Modern.az

Dünya azərbaycanlılarının son proseslərə təsiri - Diasporumuz varlığını SÜBUT ETDİ

Dünya azərbaycanlılarının son proseslərə təsiri - Diasporumuz varlığını SÜBUT ETDİ

Diaspor

10 Oktyabr 2023, 12:07

Dünya azərbaycanlıları bir neçə gündür ki, xarici ölkələrdə aksiyalar keçirirlər. Oktyabrın 8-də Varşavadakı Azərbaycan icması şəhərin mərkəzi meydanında sülh yürüşü keçirib. Aksiya Azərbaycanın Qarabağda sülh naminə atdığı addımların, münaqişənin başlandığı gündən indiyədək nümayiş etdirdiyi sülhpərvər mövqeyinin polyak və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb.

Daha öncə isə ABŞ-ın Vaşinqton, Nyu-York, Atlanta şəhərlərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiyalar keçirilib.

Qeyd edək ki, ötən həftlərdə Azərbaycan diasporu Böyük Britaniyanın London və Mançester şəhərlərində də məlumatlandırma aksiyası keçirib. Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan və 8 saat davam edən aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri London və Mançester şəhərlərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib.


Bəs bu aksiyaların önəmi necə izah oluna bilər?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev dünya azərbaycanlıların aksiyalarının sülhə çağırışla müşayiət olunmasının nümunəvi hal olduğunu bildirib:


“Bu, həm Azərbaycan dövlətinin, həm də Azərbaycan diplomatiyasının gücünün göstəricisidir. Eyni zamanda, bu proseslər Azərbaycan xarici siyasətinin mühüm rol oynayan diasporun təşkil olunması, formalaşması və dünya azərbaycanlılarının dövlətimizə dəstəyinin bir ifadəsidir. Əlbəttə ki, bütün prosesləri tənzimləyən ona yön və ruh verən  Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə biz torpaqlarımızı işğaldan azad etdik. 23 saat ərzində də suverenliyimizi bərpa etdik. Erməni terrorizmini məhv etdik. Eyni zamanda, müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinə və diplomatlarına istər ermənilər, istərsə də başqa dövlətlər tərəfindən müəyyən arzuolunmaz hücumlar, hətta terror aktları oldu. Belə olan halda bizim səfirliklərimizin və diasporumuzun birgə təşkilatçılığı formalaşdırmaqda rolu böyük oldu. Diasporun apardığı bu fəaliyyət  azərbaycanlıların sülhə çağırışı ilə müşayiət olunur. Bu da xoş və yeni tendensiyadır. Biz dəfələrlə, ermənilərin, istərsə də bəzi digər dövlətlərin dağıdıcı missiya ilə çıxışına şahidlik etmişik. Azərbaycanlılar isə nümayişlərdə sülhə, birgəyaşayışa çağırış, dünya dövlətlərinə xoş münasibət kimi şüarlar ortaya çıxarır. Bu, həm də beynəlxalq aləmdə yaxşı nümunədir. Bütün dünyada sülhə çağırış edən, müharibəyə yox deyən millət və dövlət kimi tanınırıq. Bunu mən çox uğurlu hesab edirəm”.

Deputat vurğulayıb ki, görülən işlərlə hər şeyi bitmiş hesab etmək olmaz:


“Biz bu işləri Türkiyənin güclü diasporu ilə sıx əməkdaşlıq şəraitində aparmalıyıq. Eyni zamanda, xaricdəki Cənubi Azərbaycandan olan soydaşlarımızın da aktivləşməsinə ehtiyac var.  Azərbaycançılığın tanınması üçün olnlar da bizim diasporumuza dəstək olmalıdırlar.  Ümumilli lider azərbaycançılıq ideyasını, konsepsiyasını irəli sürərkən deyirdi ki, milliyyətindən, dinindən, Azərbaycanda yaşayıb-yaşamamsından asılı olmayaraq, Azərbaycanı sevən, onun haqq işini dəstəkləyən hər kəs azərbaycanlıdır. Bu mənada digər dövlətlərin diasporlarıyla da sıx əməkdaşlıq edərək, özümüzü dünyaya tanıtmaq istiqamətində fəaliyyət  göstərməliyik”.
 

Milli Məclisin digər deputatı Nəsib Məhəməliyev isə vurğulayıb ki, ümumiyyətlə son üç ildə diaspor təqdirəlayiq işlər görüb:
 

“44 günlük müharibə dövründə Amerikadan tutmuş, Avropanın bir çox ölkələrinə qədər Azərbaycan diasporunun güclü fəaliyyətini müşahidə etdik. Çoxsaylı, oturuşmuş, beynəlxalq birlik tərəfindən də qəbul olunmuş erməni diasporuna qarşı azsaylı soydaşlarımız, o cümlədən gənclərimiz öz fəaliyyətlərini yürütdülər. Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında, yaşadıqları, məskunlaşdıqları ölkələrdə ictimai rəyin Azərbaycan lehinə formalaşmasında çox ciddi işlər gördülər.  Bir sıra ölkələrdə diaspor təşkilatlarımıza qarşı haqsız münasibət göstərildi, hətta bəzi hallarda fiziki zorakılıq da tətbiq edildi. Lakin diasporumuz Azərbaycanın haqq işinə dəstək verdi. Çəkinib, qorxmadılar, varlıqlarını sübut etdilər. Təbii ki, bizim diasporumuzun erməni diasporu ilə müqayisədə yaşı kifayət qədər azdır. Ələlxüsus bir çox ölkələrdə həmin ölkələrin siyasi hakimiyyəti, ictimaiyyəti tərəfindən Azərbaycana qarşı ikili yanaşma mövcuddur. Türkəfobiya, İslamafobiya halları da nəzərə alınmalıdır.  Bütün bunlara baxmayaraq, diasporumuz öz sözünü dedi. Gələcəkdə də biz daha da mütəşəkkillik gözləyirik. Hesab edirəm ki, buraxılmış nöqsanlar, çatışmazlıqlar aradan qaldırılacaq. Biz səsimizi daha ucadan beynəlxalq birliyə çatdıracağıq. Bu məsələ xüsusi vurğulanmalıdır ki, diaspor öz gücünü konkret mənbədən alır. İndiki vəziyyətdə gücü Azərbaycan dövlətindən alır. Həm iqtisadi, həm hərbi cəhətdən inkişaf etmiş, beynəlxalq müstəvidə xüsusi nüfuza malik bir dövlət olaraq Azərbaycan Respublikası diasporun fəaliyyətini stimullaşdırır”.

N.Məhəməliyev son dövrlər keçirilən aksiyaların olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:


"Son hadisələrdə 200 ildən bəri yürüdülən erməni siyasətini məğlub etmişik. Artıq dünyada ermənidən daha çox erməni olmaq istəyən qüvvələr var. Konkret misal kimi, Fransanı göstərmək olar. Fransanın destruktiv addımları göz qabağındadır. Onun danışıqlar prosesinə qarışması, indiyə kimi əldə olunan nailiyyətlərin üstündən xətt çəkdi. Bu bölgəyə yeni bir gərginlik gətirdi. Fransa Ermənistanı silahlandırmaqla, Azərbaycan əleyhinə apardığı siyasətlə yeni müharibə hazırlayır. Bu baxımdan Avropa  Parlamentinin son qətnaməsini, ABŞ-dakı dinləmələri nəzərə alsaq, belə aksiyaların keçirilməsinə böyük ehtiyac var. Dünyanın müxtəlif nöqtələri var ki, xüsusilə nəzarətdə saxlanılmalıdır. ABŞ, Brüssel və bir sıra nöqtələr var ki, geosiyasi proseslərdə aparacı rol oynayır. Həmin mərkəzlər bilməlidir ki, Azərbaycan xalqı öz taleyinə biganə deyil. Azərbaycan xalqı əleyhinə istənilən siyasət diaspor təşkilatlarımız tərəfindən nəzarətdə saxlanılmalıdır. Son aksiyaların da kifayət qədər əhəmiyyətli olduğu göz qabağındadır”.

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var