Modern.az

Beyrut konfransı... Lələ kəndindən Lələ təpəyə xəyali səfər...

Beyrut konfransı... Lələ kəndindən Lələ təpəyə xəyali səfər...

3 May 2016, 14:09

Abu-Dabi Universitetinin azərbaycanlı əməkdaşı

Azərbaycan yurduna
Bu yaz zəfərlə gəldi.
Millətimin ruhuna
Yeni nəfəs gətirdi.
Əsir eldən-obadan
Şad müjdələr yetirdi.

Fəsli-baharın qədəmləri Odlar Yurdu Azərbaycana döyüş əzmi gətirdi. Mənfur düşmən əzəli torpağında səngərə sığınan, işğal olunan yurd-yuvasına həsrətlə baxan sinəsi dağlı aslanın budəfəki qisasından xəbərsiz idi... Əsəbləri tarıma çəkilən, səbr kasası dağ çayı kimi coşub-daşan qəzəbli aslan uzun müddətli sükutdan sonra ani bir sıçrayışla nərə çəkərək, düşmənin üzərinə yeridi, didib-parçaladı, qanına qəltan etdi. Qəhrəman Azərbaycan Əsgəri düşmənə layiqli cavab verməklə yanaşı, işğal altında olan mühüm strateji əhəmiyyətə malik yüksəklikləri və  yaşayış məntəqələrini azad etdi. Uzun illərin ayrılığından sonra düşmən tapdağında olan torpaqlarımızın bir qismi nəhayət ki, tarixi sahibinə qovuşdu! Azad olunan ərazilərdə müqəddəs bayrağımız dalğalandı!

Keçilməz qaladı Vətən, keçilməz
Mübariz ərənlər yolundan dönməz.
Zirvədəki bayraq bir daha enməz
Zəfər səninlədir  igid əsgərim!

Ümidsizlik və bədbinlik əhval-ruhiyyəsinə qapılan millətimizin küsüb yatmış ruhunu sən canlandırdın, oyatdın. Xalqın özünə inamını artırdın, hər birimizi toparlanmağa, həmrəy olmağa səslədin. Beynəlxalq ictimai rəydə formalaşan "məğlub tərəf" sindromunu bircə gündə sındırdın. Böyük bir millət, güclü dövlət olduğumuzu  dünyaya sən sübut etdin!

Yurdun hər qarışı sənə əmanət
Damarından axır hünər, cəsarət.
Xalqım  zəfərinlə duyur  fəxarət
Vətənin mərd oğlu igid əsgərim!

Erməni qəsbkarlarına hərbi dərs keçməklə yanaşı, düşmən tapdağında olan əraziləri geri qaytaran, şücaəti, rəşadəti ilə şanlı tarix yazan Azərbaycan Ordusunun zəfər xəbərləri dünyaya ildırım sürəti ilə yayıldı. Yaşadığım ölkədə - Birləşmiş Ərəb Əmirliklərində “Əl-Arabiyyə press”dən mobil telefonuma gələn xəbəri oxuyanda gözlərimə inanmadım. O an necə hisslər keçirirdim İlahi... Var gücümlə qışqırmaq, səsimi aləmə bəyan etmək istəyirdim, qeyri-ixtiyari olaraq sevinc göz yaşlarım yanaqlarımdan süzülürdü.

Arazım ləpə-ləpə
Dürri-mərcanlı ləpə.
Düşmənə göz dağıdır
İlahi Lələ təpə.

Ərəb alimlərlə "Lələ" müzakirəsi...

Aprel ayı mənim üçün məhsuldar keçdi. Bir neçə elmi simpozium və beynəlxalq  tədbirlərdə iştirak etdim. Xoş təəssüratlarla zəngin səfərlərim içərisində ən yadda qalanı Livan səfərim oldu. Şərqin ən qədim ölkələrindən sayılan Livan sözün həqiqi mənasında tarixi özündə yaşadan məmləkətdir. Ölkənin füsunkar təbiəti, tarixi məkanları, ləziz təamlarla zəngin mətbəxi  insanı valeh edir. Arzular şəhəri adlandırılan Beyrutda keçirilən elmi konfransda məruzəyə başlamazdan öncə Vətən uğrunda canlarını  fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməyi forum iştirakçılarından xahiş etdim. Qarabağın tarixi, Azərbaycan-Ermənistan münaqişəsi, Milli Ordumuzun  Lələ Təpə zəfəri ilə bağlı çıxışım iştirakçılar arasında  maraqla qarşılandı. Azərbaycan dilində "Lələ" sözünün mənası, etimologiyası ilə maraqlanan ərəb alimlərlə maraqlı elmi diskussiyamız oldu. Çünki, Livan ərazisində də  Lələ adlı yüksəklik və dağ  kəndi var.

Əzizim dağ döşündə
Gül bitər dağ döşündə
Lələ bir kümə tikdi 
Laləli dağ döşündə.

Onu qeyd edim ki, lələ sözü ərəb dilində müxtəlif  mənalarda (parlaq, işartı, ulduz, ildırımın parıltısı, sübhün şəfəqi, fərəh hissi, incilər və s.) işlənilir.

Anası Tehran ermənisi olan deputata tərs şillə...

Diskussiya zamanı  elmdən xəbəri olmayan, lakin özünü alim sayan "hər şey şünas" bir xanım  çığır-bağır salıb "Lələ"nin erməni toponimi olduğunu sübut etməyə çalışırdı. "Uçana-qaçana macal verməyən" deputatın kimliyi, hansı məzhəbə qulluq etməsi ilə maraqlandım. Sən demə, onun "Nikolayı taxtda, şah Abbası qundaqda görən" anası Tehran ermənisidir. Aqillər "Abdal at mindi, özünü paşa sandı" məsəlini sanki bu məxluqa vəsf ediblər. Özündən razı, "harada aş, orada baş" olan, cır, zəhlətökən səsi ilə hər kəsi bezdirən ermənipərəst deputatın çıxışına öz etirazımı bildirdim. Konfrans iştirakçıları mənimlə həmrəy olub, "hər şey şünas şüvəni" tarixi faktlarla yerindəcə susdurdular...



Lələ kəndinə səyahət...

MTV Lebanon telekanalında rejissor vəzifəsində çalışan rəfiqəm Jumana Abu Codanın dəvəti ilə Bekaa mahalının Lələ kəndinə qonaq getdim. Dəniz səthindən 1120 metr yüksəklikdə, dağlar qoynunda yerləşən,  əsrarəngiz  gözəlliklərlə əhatə olunan Lələ kəndə gedən yol mənə Ağsu dolaylarını xatırladırdı.

Müsafirlərini qarşılayan ev sahibi kimi önümüzdə vüqarla dayanan Lələ dağında yazın ilıq nəfəsi duyulur. Çöl-çəmən zümrüd libasa bürünüb. Təbiətin məftun edici rəngləri ilə boyanan yamaclar, meşə boyu səpələnən evlər kəndin mənzərəsinə xüsusi gözəllik qatır. Kol dibindən boylanan əlvan güllərin, yaşıl xalıya bənzəyən otların rayihəsi yaz mehinin qanadlarında ətrafa yayılır. Quşlar göy üzündə dəstə-dəstə pərvazlanıb dövrə vururlar. Başımın üstündə qanad çalan azad quşa həsədlə baxıb yanıqlı ah çəkirəm...

Qəribəm ay Lələ mən
Qürbətdəyəm hələ mən.
Dərddən, qəmdən, həsrətdən
Bağlamışam şələ mən.

İçimdəki yanğı qərib ruhumu dağlayır. Xəyal qəsrimin hücrələrində var-gəl edən xatirələr məni uzaqlara, illərdir əsir-yesir qalan doğma yurdum Cəbrayıla, kəndimizdəki o təpəyə aparır...

Əzizim, gələr keçər
Könlümdən nələr keçər.
Cəbrayıla  gedən yol
Lələ Təpədən keçər.

Bax, uzaqdakı o təpəni görürsən?... Təbiətin şah əsəri olan "Kar çinar"ın yanındakı, köhnə yurdla təzə yurd arasında yerləşən hündür təpəni deyirəm. O təpədən Araz vadisi ovuc içi kimi görünür. Uca təpədən ətrafı seyr edən insan sanki əsrarəngiz gözəlliklər aləminə qədəm qoyur. Dağlara doğru ilan kimi qıvrılan yollar, bağ-bağatlı kəndlər, hündür ağaclar arasında baş-başa verən evlər, üzümlüklər, taxil zəmiləri, lal-dinməz axan Araz çayı, dəmiryolu relsləri ilə hərəkət edən qatarlar...

Araz çayı sərindi
Girmə suyu dərindi
Çıxdım təpə üstünə
Diri dağı göründü.

Əsrlərdir  baş verən hadisələrə, qanlı savaşlara, çəkişmələrə,  xoş və kədərli günlərə şahidlik edən uca təpədən kimlər keçməyib?!... Karvanlar, qoşunlar, səyyahlar, tarixi şəxsiyyətlər... O təpənin üstündə at belində doğulub, ox və qılınc sədaları altında yaşa dolan  Cəbrayıl igidləri namərd düşmənin gözünü ovublar. Döyüş meydanından qalib çıxan ərənlər qürub edən günəşin al-qırmızı şəfəqləri altında yallı gediblər. Kəhriz başında durna qatarı kimi sıraya düzülən kəlağayılı, çiyni səhəngli qız-gəlinlər toxuduqları xalı-gəbələrdən söhbət açıblar.

Lələnin harayına
El yetməz harayına.
Yağı hücum eyləyib
Daş  Divlər sarayına.        

O təpənin yanındakı kənddə dünyanın gərdişindən, qovğalarından xəbərsiz bəxtəvər günlərim - uşaqlıq çağlarım keçib. Hər qarışında ayaq izlərim qalan doğma ata-baba yurdum. Heç bilirsən illərdir həsrətini çəkdiyim o yerlər üçün necə darıxmışam?!...
Ayrılıqdan doğan xiffətin hicran alovu  köksümü yandırıb-yaxır. Bu illər ərzində çox məmləkətləri  diyarbədiyar gəzib-dolaşmışam. Harda olsam da, hara getsəm də mənim üçün dünyanın ən füsunkar məkanı, gözəl güşəsi kəndimizdir.  O yerlərə getmək, saf havasını ciyərlərimə çəkmək, ağzımı kəhrizin gözünə dirəyib göz yaşı kimi təmiz, bumbuz  suyundan doyunca içmək, yaralı ruhumun dərmanı olan doğma yurdun torpağını diz çöküb öpmək keçir qərib könlümdən... Görəsən tez-tez yuxumda gördüyüm söyüdlü arxın qırağındakı daş-divarları tənhalıqdan ələm bağlayan evimiz, həyətimizdəki ərik, gilənar, gilas ağacları hələ də dururmu?!...

Bağrımı qan eylədi nari-fəraq, qürbətdə hicran, ağlaram
Kövkəbi-tale bəxtimdən iraq, xatiri-viran ağlaram.
Ya Rəb bikəsi-zarəm, aç babi-nicat ey qadiri-sübhan
Kəmali-yəslə pərişan könlüm, çeşmi-nigaran ağlaram.

Bir səs gəlir qulağıma... Həzin, iniltili, sızıltılı, nisgilli bir səs... O səs tifaqı dağılan, bağrı yarılan, fəryad qoparan doğma yurdum Cəbrayıldan gəlir... O səs məni haraylayır, Vətənə səsləyir!...         

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü