Modern.az

Göyçaylı jurnalistlər: “Göyçayın narı var, amma problemləri ki çoxdur”

Göyçaylı jurnalistlər: “Göyçayın narı var, amma problemləri ki çoxdur”

Reportaj

1 Dekabr 2011, 14:24

Modern.az saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini davam etdirir. Bu dəfə narı ilə məşhur olan Göyçaydan olan jurnalistlər rayonun sosial-iqtisadi vəziyyəti, əhalinin yaşayış tərzi, təhsil və səhiyyə sistemi, icra başçısı və deputatı barədə danışıblar.

İlk müsahibimiz “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli olub. Bir qayda olaraq magistral yolların üzərində yerləşən bölgələrin digərləri ilə müqayisədə iqtisadi və ticari baxımdan inkişaf etmiş olduğunu deyən jurnalist, bu baxımdan Göyçayın həm infrastrukturuna, həm də perspektivinə görə qonşu rayonlardan fərqləndiyini qeyd edib.

“Göyçay bir növ ətraf rayonların mərkəz funksiyasını oynayır. Çünki orada daha böyük ticarət mərkəzləri açılıb. Son 3-4 ildə mən bunların şahidi oldum. Bundan əlavə, ətraf rayonların icra başçıları gəlib Göyçayın bir sıra kəndlərində özlərinə villalar tikdirirlər. İkincisi, nəqliyyat naziri Ziya Məmmədova yaxın olan bəzi adamların orada biznes şəbəkələri formalaşıb. Eyni zamanda bu nazirin qohumu olan Nazim Məmmədovun icra başçısı təqyin edilməsi səbəbindən rayona diqqət böyükdür”.

Amma, E.Məmmədli Göyçaydakı ümumi əhal-ruhiyyənin respublikanın digərlər rayonlarından fərqlənmədiyini vurğulayır.

“Bəlkə xırda detallarla fərqlənə bilər, məsələn, hansısa ticarət mərkəzlərinin hesabına insanların müəyyən qisminin yaşayış səviyyəsi normal ola bilər. Amma ümumi əhval-ruhiyyə Azərbaycandakı digər rayonlardan ciddi şəkildə fərqlənmir”.

Jurnalist hesab edir ki, rayonda kifayət qədər problemlər var.  Onun sözlərinə görə, Göyçayın mərkəzi və mərkəzə bitişik qəsəbələr istisna olmaqla, kəndlərdə qaz yoxdur.

“Hansıki Sovetlər dönəmində həmin kəndlərin hamısı qazlaşdırılmışdı. Rayonun mərkəzində içməli su problemi qalmaqdadır. Bələdiyyələrin fəaliyyəti isə acınacaqlı vəziyyətdədir. Onlar  torpaqları satıb qurtarıblar. Yeni gələn gənc nəsilin ev tikməsi üçün artıq torpaq sahələri ayrılmır. Hansıki bu torpaqlar qarşıdakı 50 il ərzində istifadə olunmalı idi”.

Əhalinin  dolanışığına gəlincə, həmsöhbətimiz Azərbaycanın digər bölgələrindəki kimi, Göyçayda da sakinlərin bir qisminin Rusiyada olduğunu bildirib. Demək olar ki, iki ailədən heç olmasa birinin nümayəndəsi Rusiyadadır.

“Ümumiyyətlə Göyçayda hələ Sovetlər dönəmindən bir neçə zavod və fabrik fəaliyyət göstərirdi, onların bir neçəsi bu gün də işləyir, məsələn, Şirə zavodu, Konyak zavodu, son vaxtlar “Aznar”  şirkəti açılıb. Sovetlət dönəmində olan Süd zavodu isə son vaxtlar fəaliyyətini gücləndirib. Xırda istehsallla məşğul olan sexlər də var. Bundan əlavə, rayonda əyrici və tikiş fabirikləri də fəaliyyət göstərir. Bunlar strateji əhəmiyyətli olduğu üçün fəaliyyət göstərirlər. Bu fabriklər hərbi yönümlü malların, məsələn hərbçilərin paltarlarının tikilişi ilə məşğul olan müəssisələrdər. Burada çalışanlar çoxdur. Kəndlərdə yaşanlar isə heyvandarlıq və əkinçiliklə məşğuldur. Rayon mərkəzində yaşayan sakinlər bu adını çəkdiyim müəssisələrdə və ya Rusiyadan göndərilən pullar hesabına normal dolana bilirlərsə, kəndlərdə yaşayan insanların vəziyyəti çox acınacaqlıdır” deyə Elşad Məmmədli əlavə edib.
Bütün bunlara baxmayaraq, müsahibimiz hazırda Göyçayda işıq probleminin olmadığını deyir. Ən azı son bir-iki ildə artıq işığın verilməsində fasilələr hiss olunmur.

“Yalnız hava şəraiti pis olanda məsələn, Bakıda nə vaxt yağış yağanda işıq sönür, eləcə də rayonda, belə məhdudiyyətlər yaranır. Burada işıq probleminin olmamasının səbəbi regional işıq paylayıcı şəbəkənin Göyçayda olması ilə əlaqədardır”.

Yolların vəziyyəti isə kəndlərə görə fərqlənir. Jurnalistin sözlərinə görə, hansı kəndin insanlarının çoxu Rusiyadadırsa, o kəndin yolları yaxşı olur.

“Çünki onlar öz hesablarına yol çəkdirirlər. Məsələn, Çaxırlı kəndində ailələrin 90 faizi Rusiyadan maliyyələşir, o kəndin camaatı özü pul yığıb asfalt yol çəkdirib. Çərəkə kəndində Çərəkə gölü var və ora sadə adamları buraxmırlar. Çünki orada məmurlar özləri üçün əyləncə mərkəzləri qurublar. Həmin əyləncə mərkəzlərinə də rahat gedib-gəlmək üçün o kəndin yollarını abad saxlayırlar. Digər kənd yolları isə bərbad vəziyyətdədir. Rayon mərkəzində yollar qismən yaxşıdır, bu da orada ölkənin əsas nazirlərindən olan nəqliyyat nazirinin qohumlarının rəhbərlik etməsi ilə əlaqədardır”.

Təhsildəki vəziyyətdən danışan E.Məmmədli deyir ki, Azərbaycanda təhsil sistemi rüşvətin içərisində necə boğulursa. Göyçayda da elədir: “Təhsil sistemi spesifik sahədir və vahid mərkəzdən idarə olunur”.

Həmkarımız səhiyyə sahəsinin də ümumrespublikadakı vəziyyətdən elə də fərqlənmədiyini vurğulayıb.

“Burada da hansısa fərqlilik müşahidə olunmur. Göyçayda qonşu rayonlarla müqayisədə xəstəxananın, poliklinikanın vəziyyəti yaşıdır, çünki bura ətraf rayonlardan müalicəyə, müayinəyə gəlirlər. Amma xüsusi fərqlənməsi isə hiss olunmur”.

E.Məmmədli rayonun icra başçısının əhali ilə görüşüb-görüşmədiyi barədə məlumatsız olduğunu qeyd edib. O, Göyçaydan seçilən deputatları isə tanımadığını deyir.

“Çünki onların fəaliyyəti sıfır səviyyəsindədir. Rayonda bir nəfər məndən deputatın nömrəsini istəyirdi, elə bildim nəsə probleminin həlli üçün istəyir, deyəndə “o sənin problemini həll etməyəcək”, cavab verdi ki “sadəcə zəng edib demək istəyirdim ki, sözünün üstünə dursun, bir dəfə rayona gəlib baş çəksin””.

“Həftə-içi” qəzetinin əməkdaşı Vüsal Tağıbəyli isə bildirib ki, hər dəfə rayona gedərkən orada əvvəlki vəziyyətdən fərqli mənzərə ilə qarşılaşır.

“Bu o demək deyil ki, camaat hamısı ağ gündədir. Pay torpaqları camaata veriləndən sonra texnikanın baha olması səbəbindən insanlar onu əkib-becərə bilmirlər. Buğda səpirlər və onu yığarkən maya dəyərindən qat-qat baha başa gəlir. Buna baxmayaraq, çox adam bir neçə il yetişən yonca əkir, bir az mal-qara ilə özlərini bir təhər saxlayır. Daha az xərc çəkməklə, bir az meyvə satmaqla, ordan-burdan gəlir götürməklə yaşayış vəziyyətlərini bir az normallaşdırırlar”.

Jurnalist deyir ki, əvvəllər rayona gedərkən şəxsi maşını olanlar barmaqla sayılırdısa, axırıncı səfərində kifayət qədər insanın avtomobil aldığını görüb:
“Bir-iki evi çıxmaq şərti ilə hər evdə maşın var. Yəni bu maşınları hansı pulla alırlar, çox maraqlıdır. Bu baxımdan insanların vəziyyəti yaxşıdır. Yəni adamlar dolana bilirlər”.

Buna baxmayaraq həmkarımız çətinliklərin də çox olduğunu deyir. Onun sözlərinə görə Göyçayda əsas problemlərdən biri yanacaqla bağlıdır.

“Evi isitmək ailəmizdən dedilər ki, bir dolu maşın odun almaq üçün 400-500 manat pul xərcləməlisən. Mətbuatdan oxumuşdum ki, 2011-ci ilin sonuna kimi Göyçayın bir çox kəndlərinə təbii qaz veriləcək. Amma hələ də o kəndlərin heç birinə qaz verilməyib və heç qaz xətləri də çəkilməyib”.

Problemlər bununla da qurtarmır. Jurnalist rayonda içməli su qıtlığının da olduğunu vurğulayıb.

“Hələ Sovet vaxtından bununla bağlı problem var. İndi isə həmin dönəmdə çəkilən borular deşilib və əhali öz hesabına onları təmir etdirməyə çalışır”.

Vüsal Tağıbəyli rayonda bələdiyyələrin də fəaliyyətinin qənaətbəxş olmadığını bildirib.

“Orada bələdiyyələr nə ilə məşğuldur, bilinmir. Ancaq onların fəaliyyəti camaat üçün o qədər də maraqlı deyil. Yalnız bələdiyyə seçkiləri zamanı yollara yamaqlar vurulur. Bu da təxminən 1 km və ya 1 km yarım uzunluğunda olur. Elə bil xüsusi proqram var və bələdiyyələrə tapşırılıb ki, hər bir kənddə filan məsafədə yol asfaltlaşdırılmalıdır. Yol kəndin ortasına kimi çəkilir, qalanı isə qalır. Çəkilən yoldan bir az aralıda da kəndin məktəbi var və həmin yol da bərbad vəziyyətdə  olur”.

Ümumulikdə rayonun problemlərinin çox olduğunu deyən müsahibimiz Göyçayda iş yerlərinin də azlığından şikayətlənib. Deyir ki, Sovetlər zamanında qurulan zavod və fabriklər indi işləmir.

Həmsöhbətimizin fikrincə, bütün sahələrdə olan problemlər təhsil və səhiyyədən də yan keçməyib.

“1989-cu ildə biz məktəbi bitirən zaman 10-cu sinfin 65 məzunundan 20 nəfəri ali məktəbə qəbul oldu. Ümumiyyətlə, həmin zamanlarda respublika üzrə ali məktəbə daxil olanların sayına görə Göyçay öncül yerdə idi. Amma indi təəssüf ki, bunların şahidi olmuram. Bu gün kəndlərdə təhsilə maraq azalıb. Bilmirəm müəllimlərin təhsilə marağı yoxdur və ya şagird oxumaq istəmir. Şagirdlər oxumaq istəməmələrini onunla izah edirlər ki, təhsil alsalar, gələcəkdə harada işləyəcəklər, onu bilmirlər? Balaca oğlan uşaqları xurma bağlarında xurma yığırlar, orta məktəb yaşlarındakı uşçaqlar gedib orada işləyib pul alırlar”.

V.Tağıbəylinin rayonda müşahidə etdiyi bir məsələ də var: əvvəllər pambıqçılıqda işləyənlər indi məktəblərdə dərs deyirlər.

“Bir vaxtlar pedaqoji fəaliyyətlə məşğul olmaq üçün pambıqçılar saxta diplomlar alırdılar. O vaxt həmin diplomların qiyməti 400 dollar idi. Bu gün təhsil naziri deyir ki, saxta diplomları araşdırır, yaşlı müəllimlər işdən çıxarılır. Düzdür, yaşlılar azad olunublar, amma saxta diplomlu “müəllimlər” hələ də qalırlar”.

“Göyçay  regional mərkəz olduğu üçün sovet vaxtı burada Mərkəzi xəstəxana, ikimərtəbəli Uşaq xəsətəxanası, Uşaq poliklinkiası, Vərəm dispanseri fəaliyyət göstərirdi. İndi onlar yaxşı vəziyyətdə deyil. 4 mərtəbəli regional Mərkəzin xəstəxananın təmirə və bərpaya ehtiyacı var. Uşaq poliklinakasında da hər şey köhnəlib”-deyə “Həftə-içi” qəzetinin əməkdaşı əlavə edib.

İcra başçısının əhali ilə görüşməsinə gəlincə, Vüsal Tağıbəyli bunun şahidi olmadığını və belə bir görüşlər barədə eşitmədiyini vurğulayıb. Jurnalistin sözlərinə görə, elə Göyçaydan seçilən deputatların da fəaliyyəti qənaətbəxş deyil.

“Space” radiosunun baş direktoru Əhməd Əskər Göyçaya çox gedib-gəlmədiyini desə də, axırıncı Qurban bayramında rayonda müşahidə etdikləri barədə fikirlərini bildirib.

“Hələ Sovet zamanında Göyçayın mərkəzdə olması, dəmiryol xəttinin onun yaxınlığında yerləşməsi rayonun iqtisadi baxımından sürətli inkişafına səbəb olmuşdu. O zaman Göyçay Azərbaycanın ən zəngin iqtisadiyyatı olan rayonlardan sayılırdı. “Kolxoz bazarı” deyilən bazar ətraf rayonlardan ancaq Göyçayda idi. Məsələn, İsmayıllıda yuxudan durub “bazara gedirəm”  deyən şəxs Göyçayın “Kolxoz bazarı”na gəlirdi. Bu bazar ilboyu səhərdən axşama qədər işləyirdi. İstədiyin vaxt istədiyin şeyi ala bilərdin. Amma indi rayondakı vəziyyət Azərbaycanın digər bölgələrindən elə də fərqlənmir”.

İnsanların işləməsinə gəlincə, müsahibimiz burada da fərqliliyin olmadığını qeyd edib.

“Sovet zamanında planlı təsərrüfat idi. Amma müstəqillik əldə edildikdən sonra torpaqlar insanlar arasında bölüşdürüldü. Kim nə istəyir, kimə nə sərfəlidir onu əkir. İndi insanların yaşayış tərzi çox çətindir. Göyçayın ən sağlam düşüncəli, fiziki gücə malik yaxşı oğlanları ailələrini Rusiyadan qazandıqları pulla saxlayırlar. Mənim iki qardaşım oğlu Sibirdə öz bizneslərini qurublar.
Hazırda bazar iqtisadiyyatı barədə danışırlar, amma bu xaos vəziyyətində olmalı deyil, hansısa planlı şəkildə qurulmalıdır. Məsələn, kimsə pambıq əkmək istəyir, amma bunu satmaq üçün yer də olmalıdır. Dünyada pambıq ən tələbatlı maldır və baha qiymətə də alınır. Amma görün Göyçayda və ya Azərbaycanda pambığın bir kilosunu neçəyə alırlar? Bu da məhsulun maya dəyərini ödəmir, nəticədə insanlar ruhdan düşürlər” deyə Əhməd Əskər əlavə edib.

Həmsöhbətimiz Göyçayda su təminatının pis vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, rayonda su təhcizatı sıfır vəziyyətindədir.

“Su xətləri 60-ci illərdə çəkiləndir. Bu gün onların çoxu partlayıb və suyun hamısı küçələrə axıb gedir, camaatın həyətinə isə su gedib çatmır. Bununla nə iqtisadiyyat olacaq? Sovet vaxtında qonşu rayonlarda ən yaxşı yollar Göyçayda olub. İndi isə həmin yollar dağılıb”.

Əhməd Əskər həmçinin qeyd edib Azərbaycan Avropaya qaz verdiyimi halda, Göyçayda qaz ancaq şəhərin mərkəzindədir. “O da balaca bir hissəsini əhatə edir”.

Həmsöhbətimiz rayona gec-gec getdiyi üçün Göyçayın təhsil və səhiyyə sistemi barədə xəbərsiz olduğunu bildirib.

“İndiki təhsil sistemindən xəbərsizəm, amma vaxtilə orta məktəbi bitirmiş məzunların çoxu  respublika miqyasında tanınmış ziyalılar, alimlər, şairlər, yazıçılar olublar. Son vaxtlar mən bunu görmürəm və təəssüf edirəm. Rayonda bir qohumumun övladı orta məktəbi qızıl medalla qurtaracaq səviyyədə bilikli idi. Mən çox gözləyirdim ki, o ali məktəbə sənəd verəcək. Ancaq orta məktəbi bitirən kimi Rusiyaya alverə getdi”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü