Modern.az

Sare Davudoğlu: “Türkiyə xarici işlər nazirinin xanımı olmaq asan deyil”

Sare Davudoğlu: “Türkiyə xarici işlər nazirinin xanımı olmaq asan deyil”

Müsahibə

14 Mart 2012, 19:06

“Uşaqlarla, evlə bağlı problemləri özüm həll etməyə çalışıram”

Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğlu Modern.az saytına müsahibə verib.

- Sare xanım, həm həkim, həm vətəndaş cəmiyyəti təşkilatının aktiv üzvü, həm Əhməd Davudoğlu kimi dünya çapında tanınan bir siyasətçinin xanımı, həm də 4 övlada ana olmaq üçün necə zaman çatdırısınız? Bu, çətin deyilmi?

- Əlbəttə, müxtəlif çətinliklər olur. Ancaq vəziyyətə görə daha vacib məsələləri sıralamaq lazım olur. Yəni bir önəm sıralaması edirsən. Bu gün mənim üçün  ən önəmlisi Azərbaycana gəlmək idi. Onun üçün oradakı işlərimi qaydasına saldım. Geri döndükdən sonra o işlərimi də həyata keçirəcəm. Əlbəttə çətinliklər olur, amma gözəl bir şeylər etdiyində o qədər xöşbəxt olursan ki, ona görə də o çətinliklərə dözməyə dəyir. Təbii ki, nəzərdə tutduğum işlərin hamısını yerinə yetirmək imkanım yoxdur. Əvvəllər daha sıx çalışırdım, hər gün xəstələrimə baxırdım, indi onu edə bilmirəm. Lakin ən az onun qədər önəmli başqa şeylər edirəm. Həyat yoldaşıma dəstək olmaq,  belə fəaliyyətlərə qatılmaq da eyni dərəcədə sevindirir məni.

- Uşaqlarınıza zaman ayıra bilirsinizmi?

- Uşaqlarım məndən çox şikayət edirlər. Hazırda balaca qızım xəstədir. Dünən axşam onunla telefonla danışdım, çox şikayət edirdi. Ancaq övladlarım da insanlar üçün faydalı şeylər etməyin gərəkliyini  bilirlər. Bu edilən işlər uşaqlar üçün də bir örnək olur. Keçirdiyimiz aksiyalara bəzən uşaqlarımı da  götürürəm. Bizim dərnəklərimiz, vəqflərimiz var. Uşaqlarla maraqlanırıq, xəstələrlə, kimsəsizlərlə, kasıb ailələrlə maraqlanırıq. Uşaqlarımı mütləq yanımda götürürəm və onlar o zaman hiss edirlər ki, imkansız insanlara kömək etmək çok sevindirici bir şeydir. Ona görə də dərk edrilər ki, onların yanında olmayanda faydalı bir şey edirəm. Yəni gərəksiz bir işlə məşğul olmadığımı bildikləri üçün güzəştə gedirlər.

- Azərbaycana ilk gəlişinizdir. Təsəvvürlərinizlə gördükləriniz arasında nə kimi oxşarlıq, fərq var?

- Doğrusu düşündüyümdən daha çox inkişaf etmiş gördüm Azərbaycanı. Xüsusilə Bakı çox düzənli, özünə xas xarakteri olan, kimliyi olan bir şəhərdir. Yeni  binaların da köhnə tərzə uyğun tikilməsi, yolların geniş olması məni son dərəcə cəlb etdi. Xəstəxanalar çox gözəldir. Xəstələrin ümumi halı çox yaxşıdır, imkansızlıq isə hər yerdə var. Amma imkansızlıqlar içində gözəl bir sistem qurulub. Azərbaycan iyirmi il əvvəl  müstəqillik qazanmış bir ölkədir. Amma indi Şimali Qafqazın parlayan ulduzudur. Bir neçə il sonra bu şəhəri tanımayacağıq. Bütün ölkə daha gözəl olacaq.

- Bir həkim və QHT fəalı olaraq ümumən dünyada anaların qorunması ilə bağlı prosesi necə qiymətləndirirsiniz?

- Əlbəttə, analar üçün nə edilsə, yenə azdır. Ayrıca çox böyük problemlər var. Birincisi ananı qorumaq ailəni qorumaqla mümkündür. Ancaq indi  bir çox ökədə ailənin yeterincə qorunmamasına bağlı olaraq analar da çətinliklər yaşayırlar. Qadın və kişi haqları bir-birinə zidd, daim ziddiyyətli kimi göstərilir. Bu səbəbdən ailələrin, ailə birliyinin qorunması getdikcə çətinləşir, boşanmalar artır. Təəssüf ki, ailələrin güclü olduğu toplumlarda da boşanmalar çoxalır. Onun üçün ailələrin qurulması zamanı həyat yoldaşlarına təhsil verilməsi və qarşılaşdığı problemlərdə dəstək verilərək boşanmaların qarşısının alınması, bu sahədə uşaqların da ailə mühitində böyüməsinə  kömək etmək lazımdır. Təbii anaların qorunmasının bir çox yönü var. Sağlıqlarının qorunması bunun çox önəmli bir parçasıdır. Hamiləlikdə, doğuşda, doğum sonrasında anaların doğru və yetərli bir müayinə alması, xərçənglə bağlı müalicələrin edilməsi çox önəmlidir. Bir də öz  sağlıqlarını qorumağa, öz sağlıqları ilə bağlı məsuliyyət hiss etməyə imkan verəcək şəkildə qadınların məlumatlandırılması lazımdır. Türkiyədə də bu yöndə bir çox çalışmalar var. Əminəm ki, Azərbaycanda da bənzər çalışmalar olacaqdır.

- Azərbaycandan başqa hansı ölkələrdə belə aksiyalar keçirmisiniz?

- Biz buraya iki dərnəklə gəldik - birincisi Yer Üzü Həkimlər Dərnəyi, bu beynəlxalq bir qurumdur. Həmin qurumun Türkiyə təmsilçisiyik. İkincisi isə Qadın Sağlıqçılar Dayanışma Dərnəyidir. Bu dərnək Türkiyə içərisində sağlıq haqqında treninqlərlə məşğul olur. Yer Üzü Həkimlər Dərnəyi ölkədən kənarda müharibə, qıtlıq vəziyyətində olan bölgələrə gedir. Afrikada bir çox yerlərdə çalışırıq. Son olaraq Somalidə, paytaxt Moqadişoda Türkiyədən topladığımız qaynaqlarla “Şəfa xəstəxanası” adı ilə bir xəstəxana açdıq. Konqoda da uzun zamandır fəaliyyət göstəririk. Hər getdiyimiz yerdə sonradan çalışmaların davam etməsinə səy göstəririk. Çünki hər layhihədə önəmli məsələ davamlılığın qorunmasıdır. Yəni gedərsiniz bir yerdə sağlıq xidməti verərsiniz, amma siz ayrıldıqdan sonra problem əvvəlki kimi davam edər. Onun üçün davamlılığın təşkil olunması çox önəmlidir. Bunun üçün iş gördüyümüz ölkədə yerli əməkdaşlarımız da olur. Bir vəqf  və ya könüllü qrupu ilə işləyirik. Oradan qayıtdıqdan sonra  başladığımız xidmət davam etdirilir. Məsələn, Qəzzada bir çox missiyalarımız oldu. Çox bəlli ardıcıllıqla Fələstinə, Qəzzaya gedirik. Hazırda Suriya sərhəddində bir mərkəz qurduq, təcili tibbi yardımlar aldıq, bir qisim dərmanları Suriyaya göndərdik. Afrikada xüsusilə xroniki  problemləri olan xəstələrə yardım etməyə çalışırıq, bu yöndə klinikalar açırıq. Məsələn, Nigeriyada 200 min füstüllü xanım xəstə var. Bu xanımlar ailələri, həyat yoldaşları tərəfindən tərk edilirlər. Çölün ortasınada təkbaşına qalırlar. Çünki bunlar tez-tez infeksiyaya yoluxur, pis qoxu yayırlar. Çox sayda bu tip xəstələrin “Ümüd menekşeleri” layhihəsi adı altında əməliyatlarını etdik. Bu gün layihə başlığımız “Sınırsız şevkat”dır. Her bir layihəmizin başlığı olur.
“Umud menekşeleri” davam edir. Nigeriyada  hazırda bir füstül xəstəxanası açırıq. Nigeriyada bu əməliyyatı edən  iki həkim var. O həkimləri biz Türkiyədə təkminləşdirmə kursundan keçirdik .  Bunlar çox çətin əməliyyatlardır. İlk əməliyyatlar yaxşı edilməsə, təkrarlanan əməliyatlarda uğur qazanmaq imkanı azalır. Onun üçün daim Türkiyədən professor səviyəsində həkimlərimizin gücündən istifadə edirik.  Afrikada katarakta çox yayılmışdı. Anomalli, marfosmonyolu, dodaq–damaq yarıqlı uşaqların əməliyatlarını edirik. Zənn edirəm ki, mayda, Heydər Əliyevin doğum günü münasibətilə dodaq-damaq yarıqlı doğulmuş uşaqların bir qrupunu Azərbaycan deputatı Məlahət İbrahimqızının təşkilatçılığı ilə dərnəyimizin plastik cərahları əməliyyat edəcək. Bu şəkildə  yardıma ehtiyacı olan hər kəsin köməyinə getməyə çalışırıq.

- Siz  xarici işlər nazirinin xanımı kimi onunla birlikdə bütün səfərlərdə ola bilmirsinz yəqin...

- Təbii, bir qisminə qatılıram. Bilirsiniz ki, hər ilin iyul ayında Nyu Yorkda BMT toplantıları olur. Mütləq ora qatılmağa çalışıram. İki il  qatıldım. Çünki çox uzun sürən bir səyahətdir və həyat yoldaşım orada çox işləyir. Məsələn, keçən il bir həftə ərzində 88 görüş keçirdi. Ona görə də onun yanında olmağa çalışıram bu zaman. Uşaqlarımın, xəstələrimin proqramları uyğun olduğunda zaman-zaman onunla birlikdə bəzi yerlərə gedirəm.

- Getdiyiniz ölkələrlə Türkiyəni müqayisə edirsinizmi?

-
Əlbətə, insan gördüyü hər gözəlliyə “bu da bizim ölkəmizdə olsaydı...” deyir. Problem gördükdə “bu da bizim ölkəmizdəki kimi həll edilə bilsəydi...” deyir. Mütləq bir müqayisə edir. Amma hər bir ölkənin özünə xas şərtləri var. Bütün ölkələrə, insanlara yaxşılıqlar, gözəlliklər diləyirəm. İnşallah hər bir kəs ölkəsində xoşbəxt yaşayar.

- Siz digər nazirlərin xanımı ilə dostluq edirsinizmi?

- Bəli, çünki bənzər həyatları yaşayan insanlar biri-birilərini özlərinə yaxın hiss edərlər. Doğurdan da bizim həyat yoldaşlarımızın iş rejimi çox sıxdır. Evlərinə az zaman ayırırlar. Amma biz xanımlar zaman-zaman müxtəlif fəaliyyətlərdə görüşürük. Bəzən Baş nazirin xanımı Əminə Ərdoğan bizi bir yerə toplayır, birlikdə görüşmələrimiz olur. Nazir xanımları ilə çox yaxın əlaqələrimiz var.

- Həyat yoldaşınıza necə kömək edirsiniz?

- O, Türkiyə üçün həqiqətən çox önəmli işlər görür. Ona həmişə dəstək olmağa hazıram. Üzücü olan məsələləri demirəm. Uşaqlarla, evlə bağlı problemləri özüm həll etməyə çalışıram. Qiymət vermək çox önəmlidir. Ən çox yaxınımızdakı insanların diqqətinə ehtiyacımız var.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?