Məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı narazılıqlar bəzi təhsil müəssisələrinin qarşısında etirazlara və dini şüarların səsləndirilməsinə səbəb olub. Baş verənlər fonunda dini inanclarla dünyəvi təhsil prinsipləri arasında balansın qorunması və məsələnin hüquqi çərçivədə həlli müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkəmiz dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Bununla yanaşı, vətəndaşların vicdan azadlığı təmin olunur, dini inanclarını ifadə etmələri üçün şərait yaradılır. Onun sözlərinə görə, ölkədə dini ibadət yerləri fəaliyyət göstərir, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlər bərpa olunur, yeniləri tikilir.
İlahiyyatçı hesab edir ki, əsas problemlərdən biri bəzi şəxslərin dünyəvi dövlətlə dini prinsiplər arasındakı münasibəti düzgün anlamamasıdır. O, bu vəziyyətin müəyyən hallarda xarici ideoloji təsirlərlə bağlı ola biləcəyini iddia edib. Tural İrfanın sözlərinə görə, vaxtilə İran və bəzi ərəb ölkələrində dini təhsil almış şəxslər həmin ölkələrin dini modellərini Azərbaycanda təbliğ etməyə çalışıblar. O, xüsusilə İranın teokratik və siyasiləşmiş dini modelinin yayılmasına cəhdlər olduğunu bildirib.
Məktəblərin qarşısında baş verən hadisələrə, şüşələrin sındırılmasına və dövlət əmlakına zərər vurulmasına toxunan ilahiyyatçı bildirib ki, bu hallara yalnız dini məsələ kimi yanaşmaq düzgün deyil. Onun iddiasına görə, bəzi hallarda dini şüarlardan siyasi məqsədlər üçün istifadə edilir. Bununla belə, o, hadisələrdə iştirak edən bütün şəxslərə eyni mövqedən yanaşmağın doğru olmadığını vurğulayıb. İlahiyyatçı hesab edir ki, bəzi insanlar dini məsələlər barədə kifayət qədər məlumatlı olmadıqları üçün başqalarının təsiri altına düşə bilərlər.
Məktəbli forması məsələsinə toxunan Tural İrfan bildirib ki, təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi dünyəvilik prinsipinə zidd deyil. Onun fikrincə, vahid forma şagirdlər arasında sosial bərabərliyin qorunmasına, geyim fərqlərindən qaynaqlanan ayrı-seçkiliyin azalmasına və məktəbdə nizam-intizamın təmin edilməsinə xidmət edir. O, dünyəvilik anlayışını yalnız geyim məsələsi ilə məhdudlaşdırmağın düzgün olmadığını qeyd edərək Almaniya, ABŞ, İsveç və Norveç kimi ölkələrdə dini geyimlərlə bağlı fərqli yanaşmaların mövcud olduğunu xatırladıb.
İlahiyyatçı İslam hüququnda zaman, şərait və zərurətlə əlaqədar müəyyən güzəştlərin nəzərdə tutulduğunu bildirib. Xəstə insanın namazı ayaq üstə qıla bilmədikdə oturaraq və ya uzanaraq qılmasını buna nümunə göstərən Tural İrfan dini hökmləri bütün şəraitlərdə eyni formada tətbiq edilməli olan dəyişməz qaydalar kimi təqdim etməyin doğru olmadığını deyib. O, həddi-büluğa çatmış qızların örtünməsi məsələsinə də toxunaraq məktəb mühitində vahid geyim formasına riayət edilməsinin dini baxımdan dözümlü yanaşma çərçivəsində qiymətləndirilə biləcəyini bildirib.
Tural İrfan hicab məsələsinin ölkə üzrə ümumi qadağa kimi təqdim edilməsini yanlış hesab etdiyini deyib. Onun sözlərinə görə, bəzi şəxslər məktəbli forması ilə bağlı müzakirələri genişləndirərək cəmiyyətdə hicabın bütövlükdə qadağan olunması təsəvvürü yaratmağa çalışırlar. İlahiyyatçı bu yanaşmanı manipulyasiya kimi qiymətləndirib.
O, etirazların zorakılıq və dağıntılarla müşayiət olunmasını da qəbuledilməz sayıb. İlahiyyatçı bildirib ki, hər hansı hüquq pozuntusu ilə üzləşən vətəndaş aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına və dini idarələrə müraciət edə bilər. Məktəblərin şüşələrinin sındırılması və dövlət əmlakına zərər vurulması isə qanunlarla əsaslandırıla bilməz.
Tural İrfan dini məsələlərlə bağlı narazılıqların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, milli ilahiyyatçılar, dini icmalar və qanuni fəaliyyət göstərən dini qurumlar dünyəvi dövlət şəraitində dini inancların yaşanması ilə bağlı cəmiyyətin məlumatlılığını artırmalıdırlar. O, həmçinin dini sahədə kadr hazırlığının və seçim meyarlarının təkmilləşdirilməsinə, dövlət qanunlarına hörmət edən və mötədil dini yanaşmanı təbliğ edən mütəxəssislərin fəaliyyətinə diqqət yetirilməsinə ehtiyac olduğunu bildirib.
İlahiyyatçı baş verən hadisələrin Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı yönəlmiş xarici ideoloji təsirlərlə əlaqəli ola biləcəyini, eləcə də Azərbaycanla Türkiyə və digər qardaş ölkələr arasındakı münasibətlərə zərər vurmaq məqsədi daşıya biləcəyini iddia edib. O, bu ehtimalların araşdırılmasının vacibliyini qeyd edib.
“Dini inanclı vətəndaşlar da dövlətin qanunlarına riayət etməli, öz inanclarını qanuni çərçivədə ifadə etməlidirlər. Azərbaycan İran deyil və ölkəmizdə dövlətin hüquqi əsaslarını Konstitusiya müəyyən edir. Dini sahədəki maarifləndirmə boşluqları aradan qaldırılmalı, xarici ideoloji təsirlərə qarşı cəmiyyətin məlumatlılığı artırılmalı və bu kimi hadisələrin təkrarlanmaması üçün sistemli tədbirlər görülməlidir”, – deyə Tural İrfan qeyd edib.
Nicat Rüstəm