Azərbaycanda doğum hallarının azalması ilə bağlı vəziyyət kritik həddə deyil.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim-mənim hüquqlarım” mövzusunda konfransda media nümayəndələrinə açıqlamasında bildirib.
Komitə sədri qeyd edib ki, doğum sayının azalması yalnız dövlət qurumlarının fəaliyyəti ilə əlaqəli məsələ deyil, eyni zamanda demoqrafiya, milli kimlik və gələcək insan kapitalının formalaşması baxımından əhəmiyyət daşıyır.
“İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda doğum göstəriciləri ilə bağlı vəziyyət hələlik kritik səviyyədə qiymətləndirilmir. Bu məsələ insanların düşüncə tərzi ilə də bağlıdır. Ailə dəyərlərimizə əsaslanaraq mövcud balansı qorumağa çalışmalıyıq. Dövlət Komitəsi məsələni diqqətdə saxlayır, aidiyyəti qurumlarla bu istiqamətdə iş aparır. Hesab edirəm ki, ölkə bu baxımdan kritik həddə çatmayacaq. Problemin səbəblərini və gələcək perspektivlərini bilirik, vəziyyəti nəzarətdə saxlayırıq”, -
Komitə sədri onu da əlavə edib ki, ən mühüm nəticələrdən biri odur ki, cəmiyyətdə qızların təhsilinə diqqət əhəmiyyətli dərəcədə artıb:
“İstedadlı qızların təhsil alması vacibdir. Onlar gələcəkdə həm cəmiyyətə töhfə verməli, həm də müstəqil şəkildə öz həyatlarını qurmağı bacarmalıdırlar. Bu baxımdan layihə gəncləri daha yaxşı hazırlaşmağa, rəqabətə qoşulmağa və öz üzərlərində çalışmağa təşviq edir”.
Komitə sədri qeyd edib ki, təhsil yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir:
“Bu, həm də imkanlı şəxslərin və biznes qurumlarının sosial öhdəliyidir. Biz korporativ sosial məsuliyyət çərçivəsində iş adamlarını bu prosesə cəlb etməyə çalışırıq. Hacı Zeynalabdin Tağıyevin təməlini qoyduğu xeyriyyəçilik və təhsilə dəstək ənənəsini müasir dövrdə davam etdirməklə həm milli irsimizə sadiq qalır, həm də təhsilə investisiya qoyuluşunu cəmiyyətdə bir dəyərə çevirməyə çalışırıq.
Hesab edirəm ki, ən böyük uğurumuz insanların düşüncəsində və təhsilə münasibətində müsbət dəyişiklik yaratmaqdır, - deyə B.Muradova əlavə edib.