Modern.az

Dəmir yolu köhnə, qatarı təzə olan vağzaldan REPORTAJ

Dəmir yolu köhnə, qatarı təzə olan vağzaldan REPORTAJ

Reportaj

6 İyul 2015, 16:47

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti başladığı kompleks tədbirləri davam etdirir. Cavid Qurbanovun quruma sədr təyin edilməsindən sonra müəyyən dəyişikliklər müşahidə olunmaqdadır. Bunlardan biri də Dəmiryolu Vağzalında başlanan təmir-bərpa işləridir. Bəs, bundan sonra Dəmiryolu Vağzalında nə dəyişəcək? Bu suala cavab tapmaq üçün təmirdə olan sözügedən ünvana yollandıq..

Vağzaldakı hündürmərtəbəli mehmanxana sökülür...

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bizi təmir olunan vağzalda qarşıladı. Onunla görüşənə qədər özümüz üçün müəyyən qeydləri etmişdik. Nadir Əzməmmədovdan isə suallarımıza cavab almaq yerinə düşəcək.

Vağzalda ilk nəzərə çarpan hündürmərtəbəli mehmanxanada gedən təmir işləri oldu. Belə ki, mehmanxananın əsas özülü qalmaqla üzlüyü-aqlay hissəsi, həmçinin binanın daxilindəki arakəsmələr artıq sökülüb. Mehmanxananın yeni forması köhnə binaya uyğun olaraq yenilənir. Memanxananın daxili hissəsi Avropa standartlarına uyğun, vətəndaşların, həmçinin qonaqların rahatlığını təmin edəcək şəkildə təmiri nəzərdə tutulub. Həmçinin vağzalın fasadının da sökülüb köhnə binaya uyğunlaşdırılmasına başlanılıb. Bundan əlavə, binanın daxilində memarlıq üslubu saxlanılmaq şərtilə yenidən qurulur.

Binanın içində olan bilet kassası, saxlanma kamerası, sərnişinlər üçün nəzərdə tutulan otaqlar, gözləmə foyesi, rabitə, kafe və s. yenidən təşkil edilir. Həmçinin birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün müasir ekskalator quraşdırılır. Hazırda əsaslı təmir işləri getdiyindən bilet kassasını yeri müvəqqəti olaraq vağzal binasının ikinci mərtəbəsinə köçürülüb. Bundan başqa, dəmiryolunda üç paltforma əsaslı təmir olunub, dördüncü platformada isə təmir işləri davam etdirlir. Təmirdən sonra isə vağzal ərazisində sərnişinlərin internet resursları ilə təmin olunması üçün “wi-fi” sisemi quraşdırılacaq.

KİSS markalı ikimərtəbəli qatarlarda çay, kofe, wi-fi...


2015-ci ilin sonuna qədər 30 ədəd yeni vaqonun Azərbaycana gətiriləcəyi planlaşdırılıb. Sərnişin vaqonları Bakı- Tibilisi-Qars dəmir yolu marşrutunda istifadəyə veriləcək. Bundan başqa, Bakı-Sumqayıt istiqamətində xəttə buraxılacaq iki ədəd surət qatarı alınıb, ilin sonuna qədər daha 3 qatar gətiriləcək. Perronda dayanan “Stadler Minsk” zavodunun istehsalı KİSS markalı qatarları xüsusi diqqət çəkirdi, necə deyərlər “gəl-gəl” deyirdi. Elə bu maraqla biz vaqona daxil olduq.. Vaqona minməyinə mindik, amma bizi ordan düşürmək bir o qədər də asan olmadı. Salondakı ab-hava, düşünülmüş detallar sərnişinlərin özlərini komfortlu hiss etməsinə zəmin yaradır. Yeni vaqonun əvvəlkilərdən fərqini elə qapısına yaxınlaşanda görmək mümkündür.

Qapının açılması üçün nəzərdə tutulan düymə basıldığı zaman qapılar avtomatik açılır, sərnişin içəri daxil olduqdan sonra isə bağlanır. Amma yarana biləcək təhlükənin qarşısını almaq üçün sərnişinlər vaqona mindikdən sonra qapılar “blok”a salınır ki, hansısa “ağıllı”, qatar hərəkətdə olarkən vaqonun qapısını açaraq təhlükə yaratmasın. Salonda ikinci mərtəbəyə qalxmaq və birinci mərtəbəyə daxil olmaq üçün pilləkənlər, həmçinin bir vaqondan digərinə keçmək üçün qapı var. Hər iki mərtəbədə təhlükəsizlik kamerası, wi-fi sistemi, oturacaqların yanında elektrik enerjisi doldurmaq üçün “rozetka” quraşdırılıb ki, sərnişin əyləşdiyi oturacaqdan qalxmadan telefonunu “zaryadkaya” qoya bilər.

Surət qatarlarının fərqi

Vaqonlarda kondisioner, wi-fi sistemi, əl-üz yumaq, ayaqyolu üçün nəzərdə tutulmuş otaq, xüsusi zibil qutuları, təhlükəsizlik kamerası, əlillərin rahat minib-düşməsi üçün qurğu, geyimlərin asılması üçün asılqan quraşdırılıb. Bu qatarlar digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. İlk onu deyək ki, salon geniş və işıqlıdır. Qatarların sərnişin tutumu 919 nəfər, oturacaqların sayı 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Biznes sinfi daha genişdir. Burada sərnişinlərə istəklərinə görə çay, kofe təklif ediləcək. Surət qatarlarından 1-ci Avropa Oyunları zamanı sərnişinlərin Koroğlu-Bakı istiqamətində daşınması üçün bir dəfə istifadə edilib. Bu qatarlardan keçmiş SSRİ məkanında yeganə Moskvada və Bakıda var.

Bakıdan Sumqayıta qədər dəmiryolu hasarlanır


Bakı Dəmiryolu Vağzalındakı yeniliklər bunlarla məhdudlaşmır. Elektrik qatarları üçün nəzərdə tutulan yolda təhlükəsizliyi təmin etmək üçün yol Bakıdan Sumqayıta qədər hər iki tərəfdən hasarlanır. Həmin yoldan yalnız KİSS markalı elektrik qatarlarının istifadəsi nəzərdə tutulub. Qatarlar ikitərəflidir, yəni sürücü özü yerini dəyişməklə qatarı hər iki istiqamətdə hərəkət etdirə bilər. Güman olunur ki, qatarların istifadəyə verilməsilə Bakı-Sumqayıt arasında yaranan avtomobil sıxlığı aradan qalxacaq. Sərnişin Sumqayıtda qatara mindikdən sonra birbaşa Bakı sərnişin stansiyasına daxil olacaq. Yeni qatarlar turniketdən keçərək tikilməkdə olan yeni platformaya daxil olaraq dayanacaq. Onu da qeyd edək ki, sərnişinlərin metroya dolayı yox, birbaşa daxil olması üçün tunel, tunelə daxil olmaq üçün iki keçid tikilib.

Bələdçilərə yeni forma hazırlanır

Daha bir yenilik bələdçilərlə bağlıdır. Qurum əvvəlki bələdçilərlə yanaşı yeni bələdçilərin işə cəlb olunmasına başlayacaq. Ümumilikdə, bütün bələdçilər üçün yeni geyim forması hazırlanır. Məlumdur ki, gediş haqqı sərnişinləri ən çox maraqlandıran məsələdir. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Tarif şurasına təqdim edilməsi üçün sənədlər hazırlayır. Hazırda Bakı-Sumqayıt arasında elektrik qatarlarında gediş haqqı 30 qəpikdir. Aparılabn monitorinqlər nəticəsində 1 sərnişin üçün gediş haqqı 1 manat müəyyənləşib. Amma Dəmir Yolları rəhbərliyi sərnişinləri tətbiq ediləcək qiymətlərin bir manatdan ucuz olacağına əmin edib.

 

Gülşən RAUFQIZI 

Vüsalə QƏZƏNFƏRQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü