Modern.az

Rafael Dadaşov: "Bəzi aktyorlar kənarda bir-birini görmək istəməyiblər, səhnədə sevişiblər” - MÜSAHİBƏ

Rafael Dadaşov: "Bəzi aktyorlar kənarda bir-birini görmək istəməyiblər, səhnədə sevişiblər” - MÜSAHİBƏ

Mədəni̇yyət

23 May 2012, 11:31

Modern.az-da "Mübahisə" rubrikasının səkkizinci qonağı Akademik Milli Dram Teatrının simalarından biri, Xalq artisti Rafael Dadaşovdur.

- Hazırda teatrda iki əsərlə - "Qanlı Nigar" və "Don Juan"la məşğulam. Hələlik başqa bir şey yoxdur və yəqin ki, yeni sezondan olacaq. Çünki gözəl bir repertuarımız təşkil olunur. Sentyabrda məzuniyyətdən qayıdandan sonra yeni əsər üzərində iş başlanacaq. 

- Hazırda teatrda müqaviləylə çalışırsınız, yoxsa?

- Tək mən yox, yaşı 65-i keçmiş bütün sənətkarlar müqaviləylə işləyirik. Nə bilim, bu yeni iş metodudur. Yəqin digər teatrlarda da belədir. Bu o demək deyil ki, biz burda müvəqqəti çalışırıq. Sadəcə iş metodu belədir.

- Amma razılaşaq ki, son vaxtlar teatr aləmində bu cür söz-söhbətlərin olması yaradıcı mühitə kifayət qədər mənfi təsir göstərdi.

- Əvvəldən bu qərar düzgün anlaşılmadı, başa düşülmədi. Əslində 65 yaş məsələsi bizə aid deyil.

- Məncə aktyor ən yaxşı rollarını 65 yaşdan sonra oynayır.

- Aktyorun hər yaşında ona uyğun rol var. Məsələn, cavalıqda cavan rolları oynayırsan, əgər qəddi-qamətin çox baxımlıdırsa, sevgi qəhrəmanlarını, baş rolları ifa edirsən. Daha sonra əmiyə keçirsən, ata olursan, baba olursan. 

- Qəddi-qamətdən söz düşmüşkən, bir məsələyə toxunmaq istərdim. Həmkarlarınızın bəzilərindən belə bir fikir eşitmişəm ki, Rafael Dadaşov zamanında bir çox rolları teatr diliylə desək, həmin o qəddi-qamətin, xarici görkəmininin hesabina "udub". Razılaşırsınız?

- Mən bunu özüm də etiraf edirəm. Teatra qəddi-qamətimlə, zahiri görünüşümlə gəldim. "Azdarama"ya gözəl, peşəkar aktyor kimi gəlməmişəm. İndi başlasam ki, belə aktyor idim, elə aktyor idim düz çıxmaz. Çünki haqq-ədalət adamıyam. Sadəcə, görünüşüm çox baxımlı idi. İndi Allah-təala belə yaradıb da. Nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm, amma cavanlıqda Alen Delon deyirdilər. Həmin vaxt teatrın baş rejissoru olan Tofiq Kazımov məni "Don Juan" əsərinə dəvət elədi. Mən indi Don Juanın atasını oynayıramsa, teatra gəlişimlə Don Juanın özünü oynamışam. Əgər görkəmlə bağlı söhbətləri sonrakı illərə də aid edirlərsə, bu gözügötürməzlikdən irəli gəlir. 

- Rejissorlar sizin görkəminizdən yetərincə istifadə edə bildilər?

- Deməzdim ki, milli teatrda bir o qədər istifadə olunub. Amma televiziya tamaşalarında mənim də payım var. Məsələn "Ordan burdan" teletamaşasında mənim görkəmimdən deyil, sənətimdən istifadə olunub. Elə rollar var ki, məni birbaşa dəvət eləməyiblər. Hansısa aktyorda alınmayıb, sonradan gəliblər mənim üstümə. "Səni axtarıram"da da, "Ordan burdan"da da olub belə şeylər.

- Həmin rollar sizdən əvvəl kimlərə həvalə olunmuşdu?

- Ad çəkmək istəmirəm. Yəqin ki həmin aktyorlarda Yaşarla tərəf müqabili olmaq alınmayıb. Çünki Yaşar Nuri çox güclü aktyordu, çox istedadlıdır. Allah onunu canına dəyməsin. Yaşar bizə çox lazımdır. 

- Adətən aktyorlar filmi qazanc hesab edirlər. Yəni tamaşa oynanılır, yaddan çıxır, film isə qalır. Son illər sizin çəkildiyiniz elə bir film yoxdur. Belə çıxır ki, neçə illərdir  qazancsızsınız?

- Aktyor heç vaxt qazanmayıb. İstər postsovet məkanında, istər indi aktyor öz zəhmətinin haqqını lazımınca almayıb. Biz qonşu ölkə aktyorlarının, Qərb aktyorlarının qazandığının yarısı qədər də qazanmamışıq. Bizim qazancımız xalqımız tərəfindən çox gözəl qiymətləndirilməyimiz olub. Adımızın sayəsində "defisit" olan müəyyən şeylər bizə əlçatan olub. 

- Kişi aktyorların tamadalıq, sərpayılıq eləməsi də zamanında müzakirə mövzularından biri idi. Hətta xalq artisti İlham Namiq Kamal bunun qəti əleyhinə olduğunu bildirmişdi. Siz necə, tamada kimi toylara gedirsiniz?

-  Mən toyların birinci təbliğatçısı olmuşam. Doğrudur, aktyorun toy idarə eləməsinə birtəhər baxsalar da, həmişə bu işin təbliğatçısı kimi çıxış eləmişəm.  İstər 80-ci illərdə, istər 90-cı illərini əvvəllərində toylar aparmışam.

- İndi də tamadalıq edirsiniz?

- İndi yaşımla, səhhətimlə əlaqədar toylara getmirəm. Bu işi təbliğ etməyimi də belə əsaslandırmışam ki, aktyor sənətiylə pul qazanır. 

- Axı tamadalıq aktyorun sənəti deyil...

- Necə yəni sənəti deyil? Bəs danışıq qabiliyyəti, insanları cəlb eləmək? Bunlar böyük şərtdir. Bizim adımız nədir? Artist. Bizə əməkdar aktyor demirlər ki, əməkdar artist deyirlər. 
Artistliyin çox sahəsi var. Bura müğənilik, aktyorluq, aparıcılıq və sair daxildir. Artist hər yerdə çıxış edən, dil qabiliyyətini, natiqliyini, bədii qiraətini nümayiş etdirən şəxsdir. Toyda da məhz bunlar tələb olunur. Aktyor toyda əl açmır ki, mənə pul verin?

- Maddi ehtiyacınız olmasaydı, toylara gedərdiniz?

- İndi də bəzən toylara gedirəm. Amma dostlarımın, yoldaşlarımın toyunu idarə edirəm. Yenə də deyirəm ki, aktyor öz sənətiylə pul qazanmalıdır və bu da bizim sənətimizin bir qoludur. 

- Bir az da teatrdan danışaq. Teatrlarda aktyorlara qarşı inzibati cəza metodlarının olması nə dərəcədə doğrudur? 

- Sən söhbəti başqa səmtə fırladırsan, köhnə yaranı qaşımaq istəyirsən. Amma mən ona konkret cavab verəcəyəm. Heç vaxt aktyorun cəzalanmağının əleyhinə olmamışam. Bir var bu cəzanı haqlı olaraq alırsan,bir də var ümumi cəza süpürgəsinin altına düşürsən, səni süpürürlər. Aktyorun ixtiyarı nədir tamaşanı gecikdirsin, məşqə geciksin? Aktyor vaxtında məşqinə, tamaşasına gəlməlidir. Hamı da görməlidir ki, o yarım saat, bir saat əvvəldən gəlib, hər işi də qaydasındadır. Amma ömrünü sənətə həsr eləmiş bir sənətkara xəbərdarlıq, töhmət verilməsi adama təsir edir. 

- Filmlərin, tamaşaların pərdəarxası məqamları hər zaman tamaşaçı üçün çox maraqlı olub. Ələlxüsus sevgi, məhəbbət elementləri olan filmlər tamaşalar. Sizin də oynadıqlarınızın əksəriyyətində bu elementlərə rast gəlinir. Səhnədə, filmdə yaşadığınız eşqin davamını real həyatda yaşamısınız? 

- Tanınan bir cərrahla, siyasətçiylə müsahibədə belə suallar vermisiniz? Soruşmusunuz ki, sizinlə çalışan tibb bacısıyla sevgi münasibətləriniz olub? Niyə onlara belə suallar vermirsiniz?

- Çünki aktyor daha geniş çevrədə tanınır. Bir cərrahın tibb bacısıyla yaşadıqları, tamaşaçı üçün Rafael Dadaşovun öz tərəf müqabiliylə yaşadıqları qədər maraqlı deyil.

- Nə olsun? Niyə məhz bu sual? Sən soruş ki, səhnədəki tərəf müqabillərinizdən razısınızmı? Sən soruşursan ki, səhnə arxasında nəylə məşğulsunuz. Vaxtında sənətkarlar öz tərəf müqabilləriylə ailə qurublar. Bu çox müqəddəs bir şeydir. Elə mənim valideynlərim eyni yerdə çalışıblar və sonradan ailə qurublar. Elə zamanlar olub ki, aktyorlar kənarda bir-birini görmək istəməyiblər, amma səhnədə sevişiblər. Bunu əsər, pyes, hadisə, sənət tələb edir. Vaxtilə deyiblər ki, Rafaellə Yaşar arvad paltarında tamaşaçı önünə çıxıblar. Bunu pyes tələb edib ki,  biz tamaşaçı qarşısına qadın paltarında çıxmışıq. Səhnə nə tələb edirsə, o da olmalıdır. Neçə-neçə ailələrin qurulmasına sənətin, səhnənin böyük rolu olub. 

- İndi sizin istədiyiniz sualı verirəm. Sizinçün rahat olan tərəf müqabiliniz kimdir?

- Mənim teatra gəlişim çox gözəl bir vaxta düşdü. Hələ müəyyən sənətkarlar sağ idilər. O sənətkarlar ki, indi korifey hesab olunurlar. Əliağa Ağayev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, Hökümə Qurbanova, Nəcibə Məlikova hələ də işləyirdilər. Bu aktyorlarla müəyyən tərəf müqabiliiyim olub. 

- Atanızla tərəf müqabili olmusunuz?

- Olub. "Cehizsiz qız" tamaşasında rəhmətlik Məlik Dadaşovla, Səməndər Rzayevlə tərəf müqabili olmuşuq. Sonradan isə mən həmin tamaşada atamın rolunu oynadım. mənim rolumsa başqa aktyora verildi. Atamla Moldova filminə də çəkilmişəm. Doğrudur, orda elə də böyük səhnələrim olmayıb.

- Son olaraq yeni nəsillə bağlı bir neçə kəlmə...

- Mən onlara istedadısz deyə bilmərəm. Çünki müəyyən müsbət şeyləri görürəm. Görmədiyim odur ki, gənclərdə sənətə qarşı ciddilik zəifdir. Səhnəyə münasibət, məsuliyyət azdır. Axı səhnə müqəddəs bir yerdir. 

- Bəlkə pul qazanmaq istəyirlər...

- Onları qınamaq da olmur. Amma bu onlara haqq qazandırmır. İstənilən halda səhnəyə məsuliyyət, ciddilik lazımdır. Gərək səhnənin fanatı olasan. İndi güzəranın nə qədər yaxşıdır, nə qədər pisdir, bu başqa söhbətdir. Səhnəyə vurğun olmalısan, onunla yaşamalısan. Düzdür, ailə, uşaq var, digər problemlər. Amma yenə də məsuliyyətli olmaq lazımdır. 

Yusuf  Yusufbəyli

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü