Modern.az

İcra hakimiyyəti başçının həbsini əvvəl təkzib etdi, sonra TƏSDİQLƏDİ

İcra hakimiyyəti başçının həbsini əvvəl təkzib etdi, sonra TƏSDİQLƏDİ

Hadisə

19 Dekabr 2019, 15:38

Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarovun həbsi barədə məlumatlar yayılıb. Məlumdur ki, başçı olmadığı halda onu birinci müavin əvəzləyir. Amma budəfəki həbs birinci müavini də aparıb.
İcra Hakimiyyətində həm başçı, həm də birinci müavini olmadığına görə rayona rəhbərliyi hazırda kim həyata keçirir?


Ağstafa rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Leyla İsyeva Modern.az-a açıqlamasında başçının və birinci müavinin həbsinə şərh vermək istəməyib.

“Bununla bağlı aidiyyatı qurumlardan öyrənin”, - deyə o bildirib.


Bir qədər sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hamil Həsənov Modern.az-a yayılan xəbərlərin yalan olduğunu deyib:

“Xanım, bu məlumatlar yalandır. Başçı Tatlı kəndində səyyar görüşdədir”.

 

Nəhayət, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən Modern.az-a başçının və birinci müavinin saxlanılması xəbərini təsdiqləyiblər.


Adının çəkilməsini istəməyən əməkdaş bildirib ki, hazırda başçının səlahiyyətlərini Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini– Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev  icra edir.

Həmçinin qeyd edilib ki, bu gün icra başçısı Nizaməddin Quliyevin rayonun Tatlı kəndində vətəndaşlarla səyyar görüşü təyin edilsə də, məlum səbəbdən görüş təxirə salınıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü