Modern.az

Deputat türkman uşaqları üçün xeyriyyə marafonuna QOŞULDU

Deputat türkman uşaqları üçün xeyriyyə marafonuna QOŞULDU

Aktual

31 Yanvar 2018, 18:28

Məlum olduğu kimi qardaş Türkiyə Ordusu ölkənin cənub sərhədlərinə yaxın - Orta Doğuda on illərdir ki, yerləşdirilmiş müxtəlif terror qruplarına qarşı sülh və təhlükəsizlik naminə “Zeytun budağı” - Afrin hərbi əməliyyatını həyata keçirir. Əməliyyatın gedişində şəhid düşmüş Musa Özalkanın daha əvvəldən sosial şəbəkədə yayımladığı vəsiyyət mesajı “Zeytun budağı” əməliyyatının tarixinə qızıl hərflərlə yazıla biləcək bir örnəkdir.  

 

Belə ki, Musa Özalkan öz mesajında bəyan edib ki, əgər o döyüşdə şəhid olarsa, onun ailəsinə dövlət tərəfindən verilən imtiyazlar və maddi təzminatın İraqın Təlafər şəhərində ağır durumda yaşayan türkman uşaqlar üçün məktəb və ya uşaq bağçası tikilməsinə sərf edilsin.

Şəhid Musa Özalkaın bu təsirli vəsiyyəti nəcib insanlar, həmçinin, Türk Dünyasının problemlərinə, türkmanların durumuna həssas yanaşan qurumlar tərəfindən ciddi mesaj kimi qarşılanıb.

Hazırda, şəhidin bu  arzusunun gerçəkləşməsi üçün bir sıra təşəbbüslər gerçəkləşməkdədir.

Azərbaycanda fəaliyyət göstərən “Ortaq Dəyərlər” İctimai Birliyi bu gündən “Şəhid Musa Özalkanın vəsiyyətinə dəstək – Təlafər uşaqları üçün” adlı xeyriyyə marafonuna start verib.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı mövzu ilə bağlı Modern.az-a verdiyi açıqlamasında qeyd edib ki, türkman türkləri təkcə Türkiyənin problemi deyil. O hesab edir ki, Musa Özalkanın bu gün etdiyi vəsiyyət ümumilikdə hər bir türk vətəndaşına aid olan bir vəsiyyətdir.

 

““Ortaq Dəyərlər” İctimai Birliyinin belə ülvi təşəbbüslə ictimaiyyətə müraciət etməsi gözəl haldır. Türkman türkləri təkcə Türkiyənin deyil, bütün türk dünyasının - Azərbaycan,Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstanın da ortaq problemidir. Vaxtilə ulu öndər Heydər Əliyev də öz çıxışlarında adət-ənənə, dil baxımından Azərbaycana ən yaxın türk boyunun türkmən türkləri olduğunu söyləyirdi. Hətta o bildirirdi ki, xalqımızın dahi şairi Məhəmməd Füzuli Azərbaycandan getdiyi dövrdə bir çox azərbaycanlı ailələr də Orta Şərqə gedib Türkmənistanda, Türkiyədə məskunlaşıblar. Bu mənada şəhid Musa Özalkanın vəsiyyətinə  “Ortaq Dəyərlər” İctimai Birliyinin də qoşulmasını çox yüksək qiymətləndirirəm. Şükürlər olsun ki, bu gün qardaş Türkiyə tərəfindən Afrində aparılan hərbi əməliyyat yüksək səviyyədə həyata keçirilir. Hadisələri izləyən zaman görürük ki, Türkiyə sivil vətəndaşlara zərər gəlməməsi üçün ehtiyatlı addımlar atır. Türkiyə və o cümlədən Azərbaycan xalqı da neçə illərdir terrordan əziyyət çəkir. Bu gün də işğalçı Ermənistanın terror dəstələri Qarabağda yerləşdirilib. Bir çox terrorçu qrupları Ermənistan tərəfindən idarə olunur və himayədarları da var. Şübhəsiz ki, Qarabağda, Xocalıda baş verən hadisələrdə zaman-zaman erməni terorçu qruplarının böyük rolu olub. Bu gün dünyada qlobal terrorizmə qarşı mübarizədə qlobal koalisiya var. Və bu koalisiya Amerika Birləşmiş Ştatlarından tutmuş Azərbaycan, Avropa, Rusiya və bir sıra dünya ölkələri bu koalisiyanın üzvüdür. Bütün bunlara baxmayaraq Orta Şərqdə olan terrorçu qruplara qarşı təkbaşına mübarizə aparırlar.

 

Sözsüz ki, bu təkcə Türkiyənin məsuliyyəti deyil. Türkiyənin bu Afrin əməliyyatı aparmağı o deməkdir ki, Türkiyə təkcə özünü müdafiə etmir.

Eyni zamanda bu Avropanın və ümumilikdə dünyanın terrorizmdən qorunması deməkdir. Biz əminik ki, tarixdə hər zaman öz qəhrəmanlığı ilə tarixə düşmüş türk əsgəri bu dəfə də terrorizm üzərində öz qələbəsini bərqərar edəcək. Biz arzulayırıq ki, az itki verərək bu əməliyyat sona çatdırılsın və Orta Şərqə bir günəş doğsun, orada sülh bərqərar olsun. Orta Şərq insanının bu təhlükəsizliyini, sabitliyinin qorunması Türkiyənin Dünya barışına olan böyük töhvəsi olacaq.

 

Çox təəssüf ki, ikili standartlar mövcuddur və Türkiyənin qlobal terrorizmə qarşı apardığı mübarizəyə kölgə salmaq istəyənlər var. Başqa-başqa ölkələrin mediasında Afrin əməliyyatına qara yaxmaq üçün müxtəlif cəhdlər edirlər. Amma bu, təbii ki, faydasızdır”.

 

Deputatın sözlərinə görə, Türkiyə artıq uzun illərdir ölkədaxili və ölkədən kənarda baş verən terrorizmdən əziyyət çəkir:

“Türkiyəyə qarşı çox ciddi çirkin oyunlar oynanılır. Zaman-zaman nəinki siyasətçilər, adi vətəndaşlar da bu çirkin oyunların şahidinə çevrilirdi. Yenə deyirəm, Türkiyənin də borcudur ki, öz ərazi bütövlüyünü, sərhədlərini, vətəndaşının təhlükəsizliyini qorusun. Mən ümid edir və inanıram ki, bu əməliyyat müvəffəqiyyətlə bitəcək. Əminəm ki, terrorçuların cavabı layiqincə verilərsə, dünyada olan bütün terrorçu qruplar və bu qrupları dəstəkləyənlər sonlanmış uğurlu əməliyyatdan dərs götürəcəklər. Hazırda isə, şükürlər olsun, xoş xəbərlər alırıq ki, əməliyyat çox uğurla davam etdirilir, terrorçular təşvişə düşüblər. Bir daha istər Qarabağ müharibəsində, istər Türkiyədə haqq və ədalət, sülh, bəşəri barış uğrunda canından keçən bütün şəhid əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Və bir daha bu nəcib aksiyanı dəstəklədiyimi və Azərbaycan vətəndaşı olaraq bu aksiyaya məmnuniyyətlə qoşulacağımı bildirirəm.

 

Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə - Azərbaycan birliyini unikal, dünyada analoqu olmayan birlik adlandırır. Hər zaman da bunu bizlərə tövsiyə edir. Və hesab edirəm ki, bu gündə Türkiyənin kiminsə də dəstəyinə ehtiyacı yoxdur. Bizim Türkiyənin həyata keçirdiyi xoşməramlı işləri dəstəkləmək mənəvi cəhətdən borcumuzdur . Şəhid qardaşımızın vəsiyyəti də onun türk dünyasına necə bağlı bir vətəndaş olduğunu göstərir. Türkiyə rəhbərliyi vurğulayıb ki, biz bunu öz öhdəmizə götürürük və onun vəsiyyəti, əlbəttə ki, yerdə qalmayacaq. Və artıq işlərə də başlanıb, o məktəb üçün sahə də ayrılıb və inşaat işləri də başlanıb. Bu təşkilatın təşəbbüsü də o demək deyil ki, Türkiyənin buna ehtiyacı var. Xeyr, qətiyyən belə deyil. Bu sadəcə bizim mənəvi borcumuzdan irəli gələn bir təşəbbüsdür. Türkmən türkləri bizim üçün də çox doğmadır. Qısacası, “Ortaq Dəyərlər” İctimai Birliyinin bu çağırışı sadəcə mənəvi dəstəkdir. Mənəvi dəstək isə milyonlarla, milyardlarla maddi dəstəkdən hər zaman üstün hesab olunur”. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var