Modern.az

Azərbaycanda hansı universitetlərin məzunları iş tapa bilir... - ARAŞDIRMA

Azərbaycanda hansı universitetlərin məzunları iş tapa bilir... - ARAŞDIRMA

25 Yanvar 2024, 17:30

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 11 universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

 

Sistemə 45 mindən artıq məzunun məlumatları daxil edilib. Qeyd olunan məzunların 57%-ə yaxını, və ya təxminən 26 min nəfər işlə təmin olunub. 99 nəfər fərdi sahibkarlıqla məşğul olur, qalanı işlə təmin olunmayanlardır.

 

Modern.az təqdim edilən məlumatlara əsasən hansı universitetlərin məzunlarının daha çox iş tapdığını araşdırıb.

 

Sistemə adları daxil edilən ali təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Sumqayıt Dövlət Universiteti (SDU), Lənkəran Dövlət Universiteti (LDU), Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Biznes Universitetidir.

 

Sözügedən universitetlərdən məzunları arasında ən çox iş tapan ADNSU-dur. Belə ki, 2018-2021-ci illər arasında məzun olan və adları sistemə daxil edilən şəxslərin 64%-dən çoxu əmək müqaviləsi əsasında iş tapıb. Onların cəmi 20%-i dövlət sektorunda işləyir.

 

Platformada yerləşdirilən məlumatların analizi göstərir ki, qeyd olunan müddətdə UNEC-dən məzun olanların 61%-i işlə təmin edilib. Fərdi sahibkarlıqla məşğul olanlar arasında da bu universitetin məzunları çoxluq təşkil edir.

 

BDU-nun məzunlarının 55%-ə yaxını işlə təmin olunub. Bu universitetdən ən çox məzunu olan ixtisaslar hüquqşünaslıq, müəllimliklər və beynəlxalq münasibətlərdir. İşlə təmin edilənlər arasında da hüquqşünas, müəllimlər və iqtisadiyyat məzunları üstünlük təşkil edir.

 

Digər universitetlərin məzunları arasında iş tapma nisbəti aşağıdakı kimidir:

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) – 51.5% məzun iş tapıb

Sumqayıt Dövlət Universiteti (SDU) – 50%-ə yaxın məzun iş tapıb

Lənkəran Dövlət Universiteti (LDU) – 54.7% məzun iş tapıb

Mingəçevir Dövlət Universiteti – 48.8% məzun iş tapıb

Azərbaycan Turizm və Menecment Universiteti – 60.6% məzun iş tapıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 56.1% məzun iş tapıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – 47.6% məzun iş tapıb

Bakı Biznes Universiteti – 58.3% məzun iş tapıb

 

Qeyd edək ki, rəqəmlər həmin şəxslərin məzun olduqdan sonra iki il ərzində əmək müqaviləsi bağlayıb-bağlamadığı əsasında hazırlanıb. Yəni işlə təmin olunan 26 min nəfər rəsmi əmək müqaviləsi ilə çalışanlardır. Şübhəsiz, əmək müqaviləsi olmayan məzunların da sayı yetəri qədərdir. Bu sayı müəyyən etmək mümkün deyil.

 

Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi bütün universitetlərin adlarını sistemə daxil etməyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir