Modern.az

“Məşhur tələbə yoldaşım”: Anar Məmmədxanovun tələbə yoldaşı danışır - “18 yaşlı Anar dövlət başçısına sübut etdi ki...” - LAYİHƏ

“Məşhur tələbə yoldaşım”: Anar Məmmədxanovun tələbə yoldaşı danışır - “18 yaşlı Anar dövlət başçısına sübut etdi ki...” - LAYİHƏ

12 Aprel 2014, 12:35

Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Modern.az saytı “Məşhur tələbə yoldaşım” adlı layihəyə davam edir. Bu dəfə Milli Məclisin keçmiş deputatı, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun mərhum kapitanı 2011-ci il aprelin 23-də dünyasını dəyişmiş Anar Məmmədxanov haqqında onun tələbə yoldaşı Talıb Cəfərov xatirələrini bölüşür:  


“Mən çox arzulayardım ki, Anar sağ olardı, mən də onun barəsində müsahibə verib, günün sonunda onunla görüşüb və gənc illərimizi xatırlayıb fərəhlənək. Əfsuslar olsun, onunla bağlı yaddaşımda əbədi əks olunmuş əhvalatları dostumun vaxtından əvvəl vəfatından sonra sizinlə bölüşürəm. Əziz dost itkisinə bir tərəfdən kədərlənirəmsə, digər tərəfdən fəxr edirəm ki, vəfatından sonra belə, Anar Məmmədxanov unudulmayıb, onun həyat tərzi insanları maraqlandırır və onun ideyaları gənclər üçün nümunə olaraq yaşayır.

Tale elə gətirdi ki, tanışlığımız məktəb dövründə başlansa da, dostluq münasibətimiz məhz tələbəlik illərində yarandı. 1987-ci ildə onunla birgə Azərbaycan Dövlət Universitetinə (hazırkı BDU) daxil olduq. Anar babası - adı dünya riyaziyyat elminə qızıl hərflərlə həkk olunmuş, akademik İbrahim İbrahimovun və atası fizika-riyaziyyat elmləri doktoru, professor Camal Məmmədxanovun yolu ilə gedərək, mexanika-riyaziyyat fakültəsini seçdi. Amma tale onu başqa yola – ictimai-siyasi xadim yoluna apardı”.

“17-18 yaşlı Anar Məmmədxanov dövlət başçısının qəbuluna düşdü”

 “İlk günlərdən Anar Məmmədxanov öz dünyagörüşünə, erudisiyasına, cəmiyyəti narahat edən məsələlərə özəl yanaşmasına görə digər tələbələrdən xeyli fərqlənirdi. Birinci kurs tələbəsi olmasına baxmayaraq, o bütün universitetdə tanınmağa başladı. Anarın danışıq tərzi, kişiyana hərəkətləri, məzəli əhvalatları çox insanları onunla ünsiyyət qurmağa cəlb edirdi. Bu xüsusiyyət imkan verdi ki, Anar az müddətdə universitetin tələbələrindən gələcəkdə bütün postsovet məkanında tanınacaq “Bakılı oğlanlar” adlı Şən və Hazırcavablar Klubunun təməlini yaratsın. Əlbəttə, bu çox çətin və ağır iş idi. Çünki həmin dövrdə Azərbaycan keçmiş sovet dövlətinin tərkibində idi və Kommunist Partiyasının ideoloji senzurası mövcud idi. Bunun üçün 17-18 yaşlı Anar Məmmədxanov o zamanın dövlət başçısının qəbuluna düşərək, təklif etdiyi layihənin respublika üçün müsbət əhəmiyyətini sübut edə bildi. Halbuki, Anardan yaşda qat-qat böyük olan novatorlar həmin dövr nəinki öz ideyalarını realizə edə bilmir, hətta dövlət rəhbərlərinin qəbuluna düşə bilmirdilər. Anar həmin qəbuldan çıxaraq birbaşa daimi görüşdüyümüz yerə gəldi və bu şad xəbəri bizə çatdırdı. Onun sevincinin həddi-hüdudu yox idi. Bütün çətinliklərə baxmayaraq, Anar öz nüfuzundan, bacarığından və kommunikabelliyindən səmərəli istifadə edərək, bu işi gözlənilməz səviyyədə sona çatdıra bildi. Əcnəbi dildə həmin əcnəbilərə dəfələrlə qalib gəlməyi hər kəs bacarmaz. Bu haqda çox danışmaq istəməzdim, çünki onun və yaratdığı klubun üzvlərinin yüksək nailiyyətləri nəinki hər bir azərbaycanlıya, hətta postsovet məkanında yaşayan çoxsaylı insanlara məlumdur”.



“Azərbaycanlıların qədrini bilməyən bir dövlətdə yaşamaq yox, sürünmək olar”

“Mən, xüsusən, 1980-ci illərin sonunda cəmiyyətdə baş verən hadisələrdə Anarın iştirakı, həmin hadisələrə münasibətindən danışmaq istərdim. Bildiyiniz kimi, 1988-ci ildə erməni milliyyətçiləri Azərbaycan torpaqlarının zəbti ilə bağlı uzun illər ərzində hazırladıqları planlarını realizə etməyə başladılar. Ən acınacaqlısı da o idi ki, keçmiş sovet rəhbərliyi nəinki bunun qarşısını almadı, hətta erməni milliyyətçilərinə havadarlıq etdi. Təbii ki, bu haqsızlıqlar azərbaycanlı gənclərin də narazılığına səbəb oldu. Bu zaman tələbələr arasında Anar Məmmədxanov gözəl bir tezis irəli sürdü: “Azərbaycanlıların qədrini bilməyən bir dövlətdə yaşamaq yox, sürünmək olar”. Anar həddindən artıq vətənpərvər, xalqını sevən, Azərbaycan vətəndaşlarının insanlığını, adət-ənənəsini, mədəniyyətini başqa millətlərdən üstün tutan idi. Hər dəfə xarici dövlətlərə səfər etdikdən sonra gəlib onların əldə etdikləri nailiyyətləri bizə danışaraq, sonda deyərdi: “Yenə də biz azərbaycanlılardan yaxşısı yoxdur”.
Eyni zamanda Anar digər millətlərin müsbət cəhətlərini görüb, onun təbliğinə çalışırdı. Məsələn, hələ çox gənc olarkən söhbətlərin birində o dedi ki, “fikir verin, Hollivud filmlərinin sonuna, görün nə çox insan bir filmin hazırlanmasında iştirak edir və hər biri öz sahəsi üzrə əvəzolunmaz mütəxəssisdir. Mən də gələcəkdə quracağım bütün işlərdə kollektiv təfəkkürdən istifadə edəcəyəm”.
Həqiqətən də Anarın həyata keçirdiyi bütün layihələr kollektiv təfəkkürün bəhrəsi olduğu üçün uğurla sona çatdırılırdı. Özü isə sanki bir dirijorluq edirdi.

Ermənilərin onun doğma Qarabağına göz dikmələri Anarı çox narahat edirdi. Hər zaman “Qarabağ şikəstəsi”ni, Qarabağa aid digər mahnıları eşidərkən kədərlənirdi. Məhz onun səyləri nəticəsində məndə və o zamanın digər gənclərində Qarabağ musiqisinə, muğamına, ulu mədəniyyətinə hörmət və istək yarandı, nisbətən “ruslaşmış” cavan nəsil muğama diqqət yetirməyə başladı.

Xaricdə iştirak etdiyimiz tədbirlərdən birində Avropada oxuyan 2 gənc azərbaycanlı oğlan özlərini bizdən üstün göstərmək üçün tədbir zamanı bir-biri ilə ingilis dilində danışırdılar və fikirləşirdilər ki, onları başa düşən olmaz. Tədbirin sona çatmağına az qalmış Anar üzünü onlara tutub sərbəst ingilis dilində dedi: “Bayaqdan sizə qulaq asıram, görürəm ingilis dilində asan və məişət sözlərindən başqa sözlər bilmirsiniz, heyf olsun valideynlərinizin sizin təhsilinizə xərclədiyi pullara”.
Həmin oğlanlar təəccüblənib Anardan soruşdular: “Bəs ingilis dilində danışa bildiyiniz halda, niyə tədbirin əvvəlində onu bizə hiss etdirmədiniz?”. Anar cavab olaraq bildirdi ki, “əvvəla mən xaricdə olarkən öz doğma Azərbaycan dilinin təbliğinin tərəfdarıyam, bunu da sizə məsləhət görürəm, ikincisi də sizin bizim haqqımızda fikirlərinizi bilmək istərdim”.

“Anarın hazırladığı tamaşalarda sovet quruluşu lağa qoyulurdu”


“Onun xasiyyəti kimdən isə asılı olmağı qəbul etmirdi. Odur ki, xalqımıza qarşı haqsızlıqlara cavab olaraq, başladığımız müstəqillik uğrunda mübarizədə Anar fəallıq göstərir, tələbələrin fikirlərini düzgün səmtə istiqamətləndirir, hazırladıqları tamaşalarda sovet quruluşu lağa qoyulur, gənclərdə azərbaycanlılıq, vətənpərvərlik ruhu qaldırırdı. Eyni zamanda Anar ayıq başını itirmirdi, faydasız hərəkətləri ümumi yığıncaqlarımızda tənqid edib, belə hərkətlərdə bizə yaxın insanların iştirakının qarşısını alırdı. Anar Məmmədxanov həmçinin Azərbaycanda gedən prosesləri düzgün və obyektiv qavranılması üçün sovet mətbuatında həm Azərbaycan, həm də rus dillərində çıxışlar edirdi.

O, boşboğaz adamları xoşlamazdı, onları dolamağa üstünlük verirdi. Günlərin birində şəhərdə gəzdiyimiz zaman bir nəfər tanış oğlan yaxınlaşaraq, danışıq zamanı yalandan böyük pullar qazandığını bizə dəfələrlə bildirdi. Halbuki, o da bizim kimi tələbə olduğu üçün pula ehtiyacı var idi, ancaq özünü həddindən artıq işgüzar göstərməyə çalışırdı. Görüşün sonunda o, böyük-böyük “nə qulluq” ifadəsini istifadə etdikdə Anar dedi ki, “klubumuza 10 ədəd kompüter”. Həmin oğlan gələcəkdə bir kompüter verəcəyini söz verdikdə Anar dedi: “Bir kompüteri almağı biz də bacararıq, oğul istəyirəm nə qulluq deyəndən sonra sözünün üstündə dura bilsin”. Oğlan pərt olub bizdən ayrıldı, biz isə xeyli vaxt güldük.
İstərdim, bir əhvalat da danışam. Soyuq, qarlı qış ayında Şamaxıdakı bir mehmanxanada olarkən, axşam şam yeməyinə 20-25 nəfər oturduq. Məlum oldu ki, mehmanxananın restoranı gəlişimizi gözləmirmiş, ərzaq ehtiyatları çox zəifdir. Ona görə də istədiyimizin cüzi hissəsini sifariş verə bildik. Masa üzərində olan sərinləşdirici içkilər də çox isti idi. Biz istədik ki, heç olmasa qida buzu gətirsinlər. Bizim əsəbi olduğumuzu görən ofisiant 5 dəqiqədən sonra gələrək böyük bir buz salxımını (hansı ki qar yağarkən damdan sallaq olur) Anara uzatdı. O, özünü itirmədən buzu qəbul edib bizə baxaraq dedi: “Bu da sizin buzunuz!!!”. Anarın bu və digər çox məzəli kəlmələri daim yaddaşımızdadır”.

“Bizim Anarımız belə bir insan idi!”

“Anar Məmmədxanovun valideynlərə, ağsaqqal insanlara, ailəyə çox hörmətlə, diqqətlə və eyni zamanda özünəməxsus yanaşması var idi. Biz hər zaman təəccüblənirdik ki, Anar tələbəlik illərində özündən 20-30 yaş böyük insanlarla, postsovet məkanında çox tanınmış şəxsiyyətlərlə necə dostluq edə bilir. Həmin şəxslər də onu özlərinə bərabər tutur və onun qabiliyyətlərini bilirdilər. Cavan yaşda belə bacarığa sahib olmaq çox az insana məxsus olur. Anarın ailədə uşaq sayına da xüsusi yanaşması var idi. Hələ gənc yaşlarımızda o deyirdi ki, “maddi imkanlı və mənəvi möhkəm şəxslər uşaqlarının sayını artırmalıdırlar ki, onlar uşaqlarına daha yaxşı təhsil verməklə Azərbaycanın gələcəyinə, millətimizin mentalitetinə xidmət etmiş olarlar”. Anar dediyinin üstündə həmişə dururdu, o, tələbəlik illərindən tanıdığı İradə xanımla gözəl ailə quraraq çox tərbiyəli və savadlı 3 qəşəng uşağın atası oldu. Allah onları qorusun!

Anar Məmmədxanov ictimai həyatını necə başladısa, elə də siyasətdə davam etdirdi. Siyasətçilərin bəzilərində olan ikiüzlülük, hiyləgərlik, intriqalıq Anardan uzaq idi. O tələbəlik illərindən bəri hər zaman fikirləşdiyini üzə deyən, hörmət etmədiyi insana münasibətini açıq bildirən, dosta əsl dost, düşmənə açıq düşmən olan insan kimi yaddaşlarda qaldı. Məhz bu xüsusiyyətləri ən cavan deputatımız Anar Məmmədxanovun siyasətdə də böyük nailiyyətləri əldə etməyinə imkan verdi. Sosial nərdivanın yüksək pilləsinə qalxmasına baxmayaraq, Anar heç zaman tələbə dostlarını, yoldaşlarını unutmadı, onlarla ünsiyyəti davam etdirdi, zərurət yarandıqca öz köməkliyini göstərdi.

Bizim Anarımız belə bir insan idi! Allah onu rəhmət, ruhunu şad etsin!”


Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi