“Ətraf mühitə yüksək risk yaradan və ekoloji təsiri nisbətən aşağı olan müəssisələrə nəzarət fərqli qaydada həyata keçirilməlidir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova parlamentin bu gün keçirilən plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün qanunvericiliyin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, qəbul edilən normalar yalnız hüquqi tələbləri müəyyənləşdirməklə kifayətlənməməli, insanların gündəlik həyatında da real nəticələr verməlidir.
Nigar Məmmədova qanun layihəsində istehsalat ekoloji monitorinqinin aparılması, ölçmə vasitələrinin yoxlanılması və hesabatlılıq müddətlərinin dəqiqləşdirilməsi ilə bağlı dəyişiklikləri müsbət qiymətləndirib.
Bununla yanaşı, deputat müəssisələrə ekoloji nəzarət zamanı diferensial yanaşmanın tətbiqini təklif edib.
“Ətraf mühitə yüksək risk yaradan və ekoloji təsiri nisbətən aşağı olan müəssisələrə nəzarətin tezliyi istehsalın xarakterinə, risk səviyyəsinə və mümkün fəsadların miqyasına uyğun müəyyən edilməlidir”, – deyə o vurğulayıb.
Deputat ictimaiyyətin ekoloji vəziyyətlə bağlı məlumatlandırılmasının da vacibliyinə diqqət çəkib.
O bildirib ki, ətraf mühitə təsirin qiymətləndirilməsinə dair sənədlərin rəsmi internet resurslarında yerləşdirilməsi müsbət addımdır. Lakin bu məlumatların vətəndaşlar üçün daha sadə və anlaşılan formada təqdim edilməsi də təmin olunmalıdır.
“Hər bir vətəndaş yaşadığı ərazidə ətraf mühitin vəziyyəti, mümkün ekoloji risklər və onların qarşısının alınması üçün görülən tədbirlər barədə məlumat əldə etmək imkanına malik olmalıdır”, – deyə Nigar Məmmədova qeyd edib.
Deputat hesab edir ki, bu təkliflər ekoloji nəzarətin səmərəliliyini artırmaqla yanaşı, ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşmanın formalaşmasına da kömək edəcək.
“Unutmamalıyıq ki, ətraf mühitin qorunması gələcəyə qoyulan sərmayədir. Bu sahədə atılan hər bir addım insanların sağlamlığına, uşaqlarımızın gələcəyinə və ölkəmizin dayanıqlı inkişafına xidmət etməlidir”, – deyə deputat çıxışını yekunlaşdırıb.