Modern.az

Azərbaycanlı alimin yubileyinə həsr olunan beynəlxalq konfrans - FOTOLAR

Azərbaycanlı alimin yubileyinə həsr olunan beynəlxalq konfrans - FOTOLAR

24 Oktyabr 2023, 08:34

Humboldt mükafatı alan ilk azərbaycanlı alim, əməkdar elm xadimi, Dünya Azərbaycanlı Alimlər Assosiasiyasının həmsədri Məsud Əfəndiyevin 70 illik yubileyinə həsr olunmuş “Biologiya, fizika və mexanikada qeyri-xətti təzahür” adlı beynəlxalq konfrans elmi ictimaiyyət arasında maraqla qarşılanıb.

 

Modern.az xəbər verir ki, konfransda iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov alimi təbrik edib, onun dünya elminə verdiyi töhfələrdən və uğurlu diaspor fəaliyyətindən danışıb.

 

“Professor Məsud Əfəndiyev yalnız elmə töhfələr vermir, eyni zamanda aktiv diaspor fəaliyyəti ilə məşğul olur, ölkəmizin təbliğində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında misilsiz xidmətlər göstərir” - deyə Komitə sədri bildirib.

 

Xaricdəki soydaşlarımızın və eyni zamanda yüksək elmi nailiyyətlərə sahib olan azərbaycanlı alimlərin fəaliyyətinin daim Azərbaycan Prezidentinin diqqətində olduğu, həmçinin onların şəbəkələrinin yaradılması, bilik və bacarıqlarının elmimizin inkişafına cəlb olunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, xaricdə yüksək ixtisaslı kadrların hazırlanması, ölkəmizin hüdudlarından kənarda yaşayan alimlərlə geniş əlaqələrin qurulması, onların diaspor işinə cəlb edilməsi ölkə siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Konfrans iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, 36 ölkədə 15 Koordinasiya Şurasının, dünyanın müxtəlif ölkələrində 20 Azərbaycan Evinin, eləcə də Qarabağ və həftəsonu məktəblərinin yaradılması, fəaliyyətlərini uğurla davam etdirmələri barədə ətraflı məlumat verilib.

 

Ötən il ilk dəfə İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin ilkin hazırlıq görüşünün və Almaniyada Azərbaycanlı Həkimlərin I Forumunun keçirilməsinin xaricdəki soydaşlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib.

 

Beynəlxalq konfransda elm və təhsil naziri, ekologiya və təbii sərvətlər naziri, millət vəkilləri, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif ölkələrdən gələn 40-a yaxın tanınmış elm xadimi, universitet rektorları, diaspor nümayəndələri, eləcə də İqtisad Universitetinin müəllim və tələbə kollektivi iştirak edib.

 

Azərbaycanlı alimin 70 illik yubiley tədbiri Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə baş tutub.

 

Qeyd edək ki, UNEC-də keçirilən tədbir 3 gün davam edəcək. Konfrans çərçivəsində müxtəlif elmi nailiyyətlər barədə müzakirələr aparılacaq, bir sıra görüşlər keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var