Modern.az

Azərbaycanda 47 min iş yerinin yaradılacağı əsas sahələr açıqlandı

Azərbaycanda 47 min iş yerinin yaradılacağı əsas sahələr açıqlandı

Ölkə

Bu gün, 09:54

Azərbaycanda investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 47 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bəs bu iş yerləri əsasən hansı sahələrdə açılacaq? Vətəndaşlar daha çox hansı istiqamətlər üzrə iş imkanları əldə edə biləcəklər?

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən deputat Aydın Hüseynov bildirib ki, investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində təxminən 47 min yeni iş yerinin yaradılmasının nəzərdə tutulması ölkənin məşğulluq siyasəti baxımından təkcə kəmiyyət göstəricisi deyil, həm də iqtisadiyyatın struktur transformasiyasını əks etdirən mühüm amildir.

Deputat qeyd edib ki, indiyədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim olunub. Həmin layihələr üzrə 9,3 milyard manata yaxın investisiya qoyuluşu nəzərdə tutulur.

“Layihələrin 63,8 faizi sənaye, 32,9 faizi kənd təsərrüfatı, 1,7 faizi logistika, 1,6 faizi isə turizm sahəsini əhatə edir. Bu göstəricilər deməyə əsas verir ki, yeni iş yerləri əsasən emal və istehsal sənayesində, aqrar istehsal və aqroemal sahələrində yaradılacaq.

Sənaye istiqamətində metal filizi, alüminium, kimya məhsulları, tikinti materialları, eləcə də pambıq və barama kimi yerli xammala əsaslanan istehsal sahələri ön plana çıxır. Bununla yanaşı, bərpa olunan enerji avadanlıqlarının, informasiya-kommunikasiya texnologiyaları məhsullarının istehsalı və tullantıların təkrar emalı istiqamətində də yeni məşğulluq imkanlarının formalaşması gözlənilir.

İnvestisiya təşviqi mexanizminin artıq 17 strateji istiqaməti əhatə etməsi göstərir ki, dövlət məşğulluğu yalnız ənənəvi sahələrdə deyil, daha yüksək əlavə dəyər yaradan və texnoloji tutumu yüksək olan fəaliyyət istiqamətlərində də genişləndirməyi hədəfləyir”.

Aydın Hüseynovun sözlərinə görə, yeni iş yerlərinin yaradılmasında regionların payı da xüsusi əhəmiyyət daşıyır.

“Təşviq olunan layihələrin 86,9 faizinin regionların payına düşməsi yeni iş yerlərinin yalnız Bakı və Abşeronda cəmləşməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, iqtisadi fəallığın bölgələrə yayılmasına, regional əmək bazarının güclənməsinə və yerli sahibkarlığın inkişafına şərait yarada bilər.

Eyni zamanda, regionlarda məşğulluq imkanlarının genişlənməsi daxili miqrasiyanın azalmasına, əhalinin gəlirlərinin artmasına və bölgələrin iqtisadi potensialının güclənməsinə müsbət təsir göstərə bilər”.

Deputat diqqətə çatdırıb ki, qlobal əmək bazarında da ciddi dəyişikliklər gözlənilir. Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2030-cu ilədək dünyada 170 milyon yeni iş yeri yarana, 92 milyon mövcud iş yeri isə texnoloji və struktur dəyişikliklər nəticəsində aradan qalxa bilər.

“Qlobal miqyasda ən sürətlə inkişaf edən istiqamətlər süni intellekt, proqram təminatı, kibertəhlükəsizlik, bərpa olunan enerji və ekoloji mühəndislik sahələridir. Bununla yanaşı, kənd təsərrüfatı, logistika, tikinti və xidmət sektorları da məşğulluq baxımından böyük potensialını qoruyub saxlayır.

Bu baxımdan Azərbaycan üçün əsas məsələ sadəcə 47 min yeni iş yerinin yaradılması deyil, həm də həmin iş yerlərinin məhsuldarlığı, əməkhaqqı səviyyəsi və texnoloji keyfiyyətidir.

Strateji məqsəd yeni investisiyaları ‘kapital–istehsal–məşğulluq–ixrac’ zəncirinə çevirməkdir. Nəzərdə tutulan layihələr tam reallaşdırılarsa, 47 min yeni iş yeri təkcə əmək bazarında məşğulluğun artmasına deyil, həm də qeyri-neft sənayesinin, regionların və yeni texnoloji istehsal sahələrinin ölkə iqtisadiyyatındakı çəkisinin yüksəlməsinə xidmət edəcək”, – deyə deputat vurğulayıb.

Nicat Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu