Modern.az

BMT-nin yeni rəhbəri Qarabağ məsələsini qaldıra bilər

BMT-nin yeni rəhbəri Qarabağ məsələsini qaldıra bilər

14 Oktyabr 2016, 15:45

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi seçilib.

Bu, portuqaliyalı siyasətçi Antoniu Quttereşdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu postda qalacaq.

Qeyd edək ki, Quterreş 1995—2002-ci ildə Portuqaliyanın baş naziri işləyib. O bu vəzifədə olarkən, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammiti keçirilib. Bu sammitdə Ermənistan işğalçı dövlət kimi tanınıb.

Bəs BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhfə verə bilər?

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında deyib ki, Quterreş ilk olaraq münaqişəli ocaqlarda sülhün bərqərar olması çağırışı ilə çıxış edib.

 

“O, münaqişələrin aradan qaldırılması və sülhün möhkəmləndirilməsi təklifi ilə çıxış edib. Öz vəzifəsinin icrasına başlamasa da, verdiyi bəyanatlar diqqət çəkir”,-deyə ekspert bildirib.

 

Q. Hüseynlinin sözlərinə görə, Quterreş dünyadakı gərginliyin azaldılması, aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcək. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ BMT səviyyəsində müzakirəyə çıxarıla bilər:

“Quterreş Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətini pis bilmir. Lissabon sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədin qəbul edilməsində onun da rolu olub. Yəqin ki, BMT-dəki diplomatlarımızın, ümumiyyətlə xarici siyasət idarəsinin səyləri nəticəsində Qarabağ problemi BMT səviyyəsində müzakirəyə çıxarıla bilər.

 

Quterreş postsovet məkanındakı münaqişələrin aradan qaldırılmasına xüsusi əhəmiyyət verir. Çünki bu konfliktkər region, dünya üçün böyük problemlər yaradır”.

 

Aqşin KƏRİMOV


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı