Modern.az

İt hürər, gəmi keçər...

İt hürər, gəmi keçər...

11 İyul 2016, 12:27

Etibar Cəbrayıloğlu



2005-ci ildə ölkədə tamam fərqli bir siyasi ovqat vardı. Elliklə hamı parlament seçkilərinə hazırlaşırdı. Amma qutular oktyabrda açılacaq, səslər də payızda sayılacaqdı. Ona qədər isə hələ çox hadisələr olacaqdı. Sabiq spiker Rəsul Quliyevi Amerikadan Bakıya gətirməli olan uçaq başqa ölkədə enəcək, bəzi nazirlər səhər oturduqları yarlı-yaraşıqlı kabineti günorta MTN-nin təcridxanasına dəyişəcəkdilər. Nə isə, çox küləklər əsəcəkdi.

Amma hələ ilin əvvəli idi. “Hesabat” küləyi yeni əsməyə başlamışdı. ANS Şirkətlər Qrupunun bu jurnalı elə ilk sayından ölkənin media və siyasət aləmini sözün yaxşı mənasında qarışdırmışdı. “Hesabat”ın surətini çoxaldıb qazananlar da var idi, baha qiymətə də olsa, almaq üçün redaksiya əməkdaşlarının qapısına minnətə gələnlər də.

Söz vaxtına çəkər, yay günlərinin birində şirkət rəhbərliyinin gözündən yayınıb işdən tez çıxmışdım. Şənbə günü ANS-dən bir neçə saat “oğurlamaq”da qənimət idi sanki.

Mir Şahinin telefon zəngi məni dostlarımdan birinin “Baksovet” tərəfdəki ofisində yaxaladı. Mir Şahin müəllimin düzüb-qoşduğum izahatı dinləməyə səbri çatmadı, təcili Şirkətlər Qrupu prezidentinin kabinetinə gəlməyimi tələb elədi. Tapşırdı ki, özümü taksi ilə ANS-ın həyətinə çatdırım.

Pulum olmadığından avtobusda oturmuşdum, deputat mandatı qazanmaq istəyənlərdən fərqli olaraq İran istehsallı avtobus parlament binasına tərəf yavaş-yavaş gedirdi, hələ ordan ANS-in binasına qədər yoxuşu nəfəs dərərək qalxmalı idim. Mir Şahin müəllim isə az qala hər 35 saniyədən bir zəng edib harda qaldığımı soruşurdu. Ona da, elə mənim özümə də elə gəldi ki, “Baksovet”dən ANS-ə qədər yolu bir günə gəlmişəm.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin kabinetinə birinci və elə sonuncu dəfə daxil olandan sonra bildim ki, redaksiya əməkdaşlarına qoşulub müsahibəyə getməliyəm. Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov hava limanına tələsməsinə, özəl təyyarəsinin uçuşa hazır vəziyyətdə dayanmasına baxmayaraq “Hesabat”a müsahibə verməyə razı olub.

Nə qələmim, nə qeyd dəftərçəm yanımda idi, Mir Şahin Vahid müəllimin masasındakı qələm və bloknotlardan birini mənə verdi ki, artıq ANS-in həyətini tərk etməkdə olan maşına özümü çatdıra bilim.

Mübariz Mənsimovun yaratdığı “Palmali” Şirkətlər Qrupunun o zaman Dilarə Əliyeva küçəsindəki ofisinə çatana qədər yolda “Türkoloq” ləqəbli Çingiz Rüstəmovla sualları hazırladıq. Ofisin balaca dəhlizində gülərüzlə və sadə geyimlə qarşımıza çıxan bir gənc salamlaşıb qonşu otağa keçdi. Sonra bizi də həmin otağa dəvət etdilər. Bayaq bizimlə salamlaşan həmin gənc kabinetin yuxarı başında, müsahibəyə hazır vəziyyətdə oturmuşdu. Bir neçə dəqiqə əvvəl ofis əməkdaşlarından biri sandığım bu gəncin müsahibimiz olacağına inanmaq bir az çətin idi.

“Hesabat”a qədər Mübariz bəyin Azərbaycan mətbuatında nə şəkli dərc olunmuşdu, nə geniş müsahibəsi işıq üzü görmüşdü. Keçdiyi həyat yolundan, biznes fəaliyyətindən, Azərbaycanla bağlı görəcəyi işlərdən danışan bu insanın sadəliyi və səmimiyyəti görüşə çaparaq gələn “Hesabat”çıların diqqətindən yayınmadı.

İndi o vaxtdan xeyli vaxt keçib, bu illər sular çox bulanıb, çox durulub, sonra yenə bulanıb, sonra yenə... Həmin qəfil görüşdən sonra Mübariz Mənsimovu iki-üç dəfə uzaqdan-uzağa, stadionda “Xəzər Lənkəran”ın oyunlarına canlı baxanda görmüşəm.

O “Xəzər”i ki, Mübariz bəy onu külün içindən yenidən yaratdı. Lənkəranın özünəməxsus futbol ənənəsini bərpa etdi. “Cənub mirvarisi”ni dünya standartlarına cavab verən stadionla, klub bazası ilə daha da bəzədi. Con Toşak kimi adlı-sanlı futbol adamını baş məşqçi gətirməklə dünyanın idman mətbuatının diqqətini Lənkərana yönəltdi. Mustafa Dənizli “Xəzər Lənkəran”da çalışdığı günlərdə Türkiyəni təmsil edən media nümayəndələri bazaya gəlib-getməkdən, reportajlar hazırlamaqdan yorulmadılar. Mübariz bəyin verdiyi qonorardan  sonra “Fənərbaxça” əsas heyət oyunçularını yığıb Lənkəranda yoldaşlıq görüşü keçirməyə razılıq verdi. “Palmali” sahibinin hesabına Oqtay Dərəlioğlu, Əhməd Dursun, İvan Svetkov, Uniston Parks, Adrian Pit, Maria Souza, Manuel Skarlatake, Etame Mbila, Saudio Tounkara... Azərbaycan stadionlarında top qovdular.

Zaur Ramazanov, Kamran Ağayev, Rahid Əmirquliyev, Elnur Abdullayev, Ağabala Ramazanov kimi futbolçular Mübariz Mənsimovun sponsorluq etdiyi klubun sayəsində ölkə futbolunda tanındılar, millinin formasını geyinməyə haqq etdilər.  
    

Bu gün Azərbaycanın bütün yaş qrupları üzrə milisində “Xəzər Lənkəran” klubunun yetişdirdiyi yerli futbolçular təmsil olunur. Bu gənclərin həmin məqama çatması üçün illər ərzində vəsait xərclənib, zəhmət çəkilib.

Mübariz Mənsimov Azərbaycan futboluna ən çox pul xərcləyən, xaricdə qazandıqlarını bu yolda sərf edən iş adamıdı. Fəxri prezidenti olduğu “Xəzər Lənkəran”ın bu illər ərzində qazandığı uğurlar xərclənən pullara bəlkə də adekvat deyil. Mübariz Mənsimov zaman-zaman bu məsələyə görə mediada tənqid olunur. Necə deyərlər, yanan da o, yaman da... Elə mən özüm də klubun idarəçiliyindəki bəzi nöqsanlar barədə çox yazmışam, barışmadığım məqamları ictimailəşdirmişəm. Amma heç vaxt özünü mahir hesabdar kimi aparan, işi-gücü Mübariz Mənsimovun xaricdə qazandığı pulları saymaqdan ibarət olan bəzi həmkarlarımın dəsti-xəttini bəyənməmişəm. Neftimizdən gələn gəlirdən alman Berti Foqtsa gözümüzün qabağında milyonlar xərclənmədimi? Azərbaycan millisi, ümumiyyətlə, futbol təsərrüfatımız dövlətimizin ayırdığı qalaq-qalaq pulla adekvat vəziyyətdədirmi? Bu işə məsul şəxslərdən hesab soran varmı?


“Palmali” Şirkətlər Qrupunun ölkədə həyata keçirdiyi sosial layihələr təkcə futbolla yekunlaşmır. Yazının əvvəlində xatırlatdığım görüş zamanı Mübariz bəy dilə gətirdiyi arzuları demək olar ki, artıq həyata keçirib. Dövlətimizin cənub bölgəsinin sosial-iqtisadi inkişafına yönəlik işlərinə dəstəyini verib. Doğma kəndində orta məktəb tikib, yol çəkdirib, fermerlərə texnika bağışlayıb, Lənkəran Dövlət Dram Teatrının binasını təmir etdirib...

Yerli istehsalın inkişafına töhfə verən müəssisə açıb, yeni iş yerləri yaradıb. “Palsüd” brendini tanıda bilib. Bütün çətinliklərə rəğmən, müəssisənin ayaqda qalması, iş yerlərinin qapanmaması üçün addımlar atıb. İstanbuldan göndərdiyi pullarla zavodun kəm-kəsirini örtüb. Bu gün həmin zavodun məhsulları qonşu ölkələrə ixrac edilir.

Azərbaycanın görkəmli dövlət xadimlərinin, alim və yazıçılarının adını daşıyan “Palmali”yə məxsus gəmilər dünya sularında üzür. Ətrafımızda baş verən siyasi və iqtisadi böhran təbii ki, dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri sayılan “Palmali”dən də yan keçmir. Mübariz Mənsimov və Şirkətlər Qrupunun təmsilçiləri dəfələrlə bu barədə açıqlama versələr də, təəssüf ki, bəzi saytlar və qəzetlər “Palmali”nin müflis olması barədə yazmaqdan yorulmur. Uzun illər “Palmali”nin reklam payından bəhrələnən bəzi ciddi saytlar da qərəzli xəbər yayanlara ara-sıra dəstək verir. Daha bağda ərik yetişmirsə, bağbana salam verməmək də olar?

Xaricdə yaşayan və rəsmi milyonçu kimi tanınan neçə soydaşımız var? Yəqin ki, onları saymaq üçün bir əlin barmaqları yetər, ikinci ələ əziyyət verməyə belə ehtiyac qalmaz. Onların arasında Azərbaycanla bağlı ən çox iş görən Mübariz Mənsimovun müflis olacağı günü səbirsizliklə gözləməklə görən nə qazanacağıq? Redaksiyası hansısa məmurun qucağına sığan bəzi saytlar “Palmali” prezidentinə qarşı təbliğat aparmaqla nəyə nail olmaq istəyirlər? Özü də növbəti kampaniyaya niyə məhz indi start verilib? Axı “Palmali” bu günlərdə böyük bir tenderdə qalib gəlib, Türkmənistanın neft məhsulları “Palmali”yə məxsus tankerlərlə Gürcüstana daşınacaq və Mübariz Mənsimovun şirkəti Azərbaycanda qeyri-neft sektorunun inkişafına növbəti dəstəyini verəcək.

“Palmali”nin “Azəri Qarabağ” və “Çingiz Mustafayev” tankerləri artıq yola çıxıblar. Sizcə, it hürəndə gəmi dayanarmı?  

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü