Modern.az

Müharibə başlayan gün məni ən çox qorxudan o idi ki...

Müharibə başlayan gün məni ən çox qorxudan o idi ki...

Aktual

27 Sentyabr 2021, 12:56

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

 

Vətən uğrunda ölmək şərəfdir, demiş atalarımız. Ancaq müqəddəs amal uğrunda canından keçənləri anmaq isə hər birimizin vətəndaşlıq borcudur. Bu gün 30 illik həsrətə son qoyan cəsur oğullarımızın “Anım Günü”dür. Onların müqəddəs ruhları qarşısında baş əyir, doğmalarına səbr diləyirik. Qoy hər bir şəhid valideyni bilsin ki, biz onları heç vaxt unutmayacaq və gələcək nəsillərə verdiyimiz tərbiyə ilə də unutmağa qoymayacağıq!

 

Sözsüz ki, dünyanın neçə illərdir ədalət gözünün Azərbaycana qarşı kor olduğunu bildiyimizdən bu yolun son ucunun döyüş, qan olacağını çoxlarımız yaxşı bilirdik. Biz babalarımızın sözlərinə əsasən döyüşün kişilik, qanın isə qovuşmaq olduğunu da yaxşı anlayırdıq. Elə bu üzdən də ötən ilin bu günü bütün xalqımız ümummilli həmrəylik göstərərək Vətən savaşına ürəklə başladı. Doğrudur, bu günlərdə hər birimiz həyacan içində olsaq da, amma içimizdə 30 il ərzində məğlubiyyətdən yoğrulmuş xəcalət hissini darmadağın etməyin, dünyaya ədalətin nə olduğunu güclə anlatmağın və əl-ayağı murdar düşməni pak yurdumuzdan qovmağın məqamı yetişmişdi deyə, hamımız sonsuz dərəcədə ürəkliydik!

 

Hətta mən o qədər ürəkliydim ki, Suqovuşanda gizir qardaşım oğlu, (indi də Kəlbəcərdə xidmətdədir) Füzulidə könüllü əmim nəvəsi (şəhid) döyüşməsinə baxmayaraq, müharibə başladığı gündən sonadək məni ən çox qorxudan o idi ki, yenə 2016-cı ilin aprelində olduğu kimi Moskvadan gələn zənglər bu savaşı dayandıracaq, Ordumuza haqq işini sona çatdırmasına imkan verilməyəcək. Çünki hər kəs yaxşı bilir ki, Qarabağın Azərbaycan Ordusu tərəfindən tam azad edilməsi, Rusiyanın əlindən həm Azərbaycana, həm də Ermənistana qarşı olan təsir alətinin birdəfəlik sındırılması deməkdir. Əlbəttə bu gözləntim özünü təəssüf ki, doğrultsa da, yəni Rusiya hərbçiləri “ağ göyərçin” cildində gecəylə özlərini Qarabağa dürtə bilsələr də, ancaq nə yaxşı ki, bu dəfə 2016-cı ildəkindən çox fərqli oldu. Çünki, bu dəfə igid döyüşçülərimiz bizə 4 günün deyil, 44 günün qalibiyyətini yaşadıb yurdumuzun işğalda olan əksər hissəsini azad etdilər.

 

Qarabağı nə vaxtsa düşməndən azad edəcəyimizə həmişə inanırdım. Ancaq torpaqlarımız işğalda olan zaman dəfələrlə “Qarabağ artıq gedib”, “Qarabağ çoxdan satılıb, qalıb onun rəsmiləşdirilməsi”, “Qarabağdan əlini üz” deyənləri isə heç anlamırdım, onları satqın kimi qəbul edirdim. Belələri ilə nəinki kəskin  mübahisə, bəzən lap savaşmaq həddinə çatdığım anlar da olurdu.

 

Bu arada, mənə ən çox pis təsir edən nəsnələrdən biri, Qarabağla bağlı yazılarımda kəskin mövqeyimə görə bəzi iş yoldaşlarımın yanımdan salam vermədən keçməsi, məndən uzaq durması idi. Bəziləri isə guya məni çox istədiklərindən “öz gələcək karyeranı düşün” deyirdilər. Belələri özlərini öz aləmlərində siyasəti elə dərindən bilənlər kimi aparırdılar ki, guya mən bunlarla müqayisədə heç ATƏT-in Minsk qrupunun üzvləri ağlında da deyiləm.

 

Ancaq heç kim anlamaq istəmirdi ki, kimlər üçünsə susmaq qızıl olsa da, jurnalist üçün susmağın dəyəri yoxdur, yəni bu, tamailə dəyərsizlikdir. Jurnalist üçün susmağı nəinki qızıl, heç xəzinədolu brillyant da əvəz edə bilməz. Çünki, ümumi götürsək indiyədək milli mənafeyini qızıla satanların boynundan sonda daş asılmasının az şahidi olmamışıq. Amma nə yaxşı ki, ötən il 10 noyabrdan sonra belələri məni görəndə özləri yanaşa bildi, hətta gülərək “axır ki, yaza-yaza istəyinə çatdın” – deyənlər də oldu. 

 

Doğrudur, xalqımızın milli həmrəyliyi, Ordumuzun gücü və Ali Baş Komandanın siyasi iradəsi nəticəsində indi torpaqlarımızın səksənbeş faizi işğaldan azad olunub. Ancaq nə qədər ki, Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərə rayonlarından silahlı separatçı-terrorçu dəstələri qovulmayıb, bu rayonlarda inzibati ərazilər üzrə dövlət qurumlarımız fəaliyyətə başlamayıb, rusiyalı “sülhməramlılar” Vətənimizi tərk etməyib, döyüş ruhumuzu bir an belə rahat buraxa bilmərik.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü