Modern.az

Heydər Əliyevi kövrəldən Keri Kavanonun uğursuz PLANI - TARİX

Heydər Əliyevi kövrəldən Keri Kavanonun uğursuz PLANI - TARİX

Hadisə

26 Aprel 2024, 10:46

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov dünən Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Açılışda diqqətçəkən məqam 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk qrupunun o vaxtkı həmsədri Keri Kavano tərəfindən mərhum dövlət başçısı Heydər Əliyevə təsəlli olaraq təqdim olunan bir parça daşın məscidə qaytarılmasıdır.

Amerikalı həmsədr o zaman həmin daş parçasını Heydər Əliyevə verərəkən demişdi:

“Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, bir gün gələcək, o böyük məscidin özü geri qaytarılacaq. Və biz də insanların orada dua etməsinə şərait yaradılmasına nail olacağıq”.

Keri Kavanonun həmin davranışından təsirlənən Heydər Əliyev kövrələrək amerikalı diplomatı qucaqlayıb öpmüşdü.

Nəhayət illər sonra Ağdan işğaldan azad olundu və həmin daş Cümə məscidinin təmir-bərpası zamanı əvvəlki yerinə qaytarıldı.

Modern.az-ın məlumatına görə, “Atalas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu keçmiş Minsk qrupunun həmsədri Keri Kavanonun Heydər Əliyevlə 2000-ci ildə Bakıdakı görüşü barədə maraqli fikirlər bölüşüb. O, eyni zamanda Kavanonun uğursuz diplomat olduğunu faktlarla qeyd edib:



“ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk qrupunun həmsədri Keri Kavanonun Bakıda 2000-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevə Ağdam Cümə məscidinə aid olan daş parçası təqdim edərkən “Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir” demişdi. Amerikalı diplomat sözlərini bu cümlə ilə yekunlaşdırmışdı: “Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”.

Bakıdakı görüşdən bir il sonra Kerri Kavano ABŞ-ın Florida ştatının Ki-Uest şəhərciyində Azərbaycan Prezidenti Heydər Əliyevlə Ermənistanın o zamankı dövlət başçısı Robert Köçəryan arasında görüş təşkil etdi. Həmin görüşün ilk günündə ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauel də iştirak edirdi. Müzakirələr 4 gün çəkdi və Kerri Kavano əlində gələni etdi ki, Ki-Uestdə tərəflər razılaşma imzalasınlar. Ancaq Köçəryanın razılaşdığı həll planına Heydər Əliyev “yox” dedi. Bunun doğru qərar olduğu 19 il sonra İkinci Qarabağ müharibəsiylə təsdiq olundu. O zaman bizdən faktiki olaraq Qarabağın Laçınla birlikdə Ermənistana birləşdirilməsinə ya da müstəqilliyə yaxın statusa razılaşmamızı istəyirdilər. Zamana ehtiyacımız var idi.

Vaşinqton Ki-Uestdə müsbət nəticəyə ümid edirdi. Ona görə də müzakirələrin müddəti 4 gün nəzərdə tutulmuşdu. Vaşinqton Bosniya münaqişəsiylə bağlı 1995-ci il Deyton razılaşmasına bənzərinin 6 il sonra Ki-Uetsdə əldə olunacağına ümidli idi. Ancaq amerikalı diplomatlar Deytonda tərəflərə təzyiq etmiş və sülh planını zorla qəbul etdirmişdilər. Ki-Uestdə isə bunu zorla həyata keçirmək mümkün deyildi. Birincisi, bu halda Minsk qrupuna ehtiyac qalmazdı, ikincisi, bölgədə atəşkəs rejimi hökm sürürdü.

Ki-Uest danışıqlarının nəticəsiz qalması Keri Kavanonun sonrakı diplomatik karyerasına da təsir etdi. O, 2006-cı ildən təhsil sahəsinə keçdi.

Kavanonun hazırladığı plan yararsız olduğu kimi onun İkinci Qarabağ müharibəsinin mümkün gedişi barədəki proqnozları da səhv çıxdı. O, müharibə günlərində deyirdi ki, böyük dövlətlər Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə imkan verməyəcək. Kavano məhrum dövlət başçısı Heydər Əliyevə Ağdam Cümə məscidindən daş gətirərkən gələcəyi proqnozlaşdıra bilməmişdi. O hadisələri doğru proqnozlaşdıra bilsəydi, Şuşa məscidindən də daş gətirib “ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq” ifadəsini bu məscidimiz üçün də deməliydi. Kavanonun ümidi yalnız Ağdam məscidinin Azərbaycanın nəzarətinə keçməsiylə bağlıydı, halbuki bu gün Qarabağın tamamı və bu bölgədəki bütün məscidlər nəzarətimizdədir”.

 



A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək