Modern.az

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

Aktual

22 Noyabr 2017, 15:15

Büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta əmək haqlarının verilməsi ilə bağlı qərarın müddətinin uzadılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin etdiyi təklif qəbul edilməyib.

Modern.az xəbər verir ki, bu barədə “Dövlətqaçqınkom”un bir qrup məcburi köçkünün həmin məsələ ilə bağlı keçirdiyi etiraz aksiyasına münasibətində bildirlib.

     
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən hələ 10 may 1994-cü il tarixdə "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 181 nömrəli qərar qəbul edilib. Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər.

        
Sonraki illərdə  Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılıb və beləliklə dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1 yanvar 2017-ci il tarixədək verilib. 



“Dövlətqaçqınkom”dan Modern.az-a bildirilib ki, cari ildə də Komitə tərəfindən həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparılıb, lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib. Odur ki, 2017-ci il 1 yanvar tarixdən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqının verilməsi dayandırılıb.



Həmçinin bildirilib ki, məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etsinlər.


“Məlumat üçün bildiririk ki, məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına  həmin şəxslərin ünvanlı sosial yardımla və ya işlə təmin edilməsi üçün məktub göndərilib.

           
Bununla bağlı onların dəfələrlə şifahi və yazılı müraciətlərinə “Dövlətqaçqınkom”un rəhbərliyi tərəfindən cavab verilməsinə, fərdi və kollektiv şəkildə gələnlərin qəbul edilməsinə  baxmayaraq guya “Məcburi köçkünlərin hüquqlarını  müdafiə komitəsi” yaradaraq özünü onların “himayədarı” qismində aparan Əlövsət Sadıqlı bir qurup məcburi köçkünü də ətrafına toplayaraq noyabrın 1-də Nazirlər Kabinetinin qəbul otağnda yığışıblar.  Məsələ ilə bağlı onlara lazımi izahatlar verilib. Lakin Əlövsət Sadıqlı öz niyyətini həyata keçirmək məqsədilə 13 dəqiqəlik video hazırlayaraq onu öz Facebook səhifəsində və xaricdə yaşayan, hər gün ölkənin hökumət  məmurlarının ünvanına şər-böhtanlar yağdıran oğlu Tural Sadıqlının idarə etdiyi “Azad Söz” səhifəsində yerləşdirib və həmin videoda dövlət məmurunu özünəməxsus şəkildə ittiham edib və onlar  haqqında təhqiramiz fikirlər səsləndirib.

     
Bununla da kifayətlənməyən Əlövsət Sadıqlı və ətrafına topladığı bir qurup şəxs noyabrın 15-də yenidən “Dövlətqaçqınkom”da vətəndaşların qəbul günündə “Dövlətqaçqınkom”un inzibati binasının qarşısına  gəlib və burada şüarlar səsləndirərək, aksiya təşkil etməyə cəhd göstəriblər.  Onların müraciəti əsasında Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov həmin gün bu məqsədlə qəbula gələnlərlə yenidən görüşüb  və onlara ətraflı izahatlar verib.

    
Lakin sonradan Əlövsət Sadıqlı yenidən özünün Facebook səhifəsində bununla bağlı çoxsaylı məlumatlar yerləşdirib və həmin məsələlərə  təhqiramiz “şərhlər yazan” şəxslərin fikirlərini paylaşıb.  

  
 Əlövsət Sadıqlı özü ilə qəbula gətirdiyi şəxslərdən bir qismi müxtəlif yerlərdə işləmələrinə baxmayaraq dondurulmuş əməkhaqqı tələbi ilə çıxış edirlər.

   
Əlavə olaraq bildiririk ki, Əlövsət Sadıqlı pensiya yaşındadır və özünün həmin dondurulmuş əmək haqqına heç bir aidiyyəti yoxdur.Lakin Əlövsət Sadıqlı Ağdam rayon İcra Hakimiyyətini aldadaraq, oğlunun xaricdə yaşaması barədə məlumat verməyib və uzun müddət qanunsuz olaraq xaricdə yaşayan oğlu Tural Sadıqlının əvəzində müavinət alıb. Hazırda Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Tural Sadıqlı müavinət alanların siyahısından çıxarılıb”, - Dövlət Komitəsi bəyan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü