Modern.az

Azərbaycanda falçılar cəzalandırılacaq

Azərbaycanda falçılar cəzalandırılacaq

Ölkə

Bu gün, 11:40

Azərbaycanda falçılıq və müxtəlif rituallara maraq diqqət çəkir. Gələcəyi öyrənmək, şəxsi problemlərinə çıxış yolu tapmaq və uğur qazanmaq ümidi ilə falçılara müraciət edənlər var. Bu maraq satış bazarında da özünü göstərir: bəzi mağazalarda ritual məqsədli şamlar, xüsusi yağlar, daşlar və digər əşyalar təklif olunur.

Bəs insanları falçılığa yönəldən səbəblər nədir və bu maraqdan maddi qazanc əldə edilməsi hansı sualları doğurur?

Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlama verib.

Deputat falçılıq fəaliyyətinin qanunla qadağan edilməsinin və bu sahənin hüquqi baxımdan tənzimlənməsinin vacibliyini vurğulayıb:

“Falçılıq fəaliyyətinə qarşı qəti və ciddi qadağa tətbiq olunmalıdır və hamı başa düşməlidir ki, bu fəaliyyətlə məşğul olmaq yolverilməzdir. Təəssüf ki, bu gün belə bir problem mövcuddur və özünü açıq şəkildə göstərir. İnsanları aldadır, onların vəsaitlərini ələ keçirirlər və söhbət böyük maliyyə dövriyyəsindən gedir. Daxili İşlər Nazirliyi və digər dövlət qurumları bu cür hallarla müxtəlif yollarla mübarizə aparırlar. Lakin məsələnin ciddi hüquqi tənzimlənməsinə, falçılıq anlayışının qanunvericiliyə daxil edilməsinə ehtiyac var. Dələduzluq və aldatma ilə bağlı mövcud hüquqi mexanizmlər öz yerindədir, amma falçılığın ümumilikdə qanunla qadağan edilməsi və bu fəaliyyətə icazə verilməməsi məsələsi də ayrıca nəzərdən keçirilməlidir”.

Ceyhun Məmmədov qeyd edib ki, insanların etibarından sui-istifadə edərək qazanc əldə edilməsinə yol verilməməli, belə halların qarşısının alınması üçün qanunvericilikdə müvafiq müddəalar nəzərdə tutulmalıdır.

İlahiyyatçı Ağa Hacıbəyli isə falçılığın tarixən mövcud olduğunu, müasir dövrdə sosial şəbəkələr vasitəsilə daha geniş yayıldığını bildirib.

“Falçılıq təkcə günümüzün, çağımızın, zəmanəmizin problemi deyil. Bunun tarixi keçmişə, hətta Həzrət Adəm peyğəmbərin dövrünə qədər gedib çıxır. Xüsusilə Həzrət İbrahim peyğəmbərin dövründə nücumla, yəni ulduzlara baxaraq falçılıqla məşğul olanlar olub. Bu gün isə özlərini TikTok, Instagram və digər sosial şəbəkələrdə bilici, bütün problemlərin çarəsini tapan insanlar kimi təqdim edən saxtakarlarla qarşılaşırıq. Açıq desək, falçılıq fırıldaqçılıqdır. Hiylə və müxtəlif saxta üsullarla insanları aldatmaq, onların maddi imkanlarından sui-istifadə etməkdir. Bu baxımdan İslam dini falçılığı şiddətlə qınayır. Sevimli Peyğəmbərimiz hədislərində falçıya müraciət etməyin nə qədər ağır bir əməl olduğunu bildirir”, – deyə ilahiyyatçı bildirib.

Ağa Hacıbəylinin sözlərinə görə, sosial-iqtisadi çətinliklər, ailədaxili münaqişələr, xəstəliklər və gələcəklə bağlı narahatlıqlar insanları falçılara üz tutmağa vadar edən əsas amillərdəndir. Çətin vəziyyətdən çıxış yolu tapa bilməyən şəxslər problemlərinin asanlıqla həll olunacağına inanır, falçıların vədlərinə ümid bağlayırlar.

İlahiyyatçı əlavə edib ki, falçılar insanların həssas məqamlarından istifadə edərək onları aldadırlar. Onun fikrincə, dini biliklərin səthi olması da bu meylin səbəblərindən biridir. Ağa Hacıbəyli vurğulayıb ki, falçılara inanmaq insanları yanlış istiqamətə yönəldə, problemlərin həllini gecikdirə və sağlamlıqları üçün təhlükə yarada bilər.

“Falçıdan xeyir gəlməz, onların verdiyi məsləhətlərə etibar etmək doğru deyil. Falçıların qapısını döyən insanlar yanlış yola yönəlir, inanclarına zərər vurur və vaxtlarını itirirlər. Bəzən xəstəliyinə görə həkimə müraciət etməli olan insan falçının yanına gedir, nəticədə xəstəlik aylarla davam edərək xroniki hala çevrilə bilir. Həll olunmalı olan problemlər isə falçıların yalançı vədləri səbəbindən daha da uzanır”, – deyə o bildirib.

Jurnalist Vüsal Məmmədov da Azərbaycanda falçılara və ekstrasens adlandırılan şəxslərə marağın artdığını deyib. Onun fikrincə, bu tendensiya yalnız dini inanclarla deyil, insanların elmi biliklərinin səviyyəsi və çətinliklər qarşısında ümid axtarması ilə də bağlıdır.

“Azərbaycanda falçılara və ekstrasens adlandırılan şəxslərə maraq xeyli artıb. Lakin bu, təkcə dini inanclarla deyil, ümumi cəhalətlə bağlıdır. Bu hal yalnız Azərbaycanda müşahidə olunmur, Rusiyada və hətta Amerikada da falçılığa maraq geniş yayılıb. Məsələn, Rusiyada nəşr olunan “Orakul” qəzetinin böyük bir hissəsi ulduz falları, falçılıq və ekstrasensor xidmətlərlə bağlı elanlara həsr olunur. Hətta 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qriqori Qrabovoy adlı şəxs ölüləri dirildə biləcəyini iddia edir, bu vədlərlə insanlardan milyonlar qazanırdı”, – deyə jurnalist bildirib.

Vüsal Məmmədovun sözlərinə görə, insanların gələcəklə bağlı narahatlıqları, sosial çətinliklər və real çıxış yolu tapa bilməmələri falçılığa marağı artırır. O, xüsusilə TikTok və digər sosial şəbəkələrdə falçıların, astroloqların və taroloqların fəaliyyətinin geniş yayıldığını qeyd edərək, bu hallara qarşı hüquqi tədbirlərin və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“İnsanlar başa düşməlidirlər ki, falçıların söylədikləri, nə qədər xoş və ümidverici olsa da, yalandır və fırıldaqçılıqdır. Bu cür şəxslərdən uzaq durmaq lazımdır. Falçılığa qarşı mübarizə həm hüquqi tədbirlər, həm elmi yanaşma, həm də maarifləndirmə yolu ilə aparılmalıdır. Medianın da bu məsələdə üzərinə böyük məsuliyyət düşür”, – deyə jurnalist bildirib.

Nicat Rüstəm

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr