Modern.az

Araz Əlizadə: “AXC rəhbərliyi SSRİ-nin 4-cü ordusunun silahlarını Çeçenistana satırdı”

Araz Əlizadə: “AXC rəhbərliyi SSRİ-nin 4-cü ordusunun silahlarını Çeçenistana satırdı”

3 Mart 2011, 15:04

“Ağdamda silah anbarını talan edən əhali BTR-ləri evlərinin həyətlərinə daşımışdılar”

20 il əvvəl Azərbaycan müstəqilliyə qovuşan zaman baş verən siyasi hadisələr o zaman Azərbaycanda yerləşən SSRİ-nin 4-cü ordusunun taleyindən də izsiz keçməyib.
1991-ci ildə SSRİ-nin Azərbaycanda yerləşən 4-cü ordusuna məxsus silahların taleyi ilə bağlı Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Modern.az –a bəzi təfərrüatları danışıb. O zaman Azərbaycan Ali Sovetinin deputatı olan Araz Əlizadə prezident Ayaz Mütəllibov tərəfindən yaradılmış Milli Müdafiə Şurasının üzvü kimi Rusiya ilə aparılan danışıqlarda Azərbaycanın rəsmi nümayəndəsi olub. 

Onun sözlərinə görə, Azərbaycanda yerləşən SSRİ-nin 4-cü ordusu miqyasına görə, ən böyük hərbi birləşmələrdən biri sayılıb. Aparılan danışıqların məğzi də bu ordunun Azərbaycanın tabeçiliyinə keçməsi olub. A.Əlizadə qeyd edib ki, Ermənistandakı 7-ci müdafiə ordusündan fərqli olaraq 4-cü ordu zərbə ordusu idi. Belə ki, əgər 3-cü dünya müharibəsi başlasa idi, o zaman 4-cü ordunun tərkibində 7 ordu yaratmaq mümkün imiş. Bununla yanaşı, bu ordu 48 saat müddətində İsrailə qədər çatmalı idi.

“Minskdə aparılan danışıqlarda Rusiyanı SSRİ-nin müdafiə naziri aviasiya marşalı Şapoşnikov təmsil edirdi. Onunla sənədi imzaladıq. Razılaşmaya görə, bütün 4-cü ordunun şəxsi heyəti və silahları Azərbaycanın tabeçiliyinə keçirdi. Bundan başqa danışıqlarda ən mühüm olanı Avropanın cinah sazişi ilə bağlı Azərbaycana düşən silahların sayında oldu. Belə ki, kvotaya əsasən Azərbaycana 418 tank, Ermənistana isə 70 tank verilirdi”-deyə A.Əlizadə bildirib. Saziş 1992-ci ilin yanvarın 1-dən qüvvəyə minməli idi.

Lakin Ali Sovetdə aktiv olan müxalifətçi Demokratik Blok sazişin ratifikasiya edilməsinə imkan verməyib. “Demblok” “rusların Azərbaycan üçün döyüşməsini istəmirik” deyərək bu sazişin əleyhinə çıxıb.    

Bununla da Azərbaycanda yerləşən SSRİ-nin 4-cü ordusunun taleyi açıq qalıb. Araz Əlizadənin sözlərinə görə, sonradan AXC hakimiyyətə gəldikdən sonra müdafiə naziri Rəhim Qazıyev Rusiyanın müdafiə naziri Qraçovla imzaladığı sənəddə bu balans ciddi şəkildə pozulub. Belə ki, Qraçovla əldə olunan razılığa əsasən, həm Azərbaycana, həm də Ermənistana bərabər sayda- 216 tank verilməsinə razılıq verilib.

Daha sonra o zamankı AXC rəhbərliyini silah satmaqda ittiham edən Araz Əlizadə bildirib ki, bu proses sistemli şəkildə bir sıra şəxslərin rəhbərliyi altında həyata keçirilirdi.
“4-cü ordunun slahlarını Gürcüstana, Çeçenistana daşıyıb satırdılar. Bu məsələdən AXC rəhbərliyinin və Rusiyanın da xəbəri var idi”-deyə ASDP rəsmisi vurğulayıb.

“Azərbaycanın guya silah azlığından əziyyət çəkməsi barədə deyilənlər kökündən yalandır. O zaman bizim kifayət qədər silahımız var idi. Hətta Ağdamda silah anbarını talan edən əhali BTR-ləri evlərinin həyətlərinə daşımışdılar”.

Araz Əlizadə keçmiş müdafiə naziri Rəhim Qazıyevə yönəli bir sıra itihamlar səsləndirib. Onun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyində hazırlanan əməliyyat planları Rəhim Qazıyev tərəfindən Rusiya müdafiə naziri Qraçova çatdırılırmış.

1991-ci ildə Prezident yanında yaradılmış Milli Müdafiə Şurasının tərkibinə müxalifətdən Etibar Məmmədov, Rəhim Qazıyev, Araz Əlizadə və Tahir Əliyev daxil olub. Şuraya prezident Ayaz Mütəllibov rəhbərlik edib. E. Məmmədov beynəlxalq əlaqələrə, Rəhim Qazıyev özünümüdafiə dəstələrinin kordinasiyasına, Tahir Əliyev daxili işlər orqanlarının əlaqələndirilməsinə, Araz Əlizadə isə siyasi danışıqların aparılmasına səlahiyyətli idi.

Müdafiə Şurası az vaxt ərzində silah istehalına da imkan tapıb. Belə ki Bakı zavodlarının birində Belçika tipli tapança-pulemyot istehsal olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir