Modern.az

Prokuror olmaq istəyənlər imtahan verib  

Prokuror olmaq istəyənlər imtahan verib  

Aktual

12 İyun 2016, 20:14

Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq elan edilmiş sayca 17-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib. Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Baş Prokurorluğun Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanın aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri təmin edib.

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar saat 14:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada - Bakı İdman Sarayında keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılmış və imtahanda iştirak edən 432 namizəddən 207-si müsabiqənin ikinci mərhələsi – yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı