Modern.az

Azərbaycanda sufi xanəgahları və abidələri – ARAŞDIRMA

Azərbaycanda sufi xanəgahları və abidələri – ARAŞDIRMA

Mədəni̇yyət

29 İyun 2013, 12:13

Qərb və Şərqin kəsişmə nöqtəsində yerləşən Azərbaycan karvan, ticarət yolları kimi elm, ədəbi və mədəni maraqları da özündə birləşdirib. Bu birləşmənin nəticəsində möhtəşəm Şərq intibahının mərkəzinə çevrilən Azərbaycanda bu gün də tarixin bəzi sirləri yatmaqdadır. XII əsr Müsəlman-Şərq intibahı əsasən elm, mənəviyyatın yayılma və formalaşması nəticəsində özünün ən pik nöqtəsinə çata bildi. XII-XVI əsrləri əhatə edən dirçəliş dövrü Azərbaycan, Şərq mədəniyyətinin  ən parlaq tarixi hesab olunur. Bu müddətdə inkişaf edən Şərq fəlsəfəsi indi də həm özünü, həm də rasional Qərb təfəkkürünü material və düşüncə məhsulu ilə “təmin etmədədir”. Bu dirçəlişin bünövrəsində elm, ədəbiyyat, mədəniyyət, İslam mənəviyyatı və bunların hamısının birgə təşkil etdiyi unikal düşüncə tərzi – təsəvvüf dayanır. Təsəvvüf təbii ki, öz inkişaf mərhələsinə adlamaqdan ötrü Azərbaycandan istifadə etməli idi. Təsəvvüf Bağdad, Şam, Bəsrə və digər məşhur Şərq şəhərlərində təşəkkül tapsa da öz inkişafının pik nöqtəsinə Azərbaycan və Anadolu vasitəsilə çata bildi.

  Uzun incə bir yoldayım….   

Sufizmin təbliğinin ən geniş  yayılmış üsulu gəzərgi dərvişlərin el-el, oba-oba dolaşaraq Allah kəlamlarını təbliğ etmək , insanın  Allahda təcəllisini, ona “şah damarından da yaxın olmasını” və s. insanlara çatdırılması idi. Onların əsas missiyası kamil insan formalaşdırmaq idi. Kamil insan öz “reseptini” sufizmdə  gizlədirdi. Sufizmin “piarmen”ləri olan dərvişlər və övliyyaların keçdikləri, gəzib-dolaşdıqları yerlər arasında sözsüz ki , Azərbaycan birinci yeri tutur.  Tarixçi Muhəmməd İbn Münəvvərin məlumatına görə, təkcə Şirvanda 400-dən artıq  sufi xanəgahı olub.  Şirvan şeyxi Pir Hüseynin xanəgahı Bakının 127 kilometrliyində yerləşir. Bütün bu məlumatlar İslam dünyasında qurulan ilk təkyə yerlərindən birinin Azərbaycan ərazisi olduğunu göstərir.            

 

XVI əsrdə Azərbaycanda olmuş Övliya Çələbi bu ərazidə mövcud olan xanəgah və təkkələr haqqında məlumat vermişdir. Bu məlumatda Şeyx İbrahim Şirvaninin, Mərəzədəki Diri Babanın, Şeyx Rza Sultanın, Əfşar Babanın ziyarətgahlarının adları çəkilir.   

Digər sufi xanəgahları da bunlardı Soltan Baba piri 

Bu abidə Dəvəçi rayonunun Uqah kəndindədir. Vaxtilə bu tikilinin çəkilmiş fotoşəkilindən məlum olmuşdur ki, əvvəllər, qeyd olunan pirin qapısının üzərində ərəbcə süls xətti ilə kitabə olub. Kitabədən burada sufiliyi təbliğ edən cəmiyyətin şeyxi Əbu Bəkrin məqbərəsi yerləşdiyi bilinir. Oradakı türbə Sultan Fərruxzad ibn Axsitanın zamanında Nasirin oğlu Nəcəf Məhəmməd tərəfindən  inşa etdirilib.

Seyid Əhməd piri 

Seyid Əhməd piri Lənkəran-Astara şose yolunun sağ tərəfində yerləşən meşəlikdəki Maşxan kəndinin qəbiristanlığındadır. Məqbərə  XV əsrdə yaşamış Sultan Əhməd ibn Kərimə  məxsusdur. “Maşxan” sözünün “biz şeyxlər” mənasında işləndiyi üçün kəndin adının buradakı şeyxlərlə əlaqədar meydana gəldiyi güman edilir. 

Babadilim piri 

Quba şəhərinin Hapıt kəndində olan bu zaviyə Sufilik mərkəzi kimi fəaliyyət göstərən zaviyənin X-XI əsrlərdə inşa edildiyi ehtimal olunur.

Əlibaba piri 

Bakının 50 km-də, Xəzərin şərq sahilində, Türkan qəsəbəsindəki köhnə qəbiristanlıqda yerləşir.  Türbədəki qəbirin kitabəsində mərhumun adı pozulduğuna baxmayaraq, əhali arasında burada xalq yolunda şəhid düşmüş Əlibaba adlı şəxsin dəfn olunduğu söylənilir. Qəbri ziyarətgaha çevrilmiş bu insanın XIII əsrdə yaşadığı güman edilir. 

Qara paltar piri 

Buzovna qəsəbəsinin Nazranlı məhəlləsindəki Qara paltar piri nəsrani Bəhramə Səmavərzinin adı ilə bağlıdır.  Buna bənzər abidələr Abşeronun Yeni Suraxanı və Şağan kəndlərində də var. Şağan kəndində yerləşən türbə Bulqaq (Əbul-həqq) bin Bulqərara məxsusdur. Suraxanıdakı türbənin bəzi yazıları köhnələrək silindiyindən bu qəbirin hicri təqvimi ilə 803-cü ildə vəfat etmiş Gərşivəzin oğluna aid olduğu haqda məhdud məlumat bilinməkdədir. Həmin abidələrin xaçpərəst xristianlara məxsus olduğu ehtimal edilir. Şağan türbəsinin içərisindəki daşlar görünməsin deyə, tikilinin qapısı daşla hörülmüşdür. Buzovnadakı türbənin içərisindəki 
xaçlar isə suvaqla örtülmüşdür. Adı çəkilən abidələr tarixi yöndən böyük əhəmiyyətə malikdir. Belə ki, Alban xaçı Qafqazda ən qədim hesab olunur. 

Xanağa piri 

Naxçıvanın Ordubad şəhərinin Xanağa kəndindədir.  Tədqiqatlar nəticəsində pirin yerində daha öncə xanəgahın (şeyxlərin, dərvişlərin ibadət etdikləri yer) yerləşdiyi zənn edilir. Kəndin adının da məhz xanəgahlarla əlaqədar meydana gəldiyi güman edilir. 

Düylün piri 

Üzərində yazılı kitabəsi olmadığı üçün Ordubadın Düylün kəndindəki pirin tarixi və burada dəfn olunanın kimliyi barədə dəqiq məlumat əldə etmək mümkün deyil. Lakin onun sufi təriqətlərindən olduğu və XIV əsrdən əvvəl fəaliyyətə başladığı ehtimal edilir. 

Seyid Camaləddin piri 

Lənkəran-Astara şose yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerləşən pir,  Şeyx Səfi Ərdəbilinin ustadı Tacəddin İbrahimin (Şeyx Zahidin) mürşidi Eynəzzaman Camaləddin Gilinin adı ilə bağlıdır. Butəsər mahalının Malvan kəndindən olan Seyid Camaləddin ömrünün çox hissəsini Astarada yaşayıb, sufizmi təbliğ etmişdir. 

Babagil piri 

Vaxtilə Gilandan Astaraya gələrək, Asnaqaran (Dəmirçilər) kəndində məskunlaşmış Sultan babanın adı ilə bağlıdır. Onun ləqəblərindən biri talışca «Asnaqaran», farsca «Аһəngəran» olmuşdur. «Babagil» sözünün mənası isə yerli əhalinin dediyinə görə, «Gilanlı baba» deməkdir. Sufi şeyxinin əsl adı bəlli deyil. Onun XI əsrdə yaşadığı ehtimal edilir.

Diribaba piri 

Adıçəkilən pir Mərəzə ərazisindəki bir qayalıqdakı mağaranın içindədir. Diribaba Şirvanşah Şeyx İbrahimin müridi olmuş və şeyx kimi fəaliyyət göstərib. Rəvayətə görə, Diribaba Seyyid İbrahimin tövsiyəsilə daim dizi üstə oturub, Allaha dua etdiyindən, onu ziyarət edənlərin təsəvvüründə belə qalmış və bununla əlaqədar olaraq pir «Diribaba» adlandırılıb.  

Həzrəti Şeyx Mənsur piri 

Qəbələnin Həzrə kəndində yerləşir. Buradakı abidələr XIV- XVI əsrlərə aiddir, Şeyx Mənsur Şirvanşah I Şeyx İbrahimin dövründə yaşayıb, Həzrə türbələrinin tədqiqi nəticəsində bu abidələrin Şirvan Abşeron memarlığı məktəbinə aid Şamaxı ustalarının inşası olduğu aşkar edilib. Dədəgünəş piri Şamaxının Dədəgünəş kəndinin meşəliyində yerləşir. Yerli əhali buradakı məqbərəni «Piri Sultan Dədəgünəş» adlandırmışlar. «Dədəgünəş» XII əsrdə yaşamış alim, təbib və filosof Kafiəddin Ömər ibn Osmanın ləqəbidir. Rəvayətə görə, Dədəgünəş kəndinin yaxınlığındakı Məlhəm kəndində vaxtilə müalicəvi 
xüsusiyyətlərə malik kükürdlü su və palçıq yataqları olub. Dədəgünəş insanları bu məlhəmlər vasitəsilə müalicə etdiyindən, ona «уеrin və göyün günəşi» deyilib. 

Ağbil piri 

Qubanın Ağbil kəndindəki qəbiristandadır. Şirvanşah II Xəlilullah vaxtında yaşamış Şeyx Məzyədin, Şeyx Bayazidin, sufi Rəfiəddin və şəhid Şah Muradın burada dini fəaliyyət göstərdikləri kitabələrdən aydın olmuşdur. «Şeyx Məzyəd» türbəsi Sultan oğlu Sultan Xəlilullahın vaxtında sufi Rəfiəddinin oğlu Şeyx Məzyədin qəbiri üzərində (h. 940 / m. 1533-1534) inşa edilmişdir. «Sofi Həmid piri» abidələr kompleksi Şirvan şəhəri ərazisindədir. Buradakı türbənin XIV əsrdən əvvəl tikildiyi ehtimal edilir. Türbə qarşısında Sofi Həmidin bir neçə müridinin abidələri də mövcuddur. Sofi Həmidin Bektaşiyyə təriqətinin qollarından birinin şeyxi olduğu güman edilir. 

Bunlardan əlavə , Şeyx Baba piri  (Qəbələ şəhərinin Həmzəli kəndi),  Babaratma piri  (Şəki şəhəri Babaratma kəndi),  Şeyx Yusif piri (Yevlaxın Ərəbbəsrə  kəndi)  və digər adlarını çəkmədiyimiz sufi iqamətgahlar var. Diqqət yetirdinizsə xanəgahların çoxusu pir adlanır. Pir indiki zamanda onlara verilən adlardı. Öz dönəmlərində isə sırf övliyya məskəni, sufi ocağı kimi fəaliyyət göstəriblər. Mövzu ilə  əlaqədar olaraq sufizm sahəsində mütamadi araşdırmalar apaaran , şərqçünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadəyə müraciət etdik:  

Azərbaycanda sufiləri dərvişlərlə eyniləşdirirlər, amma bu düz deyil

Orta əsr mənbələrinin birində məhz Şirvanda dərvişliyin yayılması barədə bir irad da var. Mənbəni indi xatırlamıram. Xanəgahlar ayrıca tədqiqat sahəsidir.

Mövzu ilə bağlı  konkret ünvanları demək çətindir.

Biri Şeyx Mahmud Əfəndinin Qubadakı məkanıdır. Onun nəslindən qalan bir xanım bizdə işləyir, o daha səhih məluma verər

Amma bu, nigarilərin Mahmud əfəndisi ilə səhv salmayın. Nigarilərin bir xanəgahı səhv etmirəmsə Bərdədir.  Pir Hüseyn Şirvani (XIII əsr) xanəgahı  Hacıqabuldadır

O, daha yaxşı qorunmuş bir xanəgahdır.  Fərziyyələrə görə Xəlvətiyyə təriqətinin xanəgahı Şirvanşahlardadır, amma bu, mübahisəlidir. Culfada bir xanəgah var, Əlincəçay xanəgahı deyirlər. Hansı təriqətindir dəqiq deyil, sonralar Hürufilər orada deyilənə görə Nəimini dəfn ediblər, ancaq xanəgah daha əvvəldən XII əsrdən olub. Məlumat üçün deyim ki, orta əsrlərdə Azərbaycan ərazisində, xüsusilə Şirvan və Şimal ərazidə təriqətlər çox olub və istənilən məscidin yanında bir xanəgah tapmaq mümkündür.

Amma hazırda sufi təriqətləri xanəgahlar şəklində deyil, söhbətlər şəklində öz mövcudluğunu davam etdirir

məsələn, çox nadir sufi təriqəti olan rifailiyin Azərbaycanda qolu var, amma xanəgahı  yoxdur.  

 

(ardı var) 

Elmin Nuri

 

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü