklərinə uyğunlaşma yollarını tapmalıyıq”.
O həmçinin vurğulayıb ki, münaqişədən sonrakı bərpa prosesi və “Böyük Qayıdış” proqramımıza gəlincə, bu istiqamət artıq bir çox beynəlxalq təşkilat və tərəfdaş üçün maraq doğurur:
“Azərbaycan qısa müddətdə bir sıra mürəkkəb mərhələlərdən uğurla keçib. Mina problemi ilə mübarizə, eyni zamanda geniş ərazilərdə paralel şəkildə kompleks planlaşdırma işlərinin aparılması, 12 şəhər və yüzlərlə kənd üzrə layihələrin icrası həqiqətən böyük həcmdə işdir. Bu, sadəcə planlaşdırma deyil. Biz bütün müasir tendensiyəri və tövsiyələri nəzərə almağa çalışırıq. Məqsədimiz yalnız evlər tikmək və insanları geri qaytarmaq deyil, həmin ərazilərdə yeni həyat keyfiyyəti formalaşdırmaqdır”.
Milli koordinator onu da əlavə edib ki, Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə modeli, institusional yanaşma və islahatlar özünəməxsus nümunədir.
“Hazırda Qarabağ və Şərqi Zəngəzurda artıq təxminən 90 min insan yaşayır, işləyir və universitetlərdə təhsil alır.
Bütün bunlar beynəlxalq tərəfdaşların da diqqətini çəkir. Dünən təkcə bir gün ərzində Suriyadan, Ukraynadan və digər ölkələrdən olan nümayəndələrlə maraqlı müzakirələr apardıq. Əminəm ki, forum çərçivəsində Azərbaycanda görülən işlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr olacaq. Təəssüf ki, bu gün dünyada münaqişədən zərər çəkmiş ərazilərin sayı əvvəlkindən daha çoxdur. Bu isə həmin torpaqlarda həyatın necə bərpa olunacağını müzakirə etməyi zəruri edir”, - deyə A.Quliyev qeyd edib.