Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasından sonra partiyanın 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərinə qatılacaq namizədlərinin adları ictimaiyyətə açıqlandı.
Modern.az-ın xəbər veridyi kimi, hazırda deputat olan bəzi YAP-çılar siyahıya daxil edilməyib. Bununla yanaşı, bəzi YAP-çı deputatların da dairələri dəyişdirilib.
Məsələn, hazırda parlamentdə 103 saylı Gədəbəy seçki dairəsini təmsil edən YAP-çı deputat Rafiq Məmmədhəsənov növbəti seçkidə 104 saylı Gədəbəy – Tovuz seçki dairəsindən partiyasının namizədi olacaq.
104 saylı Gədəbəy – Tovuz seçki dairəsinin hazırki deputatı, YAP üzvü Nazim Məmmədov isə partiyanın namizədlər siyahısından kənarda saxlanılıb.
Bu yerdəyişmə birmənalı qarşılanmayıb.
Rafiq Məmmədhəsənov saytımıza açıqlamasında “YAP-ın namizədlər siyahısı ilə yenicə tanış olmuşam. Mən YAP-ın əsgəriyəm və onun qərarlarına tabeyəm, hardan məsləhət bilinibsə, ordan da namizədliyimi irəli sürəcəm”deyib.
Nazim Məmmədov isə Modern.az-ın əməkdaşı ilə söhbətdə YAP-ın qərarından narazı qaldığını gizlətməyib. Bununla belə, o, qarşıdakı seçkidə müstəqil olaraq iştirak etməkdə israrlıdı və artəq sənədlərini DSK-ya təqdim edib.
Deputat deyib ki, əgər YAP onu namizədlər siyahısına salsaydı və indi təmsil etdiyi 104 saylı dairəyə deyil, başqa dairəyə göndərsəydi, yəqin ki,getməyəcəkdi: “İstənilən halda mən yenə də öz dairəmdən – 104-dən deputatlığa namizədliyimi irəli sürəcəkdim”.
Bunula da N.Məmmədov R.Məmmədhəsənovun onun dairəsinə gəlməsinin düzgün hərəkət olmamasına işarə edib.
Modern.az