Modern.az

Neftin bahalaşması bizə nə VƏD EDİR?

Neftin bahalaşması bizə nə VƏD EDİR?

Aktual

21 Yanvar 2022, 16:22

“Neftin qiymətinin dünya bazarında yüksəlməsi enerji istehsalçısı və ixraçatcısı olan Azərbaycanın dövlət gəlirlərinin, eləcə də valyuta ehtiyatlarının artması baxımından vacib hesab olunur”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, neft ölkələri üçün dünya bazarında qara qızılın qiyməti valyuta gəlirləri baxımından çox vacibdir:

 

“Neftin dünya bazarında qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Bu da eyni zamanda dövlət üçün xərcləmələr baxımından vacibdir. Xüsusən də, fiskal gəlirlərin formalaşmasına imkan yaradır. Təbii ki, Azərbaycan da digər neft ölkələri kimi neft bazarında stabillikdə və qiymətin məqbul səviyyədə qalmasında maraqlı olan ölkələrdəndir. Netin dünya bazarındakı qiyməti həm istehsalçı, həm də istehlakçı ölkələr üçün məqbul səviyyədə olmalıdır. 2014-cü ildə dünyada baş verən neft şoku göstərir ki, dünya bazarında neftin qiymətindəki kəskin artımlar bir sıra hallarda yenidən qiymətdə kəskin azalmalarla müşahidə olunur. Bu da neft ölkələrinin gəlirliyinə təsir göstərir”.

 

Deputat, həmçinin bildirib ki, Azərbaycan neftinin dünya bazarında qiymətinin həm istehsalçı, həm istehlakçı üçün məqbul səviyyədə qalmasında maraqlı olan ölkələrdəndir:

 

“Təbii ki, kəskin qiymətlər növbəti mərhələdə neft bazarında sıçrayışların artmasına gətirib çıxara bilər. Ona görə stabillik daha vacibdir. İndiki halda qiymətləndirilmə onu göstərir ki, neftin 1 barelinin qiyməti 80-90 dollar qiymət intervalında dəyişməsi məqbul qiymət hesab olunur. Xüsusən də 80 dollar istehsalçı və istehlakçı üçün iqtisadi reallıqlar baxımından məqbul qiymədir”.

 

V.Bayramovun fikrincə, bu baxımdan neftin qiymətinin stabilləşməsi bütün hallarda ölkəmizin valyuta gəlirlərinin artmasına gətirib çıxaracaq:

 

“Amma neft ölkələri və xüsusən OPEC+ da çalışmalıdır ki, bazarda kəskin artımların nəticəsində “oratellik” yaranmasın. Bütün artımlar növbəti mərhələdə neft bazarında yenidən şokların yaşanmasına gətirib çıxara bilər”.

 

Qeyd edək ki, bu günə olan məlumata görə, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,04 ABŞ dolları, yaxud 0,43 % artaraq 92,89 ABŞ dollarına çatıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var